Masallı rayon icra başçısı jurnalistə qarşı iddia qaldırıb
12.06.2019 549 0.0 0

Bu gün Masallı rayon məhkəməsində rayonun icra başçısı Rafil Hüseynovun 7gun.az saytının rəhbəri Cavid Şirəliyevə qarşı iddiası üzrə hazırlıq iclası keçirilib.

Qazeta.info Turan-a istinadla bildirir ki, iclasın əvvəlində hakim Habil Bəhmənov urnalistin məhkəməyə etirazına baxıb və onu təmin etməyib.

"Mən işə Masallı rayon məhkəməsində baxılmasının əleyhinəyəm. Reallıq budur ki, rayon administrasiya başçılarının yerli məhkəmə-hüquq-mühafizə orqanlarının rəhbərlərinə təsiri olur", deyə Şirəliyev bildirib.

İddiaçının nümayəndələri iclasda iştirak etməyib. Növbəti iclas 13 iyul 2019-cu il tarixinə təyin edilib.

İddiaçı hesab edir ki, Şirəliyev onun şərəf və ləyaqətini təhqir edib və işgüzar nüfuzuna xələl gətirib, buna görə onun 3 min manat ölçüsündə cərimə olunmasını tələb edir.

Şirəliyevin sözlərinə görə, iddianın verilməsinə onun öz saytında və facebook-da Masallı rayonunda rüşvətxorluq, korrupsiya, sosial problemlər, işsizlik haqqında bir sıra məqalələr dərc etməsi səbəb olub.

Jurnalistin fikrincə, nəşrlərdə rüşvətxorluq və korrupsiyanın rayon icra başçısının rəhbərliyi altında baş verdiyinin qeyd edilməsi onun iradına səbəb olub.

Bundan başqa, Şirəliyevin sözlərinə görə, o, rayon icra başçısının insan tələfatı il nəticələnən YNH törədən oğlunun məsuliyyətə cəlb edilmədiyini yazıb. Jurnalist konkret fakt və dəlillərə əsaslandığını bildirir və məhkəmədə haqlı olduğunu sübut etmək niyyətindədir.

Rayon icra başçısından şərh almaq mümkün olmayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar