Kreml Rusiya qoşunlarının Ukraynanın şimalından çıxmasının səbəbini açıqlayıb
06.04.2022 157 0.0 0

“Rusiya Ukraynaya jest edib”.

 TASS-a istinadən xəbər verilir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov El-se-i telekanalına müsahibəsində deyib.

“Biz danışıqlar zamanı əlverişli şərait yaratmaq üçün xoşməramlı addım atdıq. Müzakirələr zamanı ciddi qərarlar qəbul edilə bilər. Buna görə Prezident Vladimir Putin qoşunların Ukraynanın şimalından çıxarılması barədə əmr verdi”, - o bildirib.

D.Peskov, həmçinin Ukraynanın Buça şəhərində törədilən qətliamlarla bağlı iddiaları rədd edib. O deyib ki, Rusiyanın məqsədi Ukraynanın işğalı deyil.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya Ukraynanın şimalından, o cümlədən Kiyev vilayətindən, Çerniqov şəhərindən qoşunlarını çıxarıb.

Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.

Daha sonra 2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar.

2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Rusiyada “xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson, Melitopol şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Nəticədə ölkənin milli valyutası rubl çöküş yaşayır. Bu sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub.

Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin araşdırılmasına başlayıb.

Qeyd edək ki, Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar