Mətbuat Şurasında İranın Azərbaycandakı səfiri və İRNA-nın icraçı direktoru ilə görüşü keçirilib
17.11.2016 533 0.0 0

Bu gün Azərbaycan Mətbuat Şurasında media rəhbərlərinin İranın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə və İRNA xəbər agentliyinin icraçı direktoru Məhəmməd Xoddadi ilə görüş keçirilib.
 
Məlumata görə, Mətbuat Şurasının (MŞ) sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan və İran arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Bu yaxınlığın media sahəsinə daha çox sirayət etməsinin vacibliyindən söz açan MŞ sədri bildirib ki, qarşılıqlı əməkdaşlıq üçün kifayət qədər münbit zəmin var. Fikrini əsaslandıran Ə. Amaşov rəhbərlik etdiyi qurumla İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasında bu il noyabrın 9-da imzalanmış memoranduma diqqət çəkib: “Sənədin İranın və Azərbaycanın kütləvi informasiya vasitələri, ümumən hər iki ölkənin media cameəsi arasında münasibətlərin yeni dinamikasını müəyyənləşdirəcəyinə tam əminəm. 10 maddədən ibarət olan memorandum media orqanlarımızı qarşılıqlı əməkdaşlıq qurmağa və onu möhkəmləndirməyə, xəbərlər, şəkillər, hesabatlar və s. daxil olmaqla öz məhsullarının qarşılıqlı mübadiləsini həyata keçirməyə təşviq edir. Sənəddə informasiya nümayəndəliklərinin fəaliyyətə başlamasına və idarə edilməsinə dəstək göstərilməsi, bunun üçün ən yüksək səviyyəli hüquqi və texniki əməkdaşlıq məsələlərin reallaşdırılması, kütləvi informasiya vasitələrinin proqramlar, xəbərlər, müsahibələr kimi birgə media layihələrinin gerçəkləşməsi üçün nəzərdə tutulan tədbir və təşəbbüslərinə kömək edilməsi, qarşılıqlı jurnalist səfərlərinin təşkili və digər məsələlər əksini tapıb”.
 
 
Sədr, həmçinin, İRNA xəbər agentliyinin icraçı direktoru M.Xoddadinin Azərbaycan Mətbuat Şurasının diplomu ilə də təltif edildiyini bildirib və diplomu ona təqdim edib.
 
İRNA xəbər agentliyinin icraçı direktoru M.Xoddadi iki xalq arasında tarixi bağlılıq əlaqələrinin yaşadılmasının zəruriliyindən söz açaraq hər iki ölkə mediasının bu istiqamətdəki fəaliyyətini bir qədər də intensivləşdirməsinə ehtiyacın duyulduğunu vurğulayıb. Müasir dövrdə informasiyanın müstəsna mahiyyət daşıdığını bildirən M.Xoddadi digər sahələrdəki inkişafda da informasiya amilinin həllediciliyinə diqqət çəkib.
 
İcraçı direktor çıxışında rəhbərlik etdiyi agentliyin Azərbaycanın kütləvi informasiya vasitələri ilə əməkdaşlığa hər zaman hazır olduğunu deyib.
 
İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Cavad Cahangirzadə  İran və Azərbaycanı bir-birinə bağlayan cəhətlərdən söz açaraq ortaq dəyərlər, adət-ənənələr üzərində dayanıb.
 
Azərbaycanın regionda böyük nüfuz sahibi olduğunu vurğulayan C. Cahangirzadə müasir dövrdə İran-Azərbaycan iqtisadi münasibətlərinin təkcə region deyil, bütövlükdə dünya üçün faydalı tərəflərini sadalayıb, mövcud istiqamətdə geniş dəyərləndirmələr aparıb. O, zaman-zaman İranla Azərbaycan arasındakı yaxınlığı gözü götürməyən qüvvələrin olduğunu da diqqətə çatdırıb. O, İran-Azərbaycan media əməkdaşlığını nəzərdə tutan tədbirlərə hər zaman dəstək verməyə hazır olduğunu vurğulayıb.
 
MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında İran-Azərbaycan media əməkdaşlığının vacibliyini  əsaslandıran cəhətlərə diqqət yetirib. O, qarşılıqlı təmasların indiyədək əldə edilmiş nailiyyətləri daha da möhkəmləndirmək, ortaq problemlərə vahid prizmadan yanaşmaq baxımından mühüm önəm daşıdığını vurğulayıb.
 
MŞ İdarə Heyətinin üzvü, «APA Holdinq»in rəhbəri Vüsalə Mahirqızı Azərbaycan mediasının İrana olan marağını əsaslandıran məqamlardan söz açıb. Bu mənada adət-ənənə yaxınlığı, tarixi bağlılıq telləri üzərində dayanan V.Mahirqızı əlavə edib ki, İranda soydaşlarımız yaşayır: “Azərbaycan cəmiyyətinin ordakı soydaşlarımız, mədəniyyət və tariximiz barədə məlumat almaq haqqı var. Buna görə də biz İranda ofis yaratdıq. Məmnunluqla ifadə edirəm ki, İranın rəsmi orqanları, xüsusilə o zamankı səfir Möhsün Pak Ayin buna dəstək verdi”.
 
V. Mahirqızı bundan sonra da İran və Azərbaycan mediasının qarşılıqlı səfərlər etməsinin, əməkdaşlığı genişləndirməsinin faydalı olacağını qeyd edib. 
 
MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu çıxışında diqqəti Qarabağ münaqişəsinə və Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı faktına çəkərək İranın və Azərbaycanın media orqanlarının taleyüklü məsələlərdə haqq və ədalətin carçısı kimi çıxış etməsinin vacib tərəflərindən söz açıb.
 
Toplantıda çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri - «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı, «Teleqraf Holdinq»in rəhbəri Aynur Quliyeva, «Assa İrada» İnformasiya Agentliyinin direktoru Fazil Abbasov və başqaları bildiriblər  ki, mövcud şəraitdə bölgə, xüsusən də İran və Azərbaycan jurnalistləri yalnız təcrübə mübadiləsi ilə kifayətlənməməli, habelə regionumuzun bu gününü və sabahını nəzərdən keçirməlidirlər. Onlar həmçinin hər iki ölkə jurnalistləri arasındakı təmasların intensivləşməsindən məmnunluqlarını ifadə edərək perspektiv planların həyata keçməsinə dəstək göstərməyə hazır olduqlarını bildiriblər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar