MİLLİ BANK 2015-Cİ İLİN HƏDƏFLƏRİNİ AÇIQLADI
31.01.2015 840 0.0 0

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin ölkənin makroiqitisadi sabitliyi və sosial-iqtisadi inkişafının dayanıqlığına dair qeyd etdiyi məsələləri önə çəkən E.Rüstəmov bildirdi ki, Möhkəm makroiqtisadi stabillik ölkəmizin yüksək rəqabət reytinqinin formalaşmasında həlledici rol oynayır. Belə ki, dünyanın ən mötəbər iqtisadi qurumu olan Davos Ümumdünya İqtisadi Forumu rəqabət qabiliyyətinə görə Azərbaycanı 38-ci yerə layiq görmüş və ölkəmiz bu reytinqdə bir pillə irəliləmişdir. Artıq bir neçə ildir ki, Azərbaycan makroiqtisadi stabillik səviyyəsinə görə 144 ölkə arasında bu reytinqdə birinci onluqdadır. O cümlədən, Azərbaycan dünyada inflyasiyanın ən aşağı olduğu ölkələrdən biridir.

Son 10 ildə milli iqtisadiyyatımızın qlobal iqtisadiyyata inteqrasiyası əhəmiyyətli dərinləşmişdir. Hazırda ÜDM-in təxminən 76%-ni təşkil edən, həcmi 54 mlrd. dollara çatan mal və xidmətlər üzrə xarici ticarət dövriyyəsi son 10 ildə 7 dəfə artmışdır. 2014-cü ildə tədiyə balansının cari hesabında 11 mlrd. dollardan çox profisit gözlənilir.

Ölkənin strateji valyuta ehtiyatları ÜDM-in 70%-nə çatır. Bu göstərici üzrə ölkə dünyada ilk iyirmilikdəki yerini qoruyur. Strateji ehtiyatlar xarici dövlət borcunu 8 dəfədən çox üstələyir və 3 illik əmtəə və xidmət idxalını örtür. Azərbaycanın beynəlxalq kreditor mövqeyi daha da güclənmişdir. Qiymətləndirmələrə görə ölkənin məcmu xarici aktivləri öhdəliklərini 2.7 dəfə üstələyir.

2014-cü ildə ölkədə ümumi iqtisadi artım 2.2% təşkil etmiş, iqtisadi artımın başlıca drayverinə çevrilmiş qeyri-neft sektoru 7% artmışdır. Ötən ildə son 10 ilin ən aşağı inflyasiyası müşahidə olnumuşdur. Əhalinin pul gəlirlərinin artımı inflyasiya tempini üstələmişdir. İnflyasiya cəmi 1.5% təşkil etmişdir ki, bu da ticarət tərəfdaşı ölkələrindəki orta inflyasiyadan əhəmiyyətli səviyyədə aşağıdır.

daha sonra bildirilib ki,  Qeyri-neft sektorunda investisiya fəallığının artmasına və faiz dərəcələrinin enməsinə şərait yaratmaq məqsədilə Mərkəzi Bank tərəfindən faiz dəhlizinin parametrləri və məcburi ehtiyat normaları endirilmişdir.2014-cü ildə bank sektorunun sabitliyi və dayanıqlığı təmin olunmuş, sektor aktiv olaraq iqtisadi artım və şaxələnmə proseslərini dəstəkləmişdir. Bankların kapitalizasiyası davam etdirilmişdir. Kapitalizasiya qərarının qəbulundan ötən dövr ərzində bankların məcmu kapitalı təxminən 2 dəfə artmışdır. Hazırda kapital adekvatlığı 8%-lik beynəlxalq normaya qarşı 19% təşkil edir.

Bank aktivlərinin keyfiyyət göstəriciləri qənaətbəxş səviyyədədir. 2014-cü ildə bank sektorunun aktivləri 21% artmışdır. Bank kreditləri 18%, o cümlədən uzunmüddətli kreditlər 19% artmışdır. 2014-cü ildə biznes kreditləşməsinin genişlənməsi davam etmişdir. Biznes kreditlərinin cəmi kredit portfelində xüsusi çəkisi 73% olmuşdur. Biznes kreditləri 18%, o cümlədən, sənayeyə 36% artmışdır. Regionlara kredit qoyuluşlarında isə 39% artım olmuşdur.

2014-cü ildə yüksək maliyyə risklərinin qarşısını almaq üçün istehlak kreditləşməsinin artımı Mərkəzi Bank tərəfindən tənzimlənmişdir. Nəticədə, istehlak kreditlərinin artım tempi ötən illə müqayisədə 1.9 dəfə azalaraq 19%-ə, ipoteka kreditləri istisna olmaqla isə 13%-ə enmişdir. Avtomobil kreditlərinin mütləq həcmi 31% azalmışdır.

2014-cü ildə faiz dərəcələrinin azalması prosesi davam etmişdir. Son illərdə kreditlər üzrə orta faiz dərəcələri 18%-dən hazırda 14%-ə, o cümlədən biznes kreditləri üzrə 10%-ə düşmüşdür.

2014-cü ildə də ölkədə ödəniş infrastrukturunun inkişafı davam etmişdir. Son 10 ildə elektron hesablaşmaların həcmi 15 dəfə artaraq ÜDM-in 2 mislini təşkil edir. Plastik kartların sayı artıq 5.9 milyon ədədə çatır. Son 7 ildə kartlarla əməliyyatların həcmi 2.5 dəfə artmışdır. POS-terminalların sayı təkcə ötən il ərzində 2 dəfədən çox artmışdır. Elektron bankçılıq xidmətləri də sürətlə inkişaf edir.

 

İclasda aparılan müzakirələrdə həmçinin qeyd edildi ki, Mərkəzi Bankın valyuta ehtiyatları hesabat ilinin sonunda 13,8 mlrd. ABŞ dolları təşkil etmişdir. Dəyişkən xarici mühit nəzərə alınmaqla valyuta ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi daim Mərkəzi Bankın diqqət mərkəzində olmuşdur. Dünyada aşağı gəlirlilik şəraitində ehtiyatların valyuta və coğrafi diversifikasiyasının genişləndirilməsi Mərkəzi Bankın valyuta ehtiyatlarının idarə edilməsində başlıca istiqamət seçilmişdir. Bu məqsədlə ilk dəfə olaraq Asiya investisiya portfelinin yaradılması istiqamətində tədbirlərin görülməsinə başlanmışdır.

 

İclasda həmçinin Azərbaycan İpoteka Fondunun, Maliyyə Monitorinqi Xidmətinin, eləcə də Mərkəzi Bankın ərazi idarələri və regional mərkəzlərinin fəaliyyəti ilə bağlı da müzakirələr aparıldı, qarşıya qoyulan vəzifələr bir daha dəqiqləşdirildi.

Ümumilikdə iclasa yekun vuraraq 2014-cü ilin nəticələrini müsbət qiymətləndirən E.Rüstəmov 2015-ci il üçün Mərkəzi Bankın qarşısında duran başlıca vəzifələrə diqqəti çəkdi. O bildirdi ki, ölkədə iqtisadi inkişafın dayanıqlığının qorunmasında aktiv iştirak edən dövlət institutu kimi Mərkəzi Bank 2015-ci ildə də qarşıya qoyulan vəzifələrin, xüsusilə də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezidentin qeyd etdiyi sosial-iqrtisadi inkişaf hədəflərinin realizasiyasında fəal iştirak edəcək, iqtisadiyyatın şaxələnməsi, o cümlədən qeyri-neft iqtisadiyyatının sürətli inkişafı üçün zəruri monetar dəstəyini verəcəkdir.

2015-ci ildə Mərkəzi Bankın əsas vəzifəsi makroiqtisadi sabitliyin qorunmasına aktiv dəstək verməkdir. Belə ki, makroiqtisadi sabitliyin qorunması bütövlükdə iqtisadi inkişafın davam etdirilməsinin, əhalinin sosial müdafiəsinin təmin olunmasının əsas amilidir. Bununla bağlı Mərkəzi Bank iqtisadi inkişafa dəstək məqsədilə pul siyasətinin imkanlarından, xüsusilə monetar yumşaltma alətlərindən istifadə edəcəkdir.

2015-cü ildə bank sektorunda maliyyə sabitliyinin qorunması da qarşıda duran strateji vəzifələrdən biridir. Bunun üçün bank sektorunda immunizasiya tədbirləri davam etdiriləcək, risklər çevik tənzimlənəcəkdir. Biznesin uzunmüddətli kredit əldə etməsi imkanlarını artırılması təşviq olunacaqdır. Real sektorun maliyyə hesabatlığı, kreditorların hüquqlarının effektiv qorunması biznes kreditlərinin artmasında mühüm rol oynayacaq. Faiz dərəcələrinin aşağı salınması istiqamətində tədbirlər davam etdiriləcəkdir. Bu baxımdan uzunmüddətli resursların bank sektoruna cəlb olunmasının stimullaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bank resurslarının dəyərinin azalması, korporativ müştərilərin effektivliyi, nağdsız hesablaşmaların genişlənməsi faiz dərəcələrinə əhəmiyyətli təsir edir. Mərkəzi Bank 2015-ci ildə də bu sahədə zəruri tədbirlər həyata keçirəcək, aidiyyatı qurumlarla birgə iş aparacaqdır.

2015-ci ildə milli ödəniş sisteminin təhlükəsizliyi, texnoloji müstəqilliyi gücləndiriləcək, yerli plastik kart bazarı inkişaf etdiriləcək, hökumət ödəniş portalının istifadəsi miqyası genişləndiriləcəkdir.

Çıxışının sonunda E.Rüstəmov yeni strateji dövr üçün başlıca prioritetlərin tezliklə müəyyən olunacağını xüsusi qeyd etdi. Yeni strateji hədəflərin reallaşmasında Mərkəzi Bankda insan kapitalının, tədqiqat və analitik bazasının, idarəetmə proseslərinin daha da müasirləşməsi və inkişafının vacib rol oynayacağını bildirdi.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar