Maqsud Mahmudov məhkəmədə növbəti dəfə söyüş söydü, hakim xəbərdarlıq etdi
13.04.2022 316 0.0 0

Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrlik etdiyi prosesdə hakim bildirib ki, ötən prosesdə zərərçəkmiş və təqsirləndirilən şəxs arasında mübahisə baş verdiyindən proses təxirə salınıb. O, məhkəmə iştirakçılarına bildirib ki, prosesdə iştirak edən şəxslər etik normalara riayət etməlidirlər.

Prosesdə ifadə verən zərərçəkmiş Rasim Bayramov bildirib ki, lombarda qoyduğu qızılların qiyməti 850 min manatlıq dəyəri var: "Maqsud həmin malları banka qoyub pul götürüb. 2 aydan çoxdur ki, gəlib-gedirəm, nəticə yoxdur. Mənim malımı bankdan götürüb qaytarsın".

Zərərçəkmiş Qeyd edib ki, Maqsud Mahmudovu 1983-cü ildən tanıyıb: "Hamımız bilirik ki, onun imkanı var. O istəsə, bir evini, ya bir obyektini satsa, hamımızın pulunu qaytarar. Mən pul istəmirəm, mallarımı versin. Mən Maqsuda qızılla yanaşı, başqa mallar da vermişəm. Gəlib pul istəyib, etiraz etməmişəm, vermişəm. Maqsud ara adamıdır, amma yaxşı adam kimi tanımamışam. Ziyalı olmasa da, etibarlı adamdır. Oğlumun boynundan qızıl sepini, atamın qızıl üzüyünü çıxarıb vermişəm ona. İş yerimdə oturmuşdum, Maqsud gəldi ki, məni öldürürlər, təcili mal ver. Mən də 10 ədəd qızıl saat, oğlumun qızıl sepini, atamın qızıl saatını və üzüyünü yığıb verdim ona. Bilirdim ki, mənim mallarımı harasa qoyub pul götürəcək. Amma inanmazdım ki, Maqsud mənə atar. Dedi ki, sənə əvəzində Nərimanov prospektində ev verəcəm. Amma heç nə vermədi. 20 gün gəldim-getdim Maqsudun yanına, sonra eşitdim ki, qaçıb".

Maqsud Mahmudov isə bildirib ki, həmin malların əvəzində ona 106 min manat ödəyib.

"2020-ci ildə Ukraynada olanda qardaşım oğlu ilə antik əşyalar göndərmişdin ki, satım pulu göndərim. Əgər mən adam aldatmışdımsa, niyə mənə antik mal göndərmisən? O malı da yoxladılar ki, antik deyil. Əgər mən dələduz idimsə, niyə mənə mal göndərirdin?", - təqsirləndirilən şəxs deyib.

M.Mahmudov əlavə edib ki, Rasimə heç bir bank pul verməyib: "Rasimin əşyalarını girov qoyub pul götürərək özübə vermişəm. Dəfələrlə lombarddan zəng vurublar ki, gətir pulunu ödə, Rasim gəlmirdi. Ödəmədiyi üçün mallar batdı".

Zərərçəkmiş deyib ki, o satmaq üçün Ukraynaya heç bir mal göndərməyib. Bildirib ki, Maqsud Mahmudova verdiyi antik əşyalar onun yeznəsinin evindədir: "Mənim antik əşyalarım onun yeznəsinin, bacısının evindədir. Bacısı, yeznəsi gəlsin məhkəməyə. Onlar həmin əşyaların yerini bilirlər".

M.Mahmudov prosesdə növbəti dəfə qalmaqal yaradıb. O, zərərçəkmiş şəxsi təhqir edərək söyüş söyüb. Hakim Maqsud Mahmudova növbəti xəbərdarlıq edib.

 

 

Zərərçəkmiş Rasim Bayramov Maqsud Mahmudovdan pul almağın çətin olduğunu deyib: “Maqsuddan pul almaq olar, cənab hakim? O, heç kimə pul verməz. Mənə Ukraynadan zəng elədi, dedi ki, filan mağazaya vaza qoymuşam, yaxşı qiymət qoy. Vazalara baxıb gördüm ki, satış qiyməti 200 manatdır. Mən də üzərinə 1200 manat pul qoydum ki, satılsın. Bir neçə gün sonra həmin malları mənə gətirib dedi ki, bunları götür, mənim borcumu çıx”.

Zərərçəkmiş İlham Kərimov isə dedi ki, Maqsud ona 57 600 dollar ziyan vurub: “Maqsud mənə zəng eləyib dedi ki, biri 3000 manata olan vazalar var, onu sat. Mən də gedib gördüm ki, o vazalar 200 manatdır. Dedim ki, Maqsud, bunları qəbul eləmirəm. Mən malları ötürdüm Rasimə. Rasim yuxarı qiymətlər qoyub satacaqdı. Amma Maqsud onları qaytardı Rasimə ki, borcundan çıxsın. Maqsudun məqsədi o idi ki, hamımızı batırsın”.

Təqsirləndirilən şəxs vurğulayıb ki, 2019-a qədər bunlar niyə şikayət etmirdilər?

Zərərçəkmiş İlham Kərimov isə şikayət etdiyini deyib.

Proses aprelin 20-də davam edəcək.

Qeyd edək ki, M.Mahmudova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) , 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar