Manatın taleyi ilə bağlı yeni xəbər
22.01.2016 2047 0.0 0

5-6 aya manatın məzənnəsində sabitləşmə baş verəcək. Bu barədə “3-cü baxış” beyin mərkəzinin rəhbəri Rauf Rəcəbov bildirib. 

Ekspertin dediyindən belə başa düşülür ki, Azərbaycan Mərkəzi Bankı indən belə manatın məzənnəsinə qarışmayacaq, yəni kəskin devalvasiya baş verməyəcək və qiymət dəyişmələri kommersiya banklarının apardığı valyuta-alqı satqısı nəticəsində baş verəcək: 

“Mərkəzi Bank tərəfindən həyata keçirilən devalvasiya texniki devalvasiyadır. Amma kommersiya banklarına da üzən məzənnə ilə valyuta alqı-satqısına icazə verilib. Buna görə də manatın məzənnəsində dəyişmə 5-6 ay da davam edəcək və sonra sabitləşmə baş verəcək. Düzdür, manat bu müddət ərzində bir qədər də ucuzlaşacaq, amma bu kəskin devalvasiya nəticəsində deyil, üzən məzənnə prosesində baş verəcək”. 

Rauf Rəcəbovun fikrincə, hökumətin atdığı bir çox addımlar manatın sabitləşməsinə imkan yaradacaq. O, belə tədbirlərdən biri kimi malların gömrük nəzarətindən keçidinə tətbiq edilən sadələşdirməni göstərib: “İdxal və ixrac əməliyyatları zamanı mallar sərhədi sürətlə keçməlidir. Bu, ixrac etdiyimiz malları və uyğun olaraq ölkənin neftdən kənar valyuta gəlirlərini artıracaq”. 

Ekspert bildirir ki, müəyyən müddətdən sonna əhalidəki valyuta ajiotajı da keçib gedəcək: “Adamlar anlayacaq ki, cari xərcləmələr üçün evdə olan beş-altı yüz manatı dollara dəyişib saxlamağa ehtiyac yoxdur. Yəni valyuta yalnız xaricdən mal idxal edən iş adamlarına lazım olacaq”.

Beləliklə, dünya bazarında neftin qiymətinin aşağı düşməsinin Azərbaycan manatına təzyiqi bir neçə aydan sonra zəifləyəcək. Bu fikir maliyyə bazarlarının analitik tədqiqatı ilə məşğul olan “Standard & Poor’s” (S&P) (Amerika) şirkətinin bu günlərdə açıqladığı hesabatda vurğulanır. S&P-nin məlumatına görə, 2015-ci ildə Azərbaycanın ümumi daxili məhsulu (ÜDM real ifadədə 2,5% artıb. S&P Azərbaycanın ÜDM-nin bu ilki taleyi barədə də müsbət proqnoz açıqlayıb. Şirkətin fikrincə, 2016-cı ildə Azərbacanın ÜDM-i 2% artacaq. 

Amma analitik tədqiqat şirkətinin digər MDB ölkələri üçün proqnozları elə də ürəkaçan olmayıb. S&P analitiklərinin fikrincə, Rusiya və Azərbaycanla yanaşı MDB ölkələri içərisində ən yüksək reytinqə malik Qazaxıstanın göstəriciləri nisbətən aşağı olacaq. Qazaxıstan ÜDM-nin 2015-ci il üçün artımı S&P-nin versiyasına görə, 1% olub və 2016-cı il üçünsə 1,8% olacaq. 

Rusiyanın ən yaxın tərəfdaşı Belarus üçün isə S&P həm 2015-ci il, həm də 2016-cı il üzrə mənfi göstəricilər təqdim edib. Analitika şirkətinin fikrincə, keçən il Belarusun ÜDM-i real ifadədə 3,9% azalıb, bu ilsə 1% azalacaq. "Standard & Poor’s" bu azalmanı Belarusun əsas satış bazarı olan Rusiyada neft qiymətlərinin düşməsindən sonra yaşanan böhranla əlaqələndirib. Böhran nəticəsində Belarusda istehsal edilən xalq istehlak mallarına Rusiyada tələb azalıb.

Bir sıra MDB ölkələrində ÜDM-in dinamikası (%-lə)

 

Mənbə: S&P və BVF 

 

Beynəlxalq Valyuta Fondu (BVF) isə Rusiya üçün bədbin göstəricilər səsləndirib. BVF-nin proqnozlarına görə, 2016-cı ildə Rusiyanın ümumi daxili məhsulu (ÜDM) 1% azalacaq. Bununla da BVF bu ölkə üçün oktyabr ayında verdiyi proqnozu bir xeyli pisləşdirib. Oktyabrda BVF Rusiya üçün iqtisadi azalmanı 0,6% səviyyəsində proqnozlaşdırmışdı. Qurumun ekspertlərinin fikrincə, Rusiya iqtisadiyyatı neftin qiymətinin düşməsi və qərbin sanksiyaları üzündən ressesiyada çabalamaqda davam edəcək. 

Əlbəttə, BVF-nin bu xəbəri Kreml üçün ilk bədbin yenilik deyil. Fondun qiymətləndirməsinə görə, Rusiya 2015-ci ili ÜDM-in 3,7% azalması ilə başa vurub. 

Amma ümumi mənzərəyə baxdıqda MDB məkanında Belarus və Rusiyanın neftin qiymətinin düşməsi üzündən iqtisadi problemlərlə üzləşəcək tək ölkələr olmayacağı aydın olur. Əhalisinin dolanışığı Rusiyadan gələn pul köçürmələri hesabına təmin edilən keçmiş sovet respuğlikalarında vəziyyət nisbətən pisləşəcək. 

Rusiya Ali İqtisad Məktəbinin «İnkişaf mərkəzi» institutunun aparıcı eksperti Sergey Puxovun fikrincə, neftin qiymətinin aşağı düşməsi üzündən Rusiyada yaşanan böhran ən çox əmək miqrantları hesabına yaşayan MDB ölkələrinə təsir göstərəcək. Dünya Bankının (DB) 2013-cü il üzrə yaydığı məlumatlardan görünür ki, bu sahədə ən ağır vəziyyət Tacikistanda və Ermənistanındadır. DB-nin məlumatına görə, Rusiyadan əmək miqrantları tərəfindən göndərilən vəsaitlər Tacikistan ÜDM-nin 49%-ni təşkil edir. Ermənistan ÜDM-nin isə 21%-i Rusiyadan əmək miqrantları tərəfindən göndərilir. 

 


Sergey Puxov - Rusiya Ali İqtisad Məktəbinin aparıcı eksperti 

 

Göründüyü kimi, Azərbaycan bu cür amillərdən asılı deyil və bir neçə ay ərzində neftin qiyməti hazırkı qiymətlər ətrafında sabitləşəcək. Bununla da Azərbaycanda kəskin devalvasiya riski ortadan qalxacaq. Əslində, hökumət məcburi bərqərar olmuş üzən məzənnə rejimindən uğurla istifadə edə bilər və prosesləri ölkə iqtisadiyyatının neftdən kənar bölməsinin inkişafına yönəldə bilər. 

Üzən məzənnə Azərbaycan iqtisadiyyatını son on il üçün əsas problemə çevrilmiş idxal rejimindən xilas edə bilər. Yəni iri maliyyə imkanına malik şirkətlər hər hansı məhsulu xaricdən gətirib satmaqdansa, onun ölkə daxilində istehsalına üstünlük verəcəklər. Çünki üzən məzənnə rejimində məzənnə fərqi adətən ticarət marjasını yeyir və şirkətlər mal idxalını zərərlə başa vururlar./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar