Kombinatın baş texnoloqunun ölümündə günahlandırılan qadın: «Həbsdən sonra dünyaya gətirdiyim uşaq yoxa çıxdı»
09.09.2016 551 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Taxıl Terminalı” MMC-nin baş texnoloqu Qalib Bağırovun qətlində təqsirləndirilən Ehtiram Həsənov, Mübariz Əliyev və Mahnurə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Məlumata görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

 

İttiham aktına münasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli bildiklərini deyiblər. Onlar ibtidai istintaqa verdikləri ifadələri təsdiq ediblər.

 

Prosesdə Mahurə Hüseynova ifadə verərək deyib ki, qətl hadisəsində iştirak etməyib: "Ehtiram mənim ikinci həyat yoldaşımdı. Sonradan bildim ki, onun düzəltdirdiyi nikah sənədi də saxta olub. Ehtiramla təzə tanış olanda özünü mənə “polkovnik Həsənov” kimi təqdim etmişdi. Tez-tez zəng edib hal-əhval tuturdu. Qalibin öldürülməsindən isə mənim xəbərim olmayıb. Ehtiram mənə onun evindən oğurluq etməyi təklif etdi, razılaşmadım. Sonra dostları vasitəsilə qızımı oğurlayacağı ilə hədələdi. Sonradan razılaşdıq, plana görə, mən Qalibi çölə çıxaracaqdım, onlar da içəri girib onu qorxudub pulları alacaqdılar. Hadisə günü mən maşında gözlədim, Ehtiramla Mübariz evə girdi. Ehtiramın qorxusundan maşından çıxmamışdım. Gələndən sonra aralarında söhbət oldu. Mübariz Ehtiramdan soruşdu ki, niyə öldürdün onu? Ehtiram dedi ki, o məni tanıdı, ona görə də öldürdüm”.

 

M. Hüseynova ifadəsində həbs ediləndən sonra uşaq dünyaya gətirdiyini və uşağının yoxa çıxdığını deyib: "Uşağın atası isə Ehtiram Həsənovdur".

 

Mübariz Əliyev də quldurluq təklifinin Ehtiram Həsənovdan gəldiyinin deyib: “Ehtiram dedi ki, qızım xəstədir, müalicəsi üçün pul lazımdır. Buna görə də evə girməyimizi təklif etdi və mən də razılaşdım”.

 

Prosesdə mərhum Qalib Bağırovun qardaşı Elşən Bağırov da ifadə verib. Onun sözlərinə görə, mərhumun oğlu ona zəng edib və bağ evinə gəlməyini istəyib: "Mən yalnız evə çatanda bildim ki, qardaşımı öldürüblər, meyitini də gördüm".

 

Q.Bağırovun iş yoldaşı Sahib Hüseynov isə ifadəsində deyib ki, hadisə baş verən gün mərhumun yaşadığı evə gediblər: “Otaqda yerdə uzadılmış vəziyyətdə idi, ev də dağınıq idi. Biz polisə və təcili tibbi yardıma xəbər verdik”.

 

Ehtiram Həsənov qeyd edib ki, evə girərkən Q. Bağırov onları tanıyıb: “Mənim maskam üzümdən çıxdı, rəhmətlik dedi ki, mən sizi tanıyıram, kimin göndərdiyini də bilirəm. Amma kimin göndərdiyini demədi”.

 

Sonra hakim məhkəmə istintaqının başa çatdığını elan edib.

 

Prokuror çıxış üçün vaxt istəyib.

 

Məhkəmə prosesi sentyabrın 16-da davam etdiriləcək.

 

Qeyd edək ki, bu il yanvarın 8-də “Bakı Taxıl Terminalı” MMC-də baş texnoloq işləyən Qalib Bağırovun üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bağlar” yaşayış massivindəki evində aşkar olunub.

 

Cinayəti törətməkdə şübhəli bilinən Ehtiram Həsənov, Mahnurə Hüseynova və Mübariz Əliyev tutublar.

 

Müəyyən edilib ki, qeyd edilən şəxslər qabaqcadan əlbir olaraq həmin gün saat 7 radələrində Qalib Bağırovun yaşadığı bağ evinə gəlib çoxsaylı xəsarətlər yetirməklə və iplə boğmaqla onu öldürüblər. Sonra mənzildə olan 300 manat, 30 avro, 10 dollar, 10.000 Belorus rublu, mərhuma məxsus gödəkcə və papağı, mobil telefon və planşeti götürərək hadisə yerindən gediblər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar