İlham Əliyev Tərtərdə `N` saylı hərbi hissənin açılışında iştirak edib
03.12.2016 999 0.0 0

Qazeta.info xəbər verir ki,  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbi hissənin açılışında iştirak edib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Məlumat verildi ki, hərbi hissənin ərazisində qərargah, iki kazarma, yeməkxana, tibb məntəqəsi, hamam-çamaşırxana yaradılıb. Hərbçilərin idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün burada idman şəhərciyi də salınıb. Bundan başqa, hərbi hissənin ərazisində müxtəlif növ texnika və avtomobillərin saxlanıldığı park da var.

Qərargah binasında ulu öndər Heydər Əliyevin və Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna diqqət və qayğılarını, hərbçilərlə görüşlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb.

Burada hərbi hissə növbətçisi, istirahət və çay otaqları, rabitə qovşağı və digər zəruri otaqlar var. Qərargah binasında rəhbərliyin yüksək səviyyədə çalışması və istirahəti üçün hər cür şərait yaradılıb. Hərbi hissədəki kazarmaların girişində Azərbaycanın Milli qəhrəmanlarının fotolarından ibarət guşə də var. Burada müasir idman avadanlığı ilə təchiz edilmiş idman otağı zabit və əsgərlərin ixtiyarındadır. Kazarmada dəftərxana, məişət otağı, ideoloji otaq yaradılıb. İdeoloji otaq Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixini, şanlı Ordumuzun əldə etdiyi qələbələri və dövlətimizin Azərbaycan hərbçilərinə göstərdiyi diqqəti əks etdirən əyani vəsaitlərlə təchiz olunub.

Əsgər və zabit heyətinin keyfiyyətli qidalanması üçün hərbi hissənin yeməkxanası da müasir səviyyədə qurulub. Yeməkxanadakı mətbəx və anbar müasir avadanlıqla təchiz edilib.

Bu hərbi hissədə yaradılan şərait bir daha sübut edir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illər maddi-texniki bazası daha da gücləndirilən Azərbaycan Silahlı Qüvvələri haqlı olaraq dünyanın ən qüdrətli ordularından biri kimi tanınır. Son dövrlərdə Silahlı Qüvvələrimizin əldə etdiyi uğurlar sübut edir ki, Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə istənilən anda düşmənə sarsıdıcı zərbə vurmaqla torpaqlarımızı işğaldan azad etməyə qadirdir.

 

Bu il aprelin əvvəllərində Ermənistan silahlı qüvvələri Ağdam və Tərtər rayonlarında qoşunların təmas xəttinə yaxın olan yaşayış məntəqələrini iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutmaları nəticəsində mülki əhalinin həlak olması və yaralanması ilə yanaşı, bir çox evlərə də ciddi ziyan dəyib.

Hadisədən dərhal sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə təmas xəttinə gələrək cəbhəboyu zonada vəziyyətlə yerində tanış olmuş, sakinlərlə görüşmüş, dağılmış evlərə baxmışdı. Prezident İlham Əliyev tamamilə dağılmış evlərin yerində yeni evlərin inşası, həmçinin ziyan dəymiş evlərin və sosial obyektlərin təmiri ilə bağlı konkret tapşırıqlar vermiş və Sərəncam imzalamışdır. Rayon icra hakimiyyətləri və müvafiq dövlət qurumları həmin Sərəncamın icrası ilə bağlı bütün lazımi tədbirləri görüblər.

Tərtərə səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva apreldə ziyan dəymiş evlərdə aparılan tikinti, bərpa və təmir işləri ilə tanış oldular.

Dövlət başçısı və xanımı həyətləri gəzdilər, tikilmiş və bərpa olunmuş evlərə baxdılar.

Azərbaycan Prezidenti İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-cı ilin mayında imzaladığı Sərəncama əsasən, mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Tərtər Rayon İcra Hakimiyyətinə 3 milyon manat vəsait ayrılmışdı. Dövlətimizin başçısı işin gedişini xüsusi nəzarətə götürmüşdü. İşlərin qısa müddətdə və keyfiyyətlə görülməsi üçün bütün qüvvələr səfərbərliyə alınmışdı. Ermənistan silahlı qüvvələrinin iriçaplı silahlardan və artilleriya qurğularından açdıqları intensiv atəş nəticəsində yaşayış məntəqələrində ciddi ziyan dəymiş evlərin və sosial obyektlərin tikintisi, təmiri və bərpası işləri altı ay ərzində başa çatdırılıb.

Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verildi ki, ümumilikdə rayonda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikilib, 8 ev bərpa olunub. Həmçinin 19 evdə əsaslı, 231 evdə isə cari təmir işləri aparılıb. Bundan başqa, Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri görülüb.

Dövlət başçısı və xanımı zərər çəkmiş evlərdə əsaslı bərpa işlərindən sonra yaradılmış şəraitlə tanış oldular, sakinlərlə söhbət etdilər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar