Jirinovski Ərdoğanın sirrini açdı
17.12.2016 2723 0.0 0

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski, Türkiyə prezidenti Ərdoğanla, ötən ay Ankarada keçirdiyi görüş barədə növbəti dəfə açıqlamalar verib. Həm də türkoloq olan Jirinovski, təkbətək görüş zamanı Ərdoğanın ona "Türkiyə NATO-dan ayrıla bilər" dediyini söyləyib.

Məlumata görə, rus siyasətçi bu barədə dövlət televiziyasında yayımlanan "Duel" proqramında çıxış edib. "Cənab Ərdoğanla görüşəndə öz qulağımla eşitdim. O, mənə dedi ki, NATO-dan ayrılma ehtimalımız var".

Vladimir Jirinovski daha sonra bunları deyib: "Həqiqəti görmək lazımdır. Bir ölkənin xarici siyasətini prezident müəyyənləşdirir. Biz uzun-uzun müzakirələr aparsaq da, son qərarı prezidentlər verir. Ərdoğanın söylədiklərini Rusiya olaraq ciddiyə almalıyıq. Türklərlə əsrlər boyu vuruşduq. Lakin bu gün vəziyyət dəyişib. Ərdoğan, Avropa Türkiyəni nə zaman üzv seçəcək deyə gözləməkdən yoruldu. Türklər şərəfli bir millətdir. Onlar artıq "Avropa Birliyini istəmirik" deyirlər", — siyasətçi vurğulayıb. O, əlavə edib ki, Türkiyə Rusiya ilə yaxınlıq etdiyi üçün NATO özü bu ölkəni üzvlükdən çıxaracaq: "Biz "Türkiyə NATO-dan ayrılacaq" demirik. NATO özü Türkiyəni tərkibindən çıxaracaq. Çünki Ankara Moskva ilə yaxınlıq edir və bu, onların xoşuna gəlmir. Biz ruslar türklərlə əməkdaşlıqdan qaçmamalıyıq, daha da yaxın olmalıyıq"/Sputnik.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar