İKİ DÖVLƏT ARASINDA DİNİ ƏMƏKDAŞLIQ HAQQINDA PROTOKOL HAZIRLANIR
07.12.2014 1116 0.0 0

Azərbaycanda bizim mədəniyyət sahəsində fəaliyyətimiz üçün lazımi şərait yaradılıb və mən buna görə Azərbaycan hökumətinə təşəkkürümü bildirirəm.

Bu fikirləri Azərbaycan səfərini başa vurub Tehrana qayıdan İran İslam Respublikasının İslam Əlaqələri və Mədəniyyət Təşkilatının sədri Əbuzər İbrahim Türkman deyib.

Ə.İ. Türkman bildirib ki, Azərbaycan ilə İran arasında mədəniyyət sahəsində əməkdaşlığa heç bir maneə yoxdur. Mədəniyyət sahəsində əməkdaşlıq daha da genişlənərsə, hər iki ölkənin siyasi əlaqələri də inkişaf edəcək. İran ölkənin istənilən şəhərində Azərbaycanın Mədəniyyəti Günlərinin keçirilməsinə şərait yaratmağa hazırdır.

Azərbaycanda keçirdikləri görüşlərin faydalı olduğunu deyən Ə.İ. Türkman qeyd edib ki, görüşlərdə gələn il Azərbaycanda və İranda qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi haqqında razılıq əldə edilib.

İranın İslam Əlaqələri və Mədəniyyət Təşkilatının sədri Bakıda keçirdiyi görüşlərdə qarşılıqlı film həftələrinin, sərgilərin və mədəniyyətə həsr olunan konfransların da keçirilməsini təklif etdiyini və bu təkliflərin çox müsbət qarşılandığını bildirib.

Qeyd olunub ki, hazırda Azərbaycan ilə İran arasında dini sahədə əməkdaşlıq haqqında protokol hazırlanır. Hər iki ölkənin ekspertləri protokolun maddələri üzərində işləyirlər.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrini Tehrana dəvət etdiyini nəzərə çatdıran Ə.İ. Türkman bu səfər çərçivəsində protokolun imzalanacağını bildirib. Vurğulayıb ki, səfər zamanı iki ölkə arasında din sahəsində əməkdaşlığın qarşılıqlı ehtiram prinsipləri əsasında daha da inkişaf etdirilməsi barədə müzakirələr davam etdiriləcək.

http://azertag.az/xeber/816297


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar