Tarix: 10.12.2016,   Saat: 05:09, Şənbə.          

Komidə həbsdə olan Azərbaycan diasporunun rəhbəri ölüm ayağındadır

Moskvadakı “Rosbalt” agentliyində Rusiyanın Komi Respublikasında Azərbaycan diasporunun rəhbəri, hazırda həbsdə olan “Uxtanefteqazgeologiya” ASC-nin keçmiş baş direktoru Akif Sayadovla bağlı mətbuat konfransı keçirilib.

Məlumata görə, A. Sayadovun qızı Nigar Sayadova atasının 2014-cü ilin oktyabrında əsassız yerə həbs olunduğunu bildirib: “Atama qarşı əvvəlcə beynəlxalq terrorçuluğu maliyyələşdirmə ittihamı irəli sürdülər. Sonra bu ittihamın inandırıcı olmadığını görüb, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamını ortaya atdılar. Kominin baş prokuroru Sergey Bajutovun saxta ittihamları ilə atam həbs edilib. Onun vəziyyəti hazırda çox ağırdır. Onkoloji xəstəlikdən əziyyət çəkir, həyatı təhlükə altındadır. Atam hər həftə kimyaterapiya olunmalıdır. Amma yanına vəkilləri də daxil olmaqla, heç kimi buraxmırlar. Tələb edirik ki, onun işini yerli istintaq orqanları yox, Moskva araşdırsın. Bizim ailənin artıq Komi hüquq-mühafizə orqanlarına və məhkəmə sisteminə inamı qalmayıb”.

 

A. Sayadovun oğlu Fuad Sayadov isə deyib ki, hüquq-mühafizə orqanlarının təzyiqi ilə həkimlərin atasının ağır xərçəng xəstəsi olması barədə rəyi dəyişdirilib: “Biz atamın müalicəsini təşkil etmək istəyirik. Lakin buna imkan vermirlər. Onu Sıktıkvar şəhər xəstəxanasının məhkumlar üçün olan bölümündə saxlayırlar, yanına da heç kimi buraxmırlar. Onu həbsdə göz görə-gərə öldürürlər".

 

Sonra A. Sayadovun vəkilləri İqor Kopyonkin və Aleksey Knyazev çıxış ediblər. Onlar müdafiəçisi olduqları şəxsin Komidə böyük nüfuza malik olduğunu vurğulayıblar: “Həbs edildikdən sonra Akif Sayadov Kominin paytaxtı Sıxtıvkardakı təcridxanada saxlanılıb. Biz onun səhhətinin ağır olduğunu əsas gətirərək ev dustaqlığına buraxılmasına çalışdıq və buna nail olduq. Lakin ittiham tərəfi həmin məhkəmə hökmündən apellyasiya şikayəti verdi və ev dustaqlığı barədə məhkəmə qərarını əsassız olaraq ləğv etdirdi. Biz Akif Sayadovun bəraətini tələb edirik. Onun ittihamlarla heç bir əlaqəsi yoxdur. Bütün bunlar sifarişdir”.

 

Vəkil İ. Kopyonkin onu da əlavə edib ki, A. Sayadovun başına bu hadisələrin gəlməsinin səbəbi onun rəhbərlik etdiyi “Uxtanefteqazgeologiya”nın Komidə yeni qaz yatağı kəşf etməsi olub: "Bundan sonra kimlərinsə sifarişi ilə prokurorluq tərəfindən "Uxtanefteqazgeologiya" ASC-də əsassız yoxlamalar başlandı. Lakin Sayadovun fəaliyyətində heç bir qanun pozuntusu tapa bilmədilər”.

 

Qeyd edək ki, 65 yaşlı Akif Sayadov Naxçıvan MR-in Culfa rayonunda doğulub. 1974-cü ildə Azərbaycan Neft-Kimya İnstitutunu (indiki Dövlət Neft Akademiyasını) kimyaçı-texnoloq ixtisası üzrə bitirib. 1990-cı ildə “Uxtanefteqazgeologiya” ASC-nin istehsalat-texniki təchizat idarəsinə rəhbərlik etmək üçün Komiyə dəvət olunub. 2008-ci ildə “Uxtaneftqazgeologiya” ASC-nin baş direktoru təyin edilib. 2011-ci ilin martında Komi Respublikası Dövlət Şurasının deputatı seçilib. Hakim “Vahid Rusiya” fraksiyasının üzvüdür. Uxta Rayon Məhkəməsi A. Sayadov barədə vəzifə səlahiyyətlərini aşma və dövlət əmlakını mənimsə ittihamı ilə 4 il müddətinə həbs qərarı çıxarıb. /apa/



  Bölmə: Xəbər | Baxış sayı: 177 | Tarix: 20.09.2016, 18:59


Xəbərlər