Tarix: 05.12.2016,   Saat: 20:39, Bazar ertəsi.          

Laləzar Mustafayeva: Bütün sahələrdə olan istedadlı adamların köməyə ehtiyacı var - MÜSAHİBƏ

“Uyğun təklif olarsa, məmnuniyyətlə filmlərə çəkilərəm”

Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Laləzar Mustafayevanın APA-ya müsahibəsi.

 

- Laləzar xanım, kiçik bir axtarış elədim, internetdə sizə aid nəinki müsahibə, heç açıqlama da yoxdur. Yalnız ifa etdiyiniz şeirləri tapmaq mümkündür. Jurnalistlərdən uzaq gəzməyin səbəbi nədir?

 

- Desəm ki, bunu məqsədli şəkildə edirəm, yalan olar. Səhnəyə yeni-yeni çıxanda haqqımda çoxlu yazılar yazıldı, jurnalistlər müsahibə üçün müraciət edəndə imkan daxilində imtina etmirdim. Açığını deyim, sonralar eyni suallara cavab verməkdən yoruldum. Birdən-birə bu yazılar mənim üçün maraqsız olmağa başladı. On ildən çoxdur nə qəzetlərə, nə saytlara müsahibə vermirdim. Sənin israrlı və davamlı zənglərin məni buna sövq elədi.Bəzi jurnalistlər sənətdən çox şəxsi həyatla maraqlanırlar. Heç vaxt heç kimin şəxsi həyatına qarışmamışam, şəxsi həyat haqqında fikir bildirməmişəm. Bunu nə həyatımda, nə sənətimdə etmişəm.

 

- Anladım. Suallar şəxsi həyatla bağlı olub, ona görə kənara çəkilmisiniz...

 

- Jurnalistləri qınamaq fikrində deyiləm, amma eyni suallara cavab verməkdən yoruldum. Daha doğrusu, mənə maraqsız oldu. Mənim həyat devizim belədir: maraqsız hər şeydən uzaq dayanmaq. Bir də tamaşalarıma baxmayan adamlarla nə danışım? Adama eyni sualı neçə dəfə verərlər: “Sənətə necə gəlmisiniz”? Yaxud ifa etdiyim şeirlərə qulaq asır, elə bilir, bununla iş bitdi. Müsahibələrimə bir də baxdım ki, hamısı bir-birinə oxşayır. Ona görə də sadəcə, uzaqlaşdım.

 

- Amma sənətçilər var ki, təkrar olsa da danışmağa razıdırlar, təki gündəmdən düşməsinlər...

 

- Vallah, heç kimin işinə qarışmaq fikrində deyiləm. Hər kəs öz işini özü bilər.

 

 

 

- Filmlərə də az çəkilmisiniz...

 

- Teatr mənim iş yerimdir. Burda rollarımın tutumunu gözləyirəm. Amma film belədir ki, ya ssenari ürəyincə olmur, ya da rejissorla razılaşa bilmirsən. Düzünü deyim, heç vaxt heç nəyin arxasınca məxsusi qaçmamışam ki, bunu əldə edim. O ruhda insan deyiləm. Akademik Milli Dram Teatrında uzun illərdir işləyirəm, kifayətə qədər də gözəl rollarım var. O rollara baxıb, tanıyıb, filmlərə dəvət olunmağımı istəyirəm. İstəyirəm, dəvət edən adam anlasın ki, qarşısında dayanan insan kimdir.

 

Filmdə ən son işim 2014-cü ildə çəkilmiş “Bakı, mən səni sevirəm” filmidir. Ondan sonra hələ ki, kinoda rolum olmayıb. Ürəyimcə iş olarsa, böyük məmnuniyyətlə çəkilərəm. Gördüyüm heç bir işi könülsüz etməmişəm, etmərəm də.

 

 

- Siz də film ssenarilərindən narazısınız?

 

 

- Sizə deyim ki, çox maraqlı gənclik yetişir. İstər sənədli filmlər olsun, istər bədii filmlər, maşallah, maraqlı işlər var. O cümlədən, serialları da deyə bilərəm. Mənim üçün həyatda “yoxdur” kəlməsi olmayıb, olmayacaq da. Var, olacaq. Hamısına uğurlar arzu edirəm. Mən hər rolda oynaya bilmərəm. Yaş, təcrübə məsələsi var. Əgər mənə uyğun təklif olarsa, məmnuniyyətlə filmlərə çəkilərəm.

 

 

- Son illərdə ekrana çıxan filmlərdən hansıları izləmisiniz?

 

- Ad çəkməyəcəyəm. Bir də açığını deyim, axır vaxtlar bir az tənbəlləşmişəm. Tənbəllikdən başqa, sanki içimdə nə isə qırılıb. “Mənə maraqlı deyil, istəmirəm” deyirəmsə, deməli, onun altında nələrsə yatır. Heç özüm də bilmirəm bu nədir, bilsəm,  həll edərəm. Vaxtilə çox oxuyurdum. Yaşadıqca, yazılan əsərlərə inanmamağa başladıqca mütaliədən uzaqlaşırsan. İçində bir inamsızlıq olur: bəzi şeylər real deyil. İnanırsan ki, həyatda yaxşı şeylər qalib gəlmir. Xırdaca insanlıq edənlər, mərhəmətli olanlar əzilir. İnsanlıq etməyəndə də özün-özünü pis hiss edirsən, vicdanın narahat olur. Nə isə... Mənim ən çox sevdiyim yazıçı Cəfər Cabbarlıdır. Ta uşaqlığımdan bu yana. Cabbarlının hekayələri üçün ürəyim gedir. Həyatın özü ordadır. Bəzəksiz, rəngsiz, donsuz. Sonra İlyas Əfəndiyevin povestləri çox gözəldir. Dil gözəl, üslub gözəl, insanlar gözəl, hadisələr sənə doğma.

 

- Bəs üzü bu tərəfdən kimlərin adını çəkə bilərsiniz?

 

- Çox dəyərli ədiblərimiz var, amma sandıq ədəbiyyatında da həddindən artıq dəyərli işlər var. Deyir, istedadlı adama kömək ol, istedadsız onsuz da yolunu özü tapır. Bütün sahələrdə olan istedadlı adamların köməyə ehtiyacı var.

 

- Sizə kömək edənlər kimlər olub?

 

- Həsən Turabova Allah qəni-qəni rəhmət eləsin. Mənim həyatımda onun ayrı yeri var. Onu hər zaman çox sevmişəm, çox hörmət etmişəm. Mənim teatra gəlməyimdən tutmuş, oynadığım rollara, şəxsi məsələlərimin həllinə qədər o insanın böyük rolu olub. Doğma adamım kimi yanına gedib dərdimi demişəm.

 

- Bildiyim qədər sizi teatra Həsən Turabov dəvət edib...

 

- Mədəniyyət və İncəsənət İnstitutunda imtahan tamaşamıza Həsən müəllim də baxdı, bəyəndi və məni teatra dəvət elədi. Tələbə olanda həm də Lütfü Məmmədbəyovun rəhbərlik etdiyi “Xalq Teatrı”nda tamaşalarda oynayırdım. “Yad qızı” tamaşasını “AzDrama”da oynamışdıq, o tamaşaya da Həsən müəllim baxmışdı və çox bəyənmişdi. İndiyə qədər çox maraqlı rejissorlarla işləmişəm. Həyatımda Bəhram Osmanovun xüsusi rolu var. Hər gün görüşməyə bilərik, amma onun yeri mənim üçün xüsusidir. Oynadığım yeddi-səkkiz tamaşanın rejissoru Bəhram Osmanovdur. Və böyük səhnədə mənə ilk rolu Bəhram Osmanov etibar edib. Vaqif İbrahimoğlu, Həsən Əbluc, Cənnət Səlimova, Ağakişi Kazımov, Mərahim Fərzəlibəyov, Nicat Kazımovla gözəl tamaşalar işləmişik. Azər Paşa Nemətlə işləyəndə isə bir başqa dünya, başqa hərəkət tərzi, fərqli yanaşma, fərqli baxış gördüm və mənim üçün çox maraqlı oldu. 

 

- “Şah Qacar” tamaşasında Qacarın anası obrazını canlandırırsınız...

 

- Ceyran xanım obrazının mənim həyatımda xüsusi yeri var. Ceyran xanım anadır, özü də şah anası. Ceyran xanım siyasətçidir. O, daha yüksək ideallar uğrunda mübarizə aparır. Bu cür qadınlar dünyada çox azdır. Onun davranış tərzi bütün analara xas deyil. Hər ana övladlarının taleyi ilə bağlı o cür kəskin qərarlar verə bilməz. Çox iti ağlı var, güclü qadındır. Pyes ilk oxunuşda məni özünə valeh et­­di. “Şah Qacar” tamaşasını çox sevirəm. Tamaşanın quruluşçu rejissoru Azər Paşa Nemətdir. Onun kimi çox dəyərli bir rejissorla işləməyi sənət həyatımda uğur hesab edirəm. Bu tamaşanın bu qədər sevilməyində Azər müəllimin xüsusi rolu var. Çünki pyesin müəllifi dramaturqdursa, tamaşanın müəllifi rejissordur. Çox şadam ki, Azər müəllim həmin obrazı məhz mənə həvalə edib.

 

- Tərəf müqabillərinizdən həmişə razı olmusunuz?

 

- Çox razı olmuşam.  Ümumiyyətlə tərəf müqabili sarıdan bəxtim həmişə gətirib. Mənim qismətimə hər zaman istedadlı tərəf müqabilləri düşüb. İlk tərəf müqabilim “Hara gedir bu dünya” tamaşasında Ramiz Novruzov və Yaşar Nuri idi. Biri həyat yoldaşımı, o biri atamı oynayırdı.

 

 

 

 

Son tamaşam olan “Ölülər” əsərində isə tərəf müqabilim Anar Heybətovdur. Anar çox istedadlı aktyordur. Anarla səhnədə birlikdə oynamaq çox rahatdır. Bu, Anarla bizim ikinci işimizdir. “Şah Qacar” tamaşasında da Anar mənim oğlumu oynayır. Hər iki tamaşada Anar Heybətovun uğurunu xüsusi qeyd etmək istəyirəm. “Ölülər”də eyni zamanda Kazım Abdullayev, Elxan Quliyev, Xədicə Novruzlu, Canəli Canəliyev də mənim tərəf müqabillərimdir. Mən həqiqətən şanslı aktrisayam ki, bu cür gözəl tərəf müqabillərim var. İstedadlı adamlarla səhnədə olmaq çox rahatdır.

 

- Kərbəlayı Fatma kimi ana olmaq necə hissdir?

 

- Əslində çox çətin hissdir. Obrazın üzərində çalışarkən yaşadığı mühiti, dövrü nəzərə alıb onu bir ana olaraq başa düşməyə çalışıram. Amma mən elə ana ola bilmərəm. Kərbəlayı Fatma kimi olmaq mənim təbiətimdən çox uzadır. Onu anlamaq da çox çətindir. Bizi çox narahat edən həqiqətlər onun üçün adi həyat tərzi olub. Çünki gözünü açandan o mühitdə böyüyüb. Amma obraz olaraq onu səhnədə yaşamaq mənim üçün çox maraqlıdır.

 

- 40 yaşında xalq artisti adına layiq görülmüsünüz...

 

- Çəkdiyin zəhmətin, gördüyün işin müqabilində dəyər görmək, layiq görülmək çox gözəldir. Mən müstəqil Azərbaycan Respublikasının xalq artistiyəm. Bununla fəxr edirəm. Layiq görənlər çox sağ olsunlar. Layiq olmaq işin bir tərəfidir. Layiq görmək isə ürək istəyir. Gözəl ürəklərinə təşəkkür edirəm.  

 

- Yeni dram əsərlərinin yazılmaması, yazılanların da keyfiyyətsiz olması haqqında iradlara siz də qoşulursunuz?

 

- Dünyada “yoxdur” sözü qədər nifrət etdiyim söz yoxdur. Sənin düşünmədən dediyin söz başqa insanların ürəyini sındıra bilər. İstedadlı insanlar var, yaxşı əsərlər də yazılır. Kimsə deyə bilərmi ki, yazılan əsərlərin hamısını oxumuşam? Nə bilirsən, harada nə əsər var? Var, görmək lazımdır, dəstək olmaq lazımdır, şans vermək lazımdır.

 

- Vaxtilə pedaqoji fəaliyyətlə məşğul olurdunuz. Sonra uzaqlaşdınız. Səbəb nə oldu?

 

- On il Mədəniyyət və İncəsənət Universitetinin “Səhnə danışığı” kafedrasında dərs demişəm. Ara verməyim isə səhhətimlə əlaqədardır.

 

- Sonda nə demək istəyərdiniz?

 

- Mən bütün insanları çox sevirəm. Və teatrı sevən bütün tamaşaçılarımızı da teatra dəvət edirəm. Mənim aləmimdə ən maraqlı müsahibə aktyor səhnədə, tamaşaçı zalda olarkən baş verir. Hər kəsə həyatını istədiyi kimi yaşamağı arzu edirəm.  

 

 
 


  Bölmə: Mədəniyyət | Baxış sayı: 339 | Tarix: 01.11.2016, 17:13


Xəbərlər