İnformasiya cəmiyyətində jurnalistikanın inkişafının alternativ modellərinin formalaşması müzakirə edilib
30.09.2016 487 0.0 0

Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “AzərTAC”ın təşkilatçılığı ilə “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” mövzusunda dəyirmi masanın “İnformasiya cəmiyyətində jurnalistikanın inkişafının alternativ modellərinin formalaşması” adlı birinci paneli keçirilib.
 
Məlumata görə, dəyirmi masanın moderatoru Rusiyanın TASS agentliyinin baş direktorunun birinci  müavini Mixail Qusman olub.
 
“AzərTAC”ın baş direktoru Aslan Aslanov Bakı Beynəlxalq Humanitar Forumunun nüfuzlu beynəlxalq platformaya çevrildiyini, bu forumun humanitar əməkdaşlığın Azərbaycan modeli olduğunu söyləyib.
 
UNESCO baş direktorunun birinci müavini Enqida Qetaçyu internetin inkişafı ilə sosial medianın da inkişaf etdiyinə diqqət çəkib: “İnternet inqilabı ümumilikdə mediaya və bütövlükdə cəmiyyətə təsir göstərdi, fikir azadlığı mühiti yaratdı. Eyni zamanda, gənclərin lazımi bilik əldə etməsinə imkan yaranıb. Transformasiya mühitində keyfiyyətli jurnalistika önəmlidir. Jurnalistika böhran və müharibə dövrlərində cəmiyyətə obyektiv informasiya çatdırmalıdır”.  
 
ADA Universitetinin aparat rəhbəri Şəfəq Mehrəliyeva Azərbaycanda medianın, mədəniyyətin, ədəbiyyatın, musiqinin inkişafından, Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətindən söz açıb.
 
İranın İRNA xəbər agentliyinin icraçı direktoru Məhəmməd Xodadi isə bu gün insanların internet vətəndaşına çevrildiyini, yeni medianın yeni xidmətlər təklif etdiyini söyləyib: “Əgər 1970-1980-ci illərdə  “Reuters”, “Associated-Press” kimi agentliklər əsas informasiya qaynaqları idisə, bu gün sosial media əsas informasiya qaynağıdır. Müasir dövrdə informasiya daha geniş auditoriyanı əhatə edir. Jurnalistikanın artıq yeni reallıqlara adaptasiyası lazımdır”.
 
Malayziya “Qlobalist” jurnalının təsisçisi Yusof Haşim Asiya ölkələrində informasiyaların tənqidi xarakter daşımadığını deyib.
 
Paneldə Efiopiyanın “Fana” teleşirkətinin baş icraçı direktoru Vuldu Baraki, Yaponiyanın “World İnvestors” internet televiziyasının prodüseri Kazuyasu İşida mövzu ətrafında çıxış ediblər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar