«İlhamə demişdi ki, Mehribanın telefonundan nazirlərin, deputatların nömrələrini silin»
30.08.2016 1603 0.0 0

Şahid: “Mehriban içəri girən kimi özümü saxlaya bilməyib ona sillə vurdum”
Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Kəmalə Rüstəmova ifadə verib. O, ifadəsində ingilis dili müəlliməsi işlədiyini, Mehriban Hüseynovanı 2005-ci ildən tanıdığını, onunla dostluq münasibətləri olduğunu, xalq artisti İlhamə Quliyevanı da Mehribana görə tanıdığını göstərib: “Dəfələrlə Mehribanla birlikdə İlhamə xanımla ziyafətlərdə olmuşuq, bizi restoranlara aparırdı. Bir dəfə İlhamə xanım mənə zəng edərək çox əsəbi danışdı. Dedi ki, xəbərin varmı, Mehriban saxta sənədlər düzəldir, var-dövlətimi ələ keçirmək istəyir? Mehribanın belə bir şey edəcəyinə inanmadığımı bildirdim. Çünki o, İlhamə xanıma doğma balası kimi qayğı göstəriridi, qulluğunda dururdu. O vaxt İlhamə xanımın ayağı çox pis vəziyyətdə idi, Mehriban onun ayağını sarıyırıdı, xidmətində dururdu. İlhamə xanımla bu söhbətin ertəsi gün məsələni aydınlaşdırmaq üçün Mehribanı oraya çağırtdırdıq. Çünki İlhəmə xanım mənə səs yazıları vermişdi, orada mənim də, İlhamə xanımın ünvanına da xoş olmayan ifadələr səslənmişdi. Buna görə də, Mehriban içəri girən kimi özümü saxlaya bilməyib ona sillə vurdum. Həmin vaxt Vüqar Bəkirov, Ülvi Qılınc, Faiq Ələkbərli, Orxan da orada idi. İlhamə xanım demişdi ki, Mehriban gələn kimi telefonunu alın və içərisindən nazirlərin, deputatların, mənim tanışlarımın hamısının nömrələrini silin”.

Şahid daha sonra bildirib ki, xalq artisti İlhamə Quliyeva Mehribana baş etibarnamə verib: ”İlhamə xanım Mehribana dedi ki, mən sənə baş etibarnamə vermişəm ki, sən gedib onu başqasına verəsən? O söhbətdən sonra İlhamə xanım baş etibarnaməni ləğv etdirmişdi. Həmin gün Mehriban da hamıdan üzr istədi, ağlayıb dedi ki, məni bağışlayın. İlhamə xanım özü də dedi ki, Mehribanın mənə yaxşılıqları keçdiyinə görə bağışlayıram, Nazpərinin, Floranın, Brilyantın və Elzanın yanında məni biabır etməsin”.

Daha sonra şahid tərəflərin suallarını cavablandırıb. Məhkəmə prosesi sentyabrın 6-da davam edəcək.Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və barəsində həbs-qətimkan tədbiri seçilib. 

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib./bizimyol.info/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar