Tarix: 07.12.2016,   Saat: 22:14, Çərşənbə.          

İlham Əliyev: Kerrinin bəyanatı Qarabağ münaqişəsinin niyə həll olunmadığını bir daha göstərir

 “Con Kerrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son açıqlaması diplomatik insidentdir”.
 
Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev “Sputnik” agentliyinə müsahibəsində deyib.
 
“Oktyabrın 7-də Nazirlər Kabinetinin iclasında da bu açıqlama ilə bağlı fikrimi bildirmişəm. Mən dedim ki, münaqişənin həll olunmamasının günahını Azərbaycanın üstünə atmaq ən azı insafsızlıqdır. Bu bəyanat ABŞ-ın mövqeyinə ziddir. Prezident Obama Fransa və Rusiya prezidentləri ilə birlikdə “status-kvo”nun qəbuledilməz olduğunu bəyan ediblər. Birdən-birə dövlət katibi deyir ki, münaqişənin həllini görmür və bunu İsrail-Fələstin münaqişəsinə nisbətən həll etmək daha çətindir. Bu nə siqnaldır və onu kimə göndərir? Bu, Ermənistana mesajdır ki, məsələni İsrail-Fələstin münaqişəsi kimi uzatmalısınız? Bu tamamilə qəbuledilməz bəyanatdır. Bu bəyanat bir daha münaqişənin niyə həll olunmadığını göstərir”, - deyə o vurğulayıb.
 
Dövlət başçısı qeyd edib ki, münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların qərarları və qətnamələri yerinə yetirilmir: “Təcavüzkar ölkəyə təzyiq göstərilmir, əksinə bir qədər təcavüzkarın dəstəklənməsi siyasəti aparılır. Bizim problemimiz budur. Bizə deyirlər ki, münaqişə təkcə sülh yolu ilə həll olunmalıdır və sülh yolundan başqa yol olmamalıdır. Biz də deyirik ki, yaxşı gəlin həll edək. Axı beynəlxalq hüququ pozmaqla yanaşı, başqa ölkənin ərazisini zəbt etmək, əhalini oradan qovmaq və bu əraziləri nəzarətdə saxlamaq ədalətsizlikdir. Bu gün heç kəsə sirr deyil ki, Azərbaycan ordusu bir çox məsələlərin həlli üçün ciddi hərbi potensiala malikdir. Bizə deyirlər, sülh yolu, biz deyirik yaxşı, gözləyək. Lakin təcavüzkara təzyiq göstərmək əvəzinə biz belə bəyanatlar eşidirik”./apa/



  Bölmə: Gündəm | Baxış sayı: 289 | Tarix: 18.10.2016, 13:27


Xəbərlər