Əli Həsənov: `Azərbaycandan başqa dövlətlərə qarşı istifadə olunmasına imkan verməmişik, verməyəcəyik`
30.03.2018 945 0.0 0

"Jurnalistlər milli elitanın ən avanqard hissəsidir, cəmiyyətdə ən yaxşı nümunələri yaradır, təlqin edirlər. Bu baxımdan cəmiyyətə mesajları ilk növbədə jurnalistlər vasitəsilə çatdırırıq".

 

Məlumata görə, bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən "İnternet media və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: Media həmrəyliyi" mövzusunda dəyirmi masada deyib.

 

Ə. Həsənov bildirib ki, hüquqi sistem dövlətin mövcudluğunu təmin edən amillərdən biridir: "İkincisi, dövlətin özünü saxlaması üçün iqtisadiyyatı, üçüncüsü, özünü qoruması üçün ordusu olmalıdır. Digər tərəfdən, dövlətin ölkə daxilində ictimai rəyi formalaşdıran və milli elitanı hərəkətə gətirən mediası olmalıdır. Vətəndaşların hüquqlarının qarantı olan prezidentimiz var. Mən prezidentin planlarını, iradəsini bilirəm, ona görə də hamını onun ətrafında birləşməyə çağırıram. Bugünkü toplantının məqsədi Azərbaycan dövləti ilə bağlı məkrli planı çatdırmaq idi. Dövlətin gücü elitar təbəqənin dövlətə, siyasətə münasibəti ilə ölçülür.

 

Prezident İlham Əliyevin gücü yürütdüyü siyasətin xalqın əksər hissəsi tərəfindən dəstəklənməsidir. Son sorğuların nəticələri də bunu göstərir. Ya biz sabitliyi qorumalı, ya da Yaxın Şərqdə ayrı-ayrı ölkələrdə olduğu kimi, inqilablar adı altında dövlətlərin sütunlarının yıxılmasının şahidi olmalıyıq. Hər dəfə prezident seçkilərində Azərbaycanda marağı olan qüvvələr və rəqiblərimiz belə planlar hazırlayırlar. Bu gün Avropaya qaz çəkirik, bu bəzi dövlətlərin xoşuna gəlmir. Baxmayaraq ki, həmin dövlətlərlə də bu gün normal münasibətlərimiz var.

 

Yaxud sabitlik mövcud olduğu üçün ölkəmizə turistlər gəlir. Həmin sabitlikdə maraqlı olmayan dövlətlər var. Cəlbedici Azərbaycan ayrı-ayrı dövlətlərdə narahatlıq yaradır. Azərbaycanın enerji resurslarında marağı olan, onu əvəzsiz almaq istəyən qüvvələr mövcuddur. Ancaq bu istək Azərbaycan prezidentinin iradəsi ilə toqquşur. Prezidentin yürütdüyü müstəqil siyasət müxtəlif qüvvələrin Azərbaycanı regional, beynəlxalq siyasətlərinə alət etməsinə imkan vermir. Biz Azərbaycandan başqa dövlətlərə qarşı istifadə olunmasına imkan verməmişik və verməyəcəyik. Bu da müəyyən dövlətlərin maraqlarına cavab vermir. Söhbət müəyyən qüvvələrdən, dövlətlərdən gedir. Həmin qüvvələrdən biri 2003-cü ildə Azərbaycanda narazılıq ocağı yaratmaq istəyirdi. Qeyri-hüquqi yollarla mübarizə aparanların hamısı Azərbaycanın firavan həyatında maraqlı deyillər".

 

Azərbaycan prezidentinin köməkçisi qeyd edib ki, tədbirin məqsəd bu narahatlıqları KİV vasitəsi ilə cəmiyyətə çatdırmaqdır: "Kiçik dövlətlər xaricdən təzyiqlərə daha həssasdır və onların sabitliyini pozmaq nisbətən asandır. İctimai dəstək almayan nə daxili, nə xarici təzyiq Azərbaycanda uğur qazana bilər. Biz Azərbaycanda sabitliyi qorumalıyıq. Vətən hissini, qorxmaq, utanmaq hissini itirənlərlə mübarizə aparmaq lazımdır. Söhbət ondan gedir ki, bu tipli insanlar milli qınaqla qarşılanmalıdır. O şəxslər sosial şəbəkələrdə yaydıqları videolara ailələri ilə birgə baxa bilirlərsə, yaysınlar. Bizim mübarizəmiz milli heysiyyətini itirmiş 5-10 insanla deyil. Mübarizənin əsas ünvanı bu insanlar vasitəsi ilə öz maraqlarını ifadə edənlərdir"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar