İlham Əliyev Ağstafa rayonuna səfərə gəlib
19.10.2016 975 0.0 0

Prezident İlham Əliyev Ağstafa rayonuna səfərə gəlib.

Dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə ətrafda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri barədə məlumat verdi. Bildirildi ki, ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemi qurulub.

 

 

Daha sonra, Prezident İlham Əliyev Ağstafaya səfəri çərçivəsində əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olub.

Respublikamızda bütün sahələrin inkişafında, dövlətimizin beynəlxalq nüfuzunun artmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin zəngin irsi ölkəmizin bütün bölgələrində öyrənilir. Ümummilli Liderin xalqımız qarşısındakı tarixi xidmətlərini daha dərindən öyrənmək məqsədi ilə Ulu Öndərin adını daşıyan muzeylər və mərkəzlər müstəsna əhəmiyyətə malikdir. Son dövrlərdə bir çox bölgələrdə bu cür mərkəz və muzeylər istifadəyə verilib. Bu baxımdan Ağstafada əsaslı şəkildə təmir edilərək yenidən qurulan Heydər Əliyev Mərkəzi də xüsusi rola malikdir.

Ağstafada Heydər Əliyev Mərkəzinin inşasına 2008-ci ilin fevralında başlanılıb və həmin ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub. Mərkəzin binasında 2016-cı ilin yanvar-fevral aylarında əsaslı təmir və yenidənqurma işləri aparılıb.

 

 

Əsaslı yenidənqurma işləri çərçivəsində mərkəzin dam örtüyü, havalandırma sistemi təzələnib. Mərkəzin 320 tamaşaçı yerlik açıq konsert meydanı yaradılıb. Dördmərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin barelyefi qoyulub. Mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət ekspozisiya zalları yaradılıb. Zallarda dahi şəxsiyyətlə bağlı bir-birindən maraqlı fotolar, sənədlər və digər eksponatlar nümayiş olunur. Burada Ulu Öndərin uşaqlıq, gənclik, tələbəlik illərində, həmçinin müxtəlif vəzifələrdə çalışdığı dövr və Ağstafaya səfərləri, rayon zəhmətkeşləri ilə görüşləri zamanı çəkilən fotoları maraqla qarşılanır.

Aparılan əsaslı təmir işləri nəticəsində mərkəzin funksionallığı daha da artırılıb. Mərkəzdə “Saloğlu” mebel və ”Akkord” tikiş fabriklərinin sərgi salonları açılıb.

Burada yaradılan 400 yerlik akt zalı müasir akustika avadanlığı ilə təchiz olunub. Akt zalında rayon əhəmiyyətli mühüm tədbirlərin keçirilməsi üçün hərtərəfli şərait yaradılıb. Mərkəzdə nikah mərasimləri üçün otaq, memarlıq, incəsənət, reklam, xalçaçılıq studiyaları fəaliyyət göstərəcək. Bundan başqa, burada distant təhsil, ekoturizm, uşaq yaradıcılığı və informasiya mərkəzləri, rəqs studiyası, rəsm qalereyası və dil kursları da yaradılıb. Kiçik kino zalı, 30 və 70 yerlik konfrans zalları da rayon sakinlərinin ixtiyarına veriləcək. Mərkəzin bütün inzibati otaqları zəruri avadanlıqla təchiz olunub.

 

 

Bundan başqa, Prezident İlham Əliyev Ağstafa şəhərində Musiqi Mərkəzinin açılışında iştirak edib.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Son dövrlərdə bölgələrdə müasir tipli yeni mədəni infrastruktur yaradılır. Bu, özünü mövcud mədəniyyət və incəsənət obyektlərinin yenidən qurulmasında və yenilərinin inşasında aydın göstərir. Ağstafada müasir üslubda inşa edilən Musiqi Mərkəzi də bu sırada mühüm yer tutur.

Qeyd edək ki, bu mərkəz 1970-ci ildə yaradılıb və bu günədək şəhər 1 saylı tam orta məktəbin yardımçı və təsərrüfat otaqlarında fəaliyyət göstərirdi. Yeni binada zəngin musiqimizin, musiqi alətlərimizin sirlərinə dərindən yiyələnmək üçün hərtərəfli şərait var. Musiqi Mərkəzinin inşası həm də gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli təşkili baxımından vacib layihələrdən hesab olunur. Zövqlə tikilən binada işlərin keyfiyyətlə həyata keçirilməsinə xüsusi diqqət yetirilib. Binanın ətrafında geniş abadlıq və yaşıllaşdırma işləri görülüb, ətrafda park salınıb, açıq konsert meydançası yaradılıb, ərazinin suvarılması və işıqlandırılması sistemləri quraşdırılıb.

Mərkəzin binası Prezident İlham Əliyevin 2014-cü il 30 iyun tarixli Sərəncamına uyğun olaraq inşa edilib. Qədim musiqi aləti olan ud formasında inşa edilən mərkəzin 300 şagird yerlik binası 3 mərtəbədən ibarətdir. Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub, Ümummilli Liderin və dövlətimizin başçısı İlham Əliyevin rayona səfərlərini və mədəniyyət sahəsinə diqqətini əks etdirən şəkillərdən ibarət fotostend yaradılıb. Mərkəzdə Azərbaycanın görkəmli bəstəkarlarının portretləri də asılıb. Yeni binada 39 sinif, qrup və məşğələ otağı var. Burada xor zalı, kitabxana və mətbəx-kafe də şagirdlərin ixtiyarına veriləcək.

 

 

Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış oldu.

Dövlət başçısına məlumat verildi ki, hazırda Ağstafa şəhər Musiqi Mərkəzində 90 müəllim çalışır və 269 şagird təhsil alır. Burada təhsil müddəti 5 və ya 7 ildir. Təhsil ocağında 400 yerlik müasir konsert zalı yaradılıb. Mərkəz yeni musiqi alətləri və inventarla təchiz edilib. Ümumi tikinti sahəsi 2400 kvadratmetrə yaxın olan bina mərkəzi isitmə sistemi ilə təchiz olunub, müasir havalandırma qurğuları quraşdırılıb.

 

Ölkə başçısı İlham Əliyev Ağstafa Rayon Mədəniyyət Mərkəzində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə də tanış olub.

Bu gün digər sahələr kimi mədəniyyət sahəsi də dövlətimizin yüksək qayğısı ilə əhatə olunub. Azərbaycanda mədəniyyət sahəsinə dövlət səviyyəsində gündən-günə güclənən qayğı bu gün özünü daha aydın büruzə verir. Bu sahədə çalışanların iş şəraitini günün tələbləri səviyyəsinə çatdırmaq üçün məqsədyönlü tədbirlər uğurla davam etdirilir. Ağstafa Rayon Mədəniyyət Mərkəzinin əsaslı şəkildə yenidən qurulması bu qəbildən olan tədbirlərdəndir. Bu cür layihələrin paytaxtla yanaşı, regionlarda da geniş vüsət alması, ümumilikdə, respublikamızda mədəniyyət sahəsinin inkişafına töhfə verir.

 

 

Dövlət başçısı Mədəniyyət Mərkəzinin binasında yaradılan şəraitlə tanış oldu.

Azərbaycan Prezidentinə məlumat verildi ki, Ağstafa Rayon Mədəniyyət Mərkəzinin yerləşdiyi bina 1950-ci ildə inşa edilib. Ötən müddətdə binada əsaslı təmir işləri aparılmadığından tikili köhnəlib və qəzalı vəziyyətə düşüb. Prezident İlham Əliyevin 2014-cü il 30 iyun tarixli Sərəncamı ilə başlanan əsaslı təmir işləri nəticəsində bina tamamilə yenilənib. Binada yenidənqurma və təmir işləri 2015-ci ilin dekabrında başa çatıb. Mərkəzin əsas tamaşa salonu tamamilə yenilənib və genişləndirilərək 220 yerlik olub. Salonda müasir oturacaqlar quraşdırılıb və yüksək standartlara uyğun səhnə yaradılıb. Havalandırma sistemi ilə təchiz olunan binanın ümumi sahəsi 680 kvadratmetrdir. Burada kafe, inzibati, yardımçı otaqlar və qrim otaqları, həmçinin kitabxana fəaliyyət göstərir. Mərkəzin yerləşdiyi Eyvaz Qələmçəli və Nüsrət Kəsəmənli küçələrində əsaslı təmir işləri aparılıb, müasir işıqlandırma sistemi yaradılıb, səkilərə dekorativ daş döşənib, asfalt örtüyü yenilənib.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar