Əli Həsənov: Bəzi dairələr cidd-cəhdlə Avropa Oyunlarını siyasiləşdirməyə çalışırlar
11.06.2015 739 0.0 0

"Təəssüf ki, Böyük Britaniya mətbuatı antiazərbaycan "London platforması" yaradıb. Bura böyük media kampaniyalarını cəlb edirlər. Bəzi ölkələr vətəndaşlarının, vergiödəyicilərin pulunu Azərbaycana qarşı yönəldirlər".

Məlumata görə, bunu Azərbaycanın Respublikası Prezidentinin köməkçisi Əli Həsənov bu gün yerli və xarici media nümayəndələrinin iştirakı ilə I Avropa Oyunlarına həsr olunmuş geniş mətbuat konfransında bildirib.

Ə.Həsənov qeyd edib ki, son bir ayda Qərb mətbuatında Azərbaycanda insan hüquqları, söz və mətbuat azadlığı ilə bağlı aparılan kampaniyaların arxasında dayanan müəyyən qüvvələr var: "Bunu bilərəkdən idarə edirlər. Bunun niyəsini biz də müəyyən etməyə çalışırıq. Kiçik Azərbaycanın ilk Avropa Oyunlarını yüksək səviyyədə və qısa müddətdə təşkil etməsi bəzi dairələr üçün həddən artıq çox cəlbedici görünür. O qüvvələr Azərbaycanın uğurlarına kölgə salmaq, belə uğurlara qadir olmadığını sübut etmək istəyirlər".

Ə.Həsənov vurğulayıb ki, hazırda Azərbaycanın dostları bütün dünyada müqavimət göstərir ki, onların bu kampaniyası süquta uğrasın və ciddi nəticəyə gətirib çıxarmasın: "İkincisi, bunların arxasında erməni lobbisi, bəzi sosial qurumlar və QHT-lər durur. Onlar bəzi mənbələrdən maliyyələşərək dərhal antiazərbaycan təbliğatını reallaşdırmağa çalışırlar. Onlar eyni ssenarini Azərbaycanda "Eurovision" yarışması keçirilən zaman da həyata keçirməyə çalışırdılar, indi də edirlər, sabah da yəqin ki, belə edəcəklər".

Prezidentin köməkçisi deyib ki, Azərbaycanın müstəqil siyasətini qəbul etməyən, öz yanında görmək, təzyiq altında saxlamaq istəyən qüvvələr var: "Mövcud yenilikləri kölgə altına salmaq istəyirlər. Bu, təkcə Azərbaycana qarşı deyil, Avropaya, Avropa idman ictimaiyyətinə qarşı hörmətsizlikdir. Bu kampaniya bir müddət sonra dayanacaq. Bu gün antiazərbaycan mövqeyində duran insanlar vaxt gələcək səhv etdiklərinin fərqinə varacaqlar. Amma Avropa Oyunlarının tarixndə bu qalacaq ki, onlar belə bir kampaniya aparıblar. Tərəqqipərvər bəşəriyyət bu kampaniyanın doğru və ya qeyri-doğru olduğunu özü qiymətləndirəcək".

Ə.Həsənov qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın tutduğu yolu dəfələrlə bəyan edib: "Azərbaycanın öz yolu var. Bu, Azərbaycanın milli maraqlarını təmin etmək və dünya ölkələri ilə qarşılıqlı maraqlar çərçivəsində münasibətlər qurmaqdır. Bizə müxtəlif təkliflər gəlir, o cümlədən Avrasiya İqtisadi Birliyinə, Qoşulmama Hərəkatına qoşulmaq təklifi gəlir. Amma Azərbaycan bir yol seçib, biz bölgədə balanslı, qarşılıqlı faydalı əməkdaşlığa söykənən partnyorluq siyasətini seçmişik. O yerdə ki, Azərbaycanın maraqlarına uyğun siyasət var, biz oradayıq, o yerdə ki, Azərbaycanın maraqları yoxdur, orada Azərbaycanın maraqlarını həyata keçiririk".

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan kollektiv maraqları təmsil edən birliklərə tənqidi yanaşır: "Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verir. Biz bu yolla həm İran, həm ABŞ, həm Rusiya, həm Türkiyə, həm də İsraillə əməkdaşlıq edirik. Heç kimin maraqlarını inkar etməyən bu siyasət Avrasiya geosiyasi məkanında ən keçərli siyasətdir"./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar