Maşın bazarında mağazaları yanan sahibkarlara təzminat ödənilməyəcək. Məlumata görə, bazarda olan mağazalar sığortalanmayıb. Burada mağazası olan Niyaməddin Hacıyev müsahibəsində bildirib ki, ona yanğın zamanı 200 min manat ziyan dəyib. Buradakı satıcılar hadisə ilə bağlı bazar əməkdaşlarından şikayətlənirlər. “Texniki təhlükəsizlik qaydaları pozulurdu. 45-50 mağaza yanıb. Texniki qaydalara riayət olunmadığına görə buranı heç sığortalamayıblar”.
Zərərçəkənlər onlara kompensasiya ödənilməsini tələb edirlər.
Ərazidə mağazalara dəyən ziyanın miqdarının dəqiqləşdirilməsi istiqamətində işlər aparılır.
Hazırda bazarın girişində Xətai Rayon Polis İdarəsinin əməkdaşları post qurublar, əraziyə heç kim buraxılmır.
İlkin ehtimala görə yanğına qısa elektrik qapanması səbəb olub. Lakin satıcılar iddia edirlər ki, axşam saat 20:00-da bazarda işıqlar söndürülüb və hadisənin məhz bu səbəbdən baş verməsinə inanmadıqlarını bildirirlər.
Maşın bazarında yanğın ötən gün axşam saatlarında qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən veril'n məlumata görə, Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 3000 kv.m olan avtomobil ehtiyyat hissələri satışı bazarında mağazaların, piştaxtaların yanar konstruksiyaları və içərisində olan müxtəlif boyalar və avtomobil ehtiyat hissələri 930 kv.m sahəsi yanıb. Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb./anspress/




