Mehriban Əliyeva: Təəssüf ki, müasir dünyada ksenofobiya, radikalizm, terrorizm kimi proseslərin güclənməsini görürük
23.09.2016 477 0.0 0

"Təəssüf ki, müasir dünyada ksenofobiya, radikalizm, terrorizm kimi proseslərin güclənməsini görürük. Hesab edirəm ki, məhz humanitar, mədəniyyətlərarası əlaqələr, başqa mədəniyyətin qavranılması, anlamaq, dərk etmək, kömək etmək cəhdi bütün bu cür mənfi hallara qarşı mübarizədə çox vacib silahdır".
Məlumata görə, bunu Bolqarıstanın Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun açılış mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva deyib.
"Bizim ölkəmiz Azərbaycan Avropa ilə Asiya arasında, sivilizasiyaların qovuşuğunda yerləşir. Təbii ki, minilliklərlə ölçülən tarix onun mədəni müxtəlifliyində çox böyük rol oynayıb, iz qoyub. Minilliklər boyu bizim ölkəmizin ərazisində müxtəlif millətlərdən, müxtəlif dinlərdən olan insanlar yaşayıb və həmişə sülh və dostluq şəraitində yaşayıb.
Azərbaycanda heç vaxt konfessiyalararası və ya millətlərarası zəmində problemlər olmayıb. Bu gün biz müasir müstəqil Azərbaycanda hökm sürən tolerantlıq, dözümlülük, qarşılıqlı hörmət şəraiti ilə fəxr edirik. Biz müsəlman ölkəsi olmaqla ənənələrimizə, dinimizə, mədəniyyətimizə hörmət edirik. Lakin bununla bərabər biz dünyanın bütün mədəni müxtəlifliyinə eyni dərəcədə hörmətlə yanaşırıq", - deyə birinci xanım bildirib.
O qeyd edib ki, Heydər Əliyev Fondu məhz dünyanın mədəni müxtəlifliyi, tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq təkcə Azərbaycanda deyil, bütün dünyada mədəni irsin dəstəklənməsi üzrə layihələr həyata keçirir:
"Fondun dəstəyi ilə Versal sarayındakı heykəllər bərpa olunub. Biz Strasburq kilsəsinin bərpasında iştirak etmişik. Romadakı Kapitoliya muzeyində “Filosoflar zalı” bərpa edilib. Biz Vatikan muzeylərindəki nadir əlyazmaları bərpa edirik. Azərbaycan yeganə müsəlman ölkəsidir ki, ən qiymətli xristian relikviyalarından birinin – Vatikandakı Müqəddəs Marçellino və Pyetro katakombalarının bərpası üzrə böyük bir layihəni həyata keçirib".
Mehriban Əliyeva hazırda dünyada ksenofobiya, radikalizm, terrorizm kimi proseslərin güclənməsindən təəssüf hissi keçirdiyini bildirib:
"Təəssüf ki, müasir dünyada ksenofobiya, radikalizm, terrorizm kimi proseslərin güclənməsini görürük. Hesab edirəm ki, məhz humanitar, mədəniyyətlərarası əlaqələr, başqa mədəniyyətin qavranılması, anlamaq, dərk etmək, kömək etmək cəhdi bütün bu cür mənfi hallara qarşı mübarizədə çox vacib silahdır. Mən çox şadam ki, layihələrimizdən biri bizə dost ölkədə - Bolqarıstanda həyata keçirilib. Azərbaycan ilə Bolqarıstan arasında qarşılıqlı hörmətə, qarşılıqlı marağa əsaslanan çox möhkəm əlaqələr var. Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu münasibətlərin bütün səviyyələrdə inkişafı prosesi gedir. Əminəm ki, bizim bugünkü layihə də Azərbaycan-Bolqarıstan ikitərəfli münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək"./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar