Milanda Luka Volontenin - `kürü diplomatiyasının` fiqurantının işi üzrə məhkəmə başlayıb
03.06.2019 478 0.0 0

Bu gün, İyunun 3-də yerli vaxtla saat 9-da Milanın Ədalət Sarayında Avropa Şurasının Hüquq məsələləri və insan hüquqları üzrə parlament komitəsinin keçmiş sədri Luka Volontenin işi üzrə məhkəmə prosesi başlayıb. O, Azərbaycan hakimiyyətindən digər AŞPA deputatlarını ələ almaq üçün böyük məbləğdə rüşvət almaqda ittiham olunur.

Qazeta.info Turan-ın məlumatına əsasən bildirir ki, məhkəmə prosesində ittiham tərəfindən ekspert kimi Azərbaycanın Aİ-dəki nümayəndəliyinin keçmiş rəhbəri, Avropa Şurasında daimi nümayəndə Arif Məmmədov iştirak edir.

Təhlükəsizlik məqsədilə o, İtaliya hüquq-mühafizə orqanları tərəfindən gücləndirilmiş mühafizə ilə təmin edilib. Ümumilikdə məhkəmənin, xüsusən Volontenin özünün ətrafında misli görünməmiş təhlükəsizlik tədbirləri görülüb.

İtaliyalı deputat Luka Volonte beynəlxalq "kürü diplomatiyası" qalmaqalının - beynəlxalq "Avropa sabitlik təşəbbüsü" QHT-nin araşdırmasının fiqurantıdır. O, Azərbaycandan 2,3 mln. avro almaqda, bu məbləği 2013-cü ilin yanvarında Azərbaycanda siyasi məhbuslar haqqında məruzənin qəbul edilməməsi məqsədilə bir sıra AŞPA deputatlarının cəlb edilməsinə yönəltməkdə ittiham olunur.

2016-cı ildə Milan Prokurorluğu Volonteyə qarşı ittiham irəli sürərək, araşdırmaya başlayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar