Əli Həsənov: Avropa münaqişənin həlli üçün ciddi səy göstərmir
22.09.2016 455 0.0 0

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Almaniyanın yeni təyin olunmuş səfiri Mixael Kindsqrabla görüşüb.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışan Ə. Həsənov deyib ki, Azərbaycan müstəqilliyin bərpasından sonra qapılarını bütün dünyaya açıb, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır: “Avropa bunun qarşılığında münaqişənin həlli üçün ciddi səy göstərmir. Biz bütün dünyadan yalnız münaqişənin həll edilməsini istəyirik. İstək olsa, bu problemi danışıqlar yolu ilə həll etmək mümkündür. Bu münaqişənin həlli ilə bağlı beynəlxalq qurumların qətnamələrinin icrası üçün Ermənistana ciddi təzyiq göstərilməlidir. Onlar Ermənistana təzyiq göstərməlidirlər ki, bizim ərazilərimizi boşaltsın. Beynəlxalq qurumların qəbul etdiyi qətnamələr icra edilməlidir”.

 

Ə. Həsənov Almaniyanın ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların intensiv xarakter alacağına ümidvar olduğunu söyləyib. Dövlət Komitəsinin sədri diqqətə çatdırıb ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin bütün problemlərinin həllini öz üzərinə götürüb və bu işin öhdəsindən lazımınca gəlir. Ancaq bunlara baxmayaraq, ölkədə beynəlxalq humanitar təşkilatların fəaliyyətlərini davam etdirməsinə də zərurət var.

    

M. Kindsqrab Almaniyanın Azərbaycanla əlaqələrin genişləndirilməsinə böyük maraq göstərdiyini söyləyib. O, Azərbaycan hökuməti tərəfindən alman irsinə xüsusi diqqət göstərilməsini yüksək dəyərləndirib. Almaniyalı diplomat siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni və digər sahələrdə mövcud olan əməkdaşlığın daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini vurğulayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar