Magistraturaya qəbul olmaq istəyən Bakalavrların nəzərinə!
18.03.2015 696 0.0 0

Qazeta.info Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadla xəbər verir ki, 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının 22 fevral 2015 ci il tarixində keçirilmiş birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq istəyirlərsə, 2015-ci ilin mart ayının 19-dan 29-dək TQDK nın internet saytında müvafiq səhifədə (https://eservices.tqdk.gov.az/erizemag/jurnalistikaanket/?frm=egov) jurnalistika üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidirlər. 

 
Anketin bütün bəndləri Azərbaycan dilində, yığcam şəkildə doldurulmalıdır. Anketi doldurmaqla qeydiyyatdan keçən bakalavrlar TQDK tərəfindən elan edilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər. 

Bakalavr qabiliyyət imtahanına gələrkən özü ilə aşağıdakı sənədləri gətirməlidir: 
1. şəxsiyyətini təsdiq edən sənəd; 
2. “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”.

Bunlarla yanaşı, bakalavr qabiliyyət imtahanına gələrkən dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) da qovluqda Qabiliyyət imtahanı komissiyasına təqdim etməlidir. Dövri mətbuatda, radio və televiziyada, internet KİV‑lərdə yayımlanmış jurnalistika üzrə yazıları (çıxışları) olmayan bakalavrlar da sorğu anketini dolduraraq qeydiyyatdan keçməklə qabiliyyət imtahanında iştirak edə bilərlər.

Qabiliyyət imtahanında hər bir bakalavra təxminən 30 dəqiqə vaxt ayrılır. Hər bir bakalavr bilet çəkməklə komissiya qarşısında cavab verir. Redaksiya tapşırığı yazılı formada yerinə yetirilir. 
 
Hər bir biletin quruluşu təxminən aşağıdakı kimidir: 
1. Bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarına baxış və onların təhlili, şıfahi müsahibə; 
2. Bakalavrın ona imtahanda təqdim edilən mətbuat materialını təhlil etməsi; 
3. İmtahanda verilmiş redaksiya tapşırığının bakalavr tərəfindən yerinə yetirilməsi. 
İmtahanda hər bir bakalavrın cavabları müvafiq şəkildə protokollaşdırılır.

Qabiliyyət imtahanının qısa təsviri aşağıda verilir: 
1. Bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarına baxış və onların təhlili. Bu zaman, xüsusilə belə yazıları az olan və ya heç olmayan hər hansı bakalavr imtahan verərkən komissiya üzvləri onun ümumi dünyagörüş səviyyəsini, dünyada və ölkəmizdə cərəyan edən hadisələrdən və ictimai-siyasi proseslərdən xəbərdar olub-olmamasını, jurnalistikaya marağını, motivasiyasını, KİV-lərlə tanışlığını, jurnalistikanın cəmiyyətdə rolunu başa düşməsini, jurnalistin peşə etikası qaydalarına bələdliyini və s. müəyyənləşdirmək məqsədi ilə təqdim edilmiş ədəbiyyat (mənbələr) çərçivəsində ona müvafiq suallar verə bilərlər; 

 
2. Bakalavrın ona imtahanda təqdim edilən mətbuat materialını təhlil etməsi;
Qabiliyyət imtahanı zamanı təqdim edilən materialı təhlil edərkən bakalavr aşağıdakı suallara cavab verməyə çalışmalıdır: 
• Təqdim edilmiş materialın əsas ideyası nədir? 
• Mövzu nə dərəcədə açılmışdır? 
• Jurnalist material vasitəsi ilə oxucuya hansı fikri çatdırmaq istəyir? 
• Materialı hazırlayarkən müəllif hansı informasiya mənbələrindən istifadə etmişdir? 
• Materialın quruluşu və forması necədir? 
• Verilmiş material jurnalistikanın hansı janrına aiddir? 
• Verilmiş materialda hansı dəyişikliklər, düzəlişlər edərdiniz? 
Qeyd: Təhlil üçün materiallar tədris bölmələrinə müvafiq olaraq Azərbaycan və rus dillərində təqdm olunur.

3. İmtahanda verilmiş redaksiya tapşırığının bakalavr tərəfindən yazılı yerinə yetirilməsi.

Məsələn, Olimpiya yarışlarında qalib gəlmiş idmançı, ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək bal toplamış və universitetə qəbul olunmuş abituriyent, əmək nailiyyətlərinə görə orden və ya medalla təltif edilmiş fəhlə, oğlu Vətən uğrunda şəhid olmuş ana, hüquq-mühafizə orqanının məsul işçisi, “Əməkdar müəllim” adına layiq görülmüş orta məktəb müəllimi, görkəmli alim, tanınmış yazıçı, məşhur sənət adamı və digər şəxslər haqqında yazı hazırlamaq lazımdır. Bunun üçün hansı mənbələrdən istifadə edər, kimlərdən müsahibə alar, müsahibə götürərkən onlara hansı suallarla müraciət edərdiniz? Müsahibənizi harada götürər və hazırladığınız materialı hansı formada və ardıcıllıqla qurardınız? 

Bakalavrın biletin hər bir bəndi üzrə cavabları 5 ballıq şkala üzrə qiymətləndirilir (3 bənd üzrə maksimum bal: 15). Bilet üzrə ümumilikdə 8 və daha çox bal toplamış bakalavrlar imtahandan “məqbul” qiymət almış hesab edilirlər və imtahanın ikinci mərhələsində 44 saylı jurnalistika proqramı üzrə imtahan verərək inşa (esse) yazırlar. Bu bakalavrlardan mərhələ üzrə və ümumi müsabiqə şərtini ödəyənlər ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə ixtisaslaşmaları seçə bilərlər.
 
 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar