Mərkəzi Bank ilk ikitərəfli valyuta hərracının nəticələrini açıqlayıb
05.10.2016 444 0.0 0

Hərrac 1 ABŞ dolları üçün 1,6035 manat məzənnəsi ilə yekunlaşıb
Mövcud məzənnə rejiminə uyğun olaraq, Mərkəzi Bank tərəfindən cari ilin ötən dövründə "Bloomberg" ticarət sistemində mütəmadi olaraq birtərəfli valyuta satışı üzrə hərraclar təşkil edilib. Bu hərraclar vasitəsilə Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) və Mərkəzi Bankın valyuta satışları həyata keçirilib. Keçirilmiş hərraclar ötən dövrdə valyuta bazarının tənzimlənməsində və məzənnə siyasətinin reallaşdırılmasında mühüm rol oynayıb.
 
Mərkəzi Bankdan verilən məlumata görə, bankların valyuta bazarında daha çevik iştirakına şərait yaratmaq üçün Mərkəzi Bank yeni hərrac mexanizminin tətbiqi barədə qərar qəbul edib. Yeni hərrac mexanizmi bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir. "Bloomberg" ticarət sisteminin yeni platformasında təşkil olunan bu  hərraclarda alıcılar və satıcılar hərracın təşkilatçısı tərəfindən elan olunan ilkin məzənnə ilə öz valyuta sifarişlərini yerləşdirə bilirlər. Sonra hərrac gedişatında ticarət sessiyaları üzrə valyuta tələbi və təklifinin nisbəti nəzərə alınmaqla məzənnə dəyişdirilir və sonuncu sessiyanın məzənnəsi ilə hərrac başa çatdırılır.
 
Növbəti günün rəsmi məzənnəsi hərracda və banklararası valyuta bazarında kommersiya bankları ilə bağlanan əqdlər üzrə ortaçəkili məzənnə əsasında müəyyən olunacaq və hər iş gününün sonuna ictimaiyyətə açıqlanacaq. Valyuta hərracı olmayan günlərdə isə növbəti günün məzənnəsi valyuta bazarında kommersiya bankları arasında bağlanmış alqı-satqı əqdləri üzrə formalaşan orta çəkili məzənnə əsasında müəyyənləşəcək.  
 
5 oktyabr 2016-cı il tarixində Mərkəzi Bankda ARDNF-in da iştirak etdiyi ilk ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 ABŞ dolları üçün 1,6035 manat məzənnəsi ilə yekunlaşıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar