İran səfiri Erməni idmançının qondarma «DQR»-in bayrağını nümayiş etdirməsinə münasibət bildirib
19.09.2016 537 0.0 0

"İranda keçirilən idman yarışında erməni idmançının köynəyində qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağının əks olunması İran və Azərbaycan arasında olan yüksək əlaqələri korlamaq məqsədi daşıyırdı".
 
Məlumata görə, bunu səlahiyyət müddəti başa çatan İran səfiri Möhsün Pakayin deyib.
 
Səfir qeyd edib ki, İran dövlətinin məsələyə münasibəti kəskin olub: “İdman yarışlarının təşkilat komitəsinə ciddi xəbərdarlıq edildi. Gələcəkdə Ermənistandan gələn idman komandaları İrana ciddi nəzarət altında buraxılacaq. Biz qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımırıq".
 
Qeyd edək ki, İranda yaşayan ermənilərin idman olimpiadasına Gürcüstan və Ermənistan qonaq kimi dəvət olunub. Ermənistan təmsilçisi olan idmançının geyiminin üzərində uydurma "DQR"-in bayrağı əks olunması Azərbaycanın ciddi narazılığına səbəb olub.
 
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
 
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
 
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
 
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
 
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar