"Azərbaycan və İran regionun çox mühüm iki aktorudur. Bu dost və qonşu ölkələrin əməkdaşlığı bütövlükdə regiondakı ümumi siyasi tərəfdaşlıq münasibətlərinə yeni keyfiyyət əlavə edir".
Məlumata görə, bu sözləri İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfərinin nəticələrinə münasibət bildirən millət vəkili Hikmət Babaoğlu bildirib.
H. Babaoğlu deyib ki, iki ölkə arasındakı münasibətlərin günü-gündən inkişaf etməsi hər iki ölkənin dövlətin strateji maraqları baxımından da son dərəcə vacibdir: "Çünki İran və Azərbaycanı sadəcə, dost və qardaş ölkələr deyil, regionun ortaq maraqlarını və mənafelərini müəyyənləşdirən aparıcı dövlətlərdir. Son dörd ildə İranla Azərbaycan arasında imzalanmış önəmli sənədlər ikitərəfli əlaqələrin hərtərəfli inkişafına böyük təkan verib. Hazırda İran-Azərbaycan münasibətləri öz inkişaf dövrünü yaşamaqdadır. Azərbaycan prezidenti İlham Əliyev də iki ölkə arasındakı münasibətləri yüksək qiymətləndirdi".
Millət vəkili hər iki ölkənin mühüm nəqliyyat-kommunikasiya coğrafiyası üzərində yerləşdiyini nəzərə çatdırıb: "Buna görə də hazırda iki ölkənin birgə səyi ilə Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması istiqamətində çox mühüm layihə həyata keçirilir. Bu nəqliyyat dəhlizinin mühüm həlqəsi olan Astara-Rəşt dəmir yolunun bir hissəsinin işə düşməsi ilə bağlı tarixi bir addım atıldı. Azərbaycan prezidenti bu münasibətləri qiymətləndirərkən qeyd etdi ki, İran və Azərbaycan arasında iki tarixi əhəmiyyətli müqavilə imzalandı. Bunlardan biri İranla Azərbaycan arasında Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu, digəri Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında saziş tarixi əhəmiyyət daşıyan sənədlərdir. Düşünürəm ki, doğurdan da bu sözlərdə böyük həqiqət var. Azərbaycan və İran Xəzərdə tarixi razılaşmalara imza atdı. Qitələri birləşdirəcək Astara-Rəşt dəmir yolu qısa müddət ərzində tikiləcək və bütün Avrasiya regionu üçün yeni imkanlar açılacaq. Azərbaycan okeana çıxışı olmayan ölkə olmasına baxmayaraq, bütün Avrasiya qitəsində nəqliyyat-kommunikasiya qovşağına çevrilməyi bacarıb. Bunlardan biri əgər Şərq-Qərb Nəqliyyat Dəhlizi adlandırdığımız İpək Yoludursa, digəri Şimal-Cənub Nəqliyyat Dəhlizi adlandırdığımız Norveçdən başlayaraq isti dənizlərə çıxan böyük nəqliyyat dəhlizidir. İki ölkə arasında münasibətlərin bu səviyyəsi həm də ondan xəbər verir ki, bu, tək nəqliyyat dəhlizi olmaqla qalmayacaq, dəhlizin ətrafında mühüm iqtisadi, mədəni və sosial infrastruktur formalaşacaq. Bu da əlavə iş yerləri olmaqla bərabər, həm iki ölkənin iqtisadiyyatının qarşılıqlı inteqrasiyasına gətirib çıxaracaq, həm də iki ölkə arasında əlaqələrin intensivləşməsinə səbəb olacaq".
H. Babaoğlu Azərbaycanın hazırda müxtəlif formatlarda yeni diplomatik münasibətlər qurduğunu xatırladıb: “Bu, Azərbaycan prezidentinin ideyasıdır. Bu sahədə üçtərəfli və dördtərəfli formatların həyata keçirilməsinin şahidi olduq. Əminəm ki, bundan sonrakı mərhələdə qurulan yeni nəqliyyat koridoru həmin formatlarda təmsil olunan qonşu və strateji tərəfdaş ölkələrlə də münasibətlərin inkişafına da yeni stimul gətirəcək. Digər tərəfdən, İran prezidenti səfər zamanı regional problemlərin həllinə də toxundu. Bir daha qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Düşünürəm ki, bu, mühüm mesajdır və qonşu dövlətin bu dəstəyi yüksək qiymətəndirilməlidir”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov APA-ya açıqlamasında deyib ki, İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri və keçirilən görüşlər zamanı iki ölkə arasında iqtisadi, ticarət əlaqələrinin genişləndirilməsinə ehtiyac olduğu vurğulanıb: “İranla Azərbaycan arasında ticarət dövriyyəsi hələlik tərəfləri qane etmir. Dövlət başçılarının görüşündə də qeyd edildiyi kimi, ticarət dövriyyəsinin artırılması əsas hədəflərdən biridir. Həm nəqliyyat, həm enerji, həm də qeyri-neft sektorunda geniş əməkdaşlıq imkanları var. İran prezidentinin Azərbaycana səfərinin ən mühüm məqamı Xəzərdə dondurulmuş və mübahisəli yataqların birgə işlənilməsi ilə bağlıdır. Xəzərin statusunun müəyyənləşdirilməməsi səbəbindən dənizdə Azərbaycan-İran sərhədindəki bir sıra yataqların işlənilməsində çətinliklər var idi. Tərəflər artıq yataqların birgə işlənilməsi barədə razılıq əldə etməklə hər iki dövlətə və xalqa fayda gətirməyə imkan verəcək bir yol tapdılar. Xəzərdə tarixi razılaşma İranla Azərbaycan arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəz olunmasını təmin edir. Azərbaycan tərəfi İran və Türkmənistana mübahisəli yataqların birgə işlənilməsi, əldə edilən gəlirin bərabər bölüşdürülməsi barədə təkliflər irəli sürmüşdü. Söhbət Xəzərin Azərbaycan-Türkmənistan və Azərbaycan-İran sektorlarının sərhədində yerləşən yataqlardan gedir. Bu yataqlar mübahisəli yataqlar kimi də qiymətləndirilir. Praktiki olaraq razılaşma mübahisəli yataqlar məsələsinə son qoydu. Bu, hər iki dövlətin və xalqın gəlirlər əldə etməsini təmin edəcək”.
İqtisadçı Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə bağlı görülən işləri də yüksək dəyərləndirib: “Şimal-Cənub Nəqliyyat Dəhlizi şimal ölkələrindən başlayaraq Hindistana qədər uzanan bir nəqliyyat dəhlizidir və böyük potensialı var. Azərbaycan və İran Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsidir. Bu nəqliyyat dəhlizi beynəlxalq yükdaşımaları artırmaq imkanına malikdir. Bu baxımdan xüsusən nəqliyyat sahəsində əməkdaşlıq tərəflərə beynəlxalq yükdaşımaların həcmini artırmağa, qeyri-neft sektorunu inkişaf etdirməyə imkan yaradacaq. Azərbaycanda qeyri-neft sektoruna inkişafına İrandan sərmayələrin cəlb edilməsi sahəsində artıq ilk addımlar atılıb. Azərbaycanda həm dərman, həm də avtomobil istehsalı sahəsinə İran sərmayələri qoyulub. Eyri zamanda, digər sahələrə də investisiyalar qoyulmağa başlanıb. Azərbaycanla İran arasında maliyyə və ban sektorları arasında əməkdaşlığın gücləndirilməsi də müzakirə olunan məsələlər sırasındadır. Bu sahədə iki tərəfdən də addımlar atılmağa başlanıb. Nəqliyyat, enerji, maliyyə, aqrar və digər sahələrdə əməkdaşlıqla bağlı addımlar atılır və son görüşdən sonra bu əməkdaşlığın genişlənəcəyi görünür .
V. Bayramov hesab edir ki, Xəzərlə bağlı razılaşma Türkmənistan üçün də örnək rolunu oynaya bilər: “Azərbaycan mübahisəli yataqlarla bağlı Türkmənistana da bu yataqların birgə istismarı barədə təkliflər ünvanlayıb. Azərbaycan və İran arasında əldə edilən razılaşma Türkmənistan üçün də yaxşı örnək ola bilər. Çünki yataqların istifadəsiz qalması fonunda tərəflərin hər ikisinin gəlir əldə etməsi daha vacibdir. Bu baxımdan gözlənilir ki, Aşqabad da müəyyən müddətdən sonra mübahisəli yataqların birgə işlənilməsi ilə bağlı razılıq verilsin. Son dövrlər Azərbaycan və Türkmənistan arasında bu sahədə danışıqlar da intensivləşib”./apa/