İlqar Məmmədov İlham Əliyevin Brüssel görüşməsinə münasibət bildirib
15.12.2021 908 0.0 0

“Dekabrın 14-də Brüsseldə Prezident İlham Əliyevin Zəngəzur və Laçın dəhlizlərinin hüquqi rejiminin eyni olması haqda qoyduğu şərt düzgün taktiki addımdır. İnanmaq istəyirəm ki, həm də vaxtında atılan addımdır, yəni tələsik deyil. Əvvəllər də rəsmi Bakı bu istiqamətdə fikirlər ifadə edirdi, amma gündəmə çevrilməyəcək tərzdə”.

Məlumata görə, bunu Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov bildirib.

“İrəvandan çıxan yükün və ya sərnişinin Laçın dəhlizi ilə getdiyi son ünvanın hüquqi mövcudluq müddəti var. 2025-ci ilin noyabrından sonra o ünvan Ermənistanın istədiyi şəkildə mövcud olmaya bilər, əgər Azərbaycan və Rusiya anlaşmasa. Bakıdan Zəngəzur dəhlizi vasitəsilə çıxan yükün və ya sərnişinin getdiyi ünvanın isə hüquqi mövcudluq müddəti yoxdur. Onlar ya Naxçıvana, ya da daha uzaqlara çatacaq. Ermənistanın bu ünvanlar üzərində heç bir səlahiyyəti yoxdur”, - o bildirib.

Partiya sədrinin sözlərinə görə, əgər Ermənistan azərbaycanlıların Naxçıvana sərbəst gedib-gəlməyinə tezliklə imkan verməsə, Azərbaycan da Laçında post qoyacaq: “O post qoyulandan sonra Xankəndinə kimsə və nə isə Bakının icazəsi olmadan keçə bilməyəcək. Bu isə suverenliyimizin tam bərpası demək olacaq. Sonra Ermənistan yenə də Zəngəzur dəhlizi məsələsinə dönməli olacaq, amma bu dəfə əlavə arqumenti olmayacaq”.

İ.Məmmədov fikrincə, dəhlizlərin hüquqi rejiminin eyniləşdirilməsinə Ermənistan razılaşsa belə, 2025-ci ildən başlayaraq Azərbaycanın Laçına post qoymaq haqqını inkar etməyə heç kimin səlahiyyəti çatmayacaq: “Postun qoyulub-qoyulmaması mövzusu ətrafında o vaxtadək yeni amillər meşəsi böyüyəcək, qərarı həmin amillər təyin edəcək, Ermənistan isə Zəngəzur dəhlizindən qazandığı iqtisadi faydadan imtina etməkdə tərəddüd edəcək”./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar