Tarix: 03.12.2016,   Saat: 19:35, Şənbə.          

Hakim Cahangir Hacıyevin vəkilindən şikayət edəcək - YENİLƏNİB

 

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 21-ə təxirə salınıb.

 

Məlumata görə, prosesin fasilədən sonra davam etdirilməsi nəzərdə tutulsa da, təqsirləndirilən İbrahim Hüseynovun vəkili Azər Tağıyevlə Cahangir Hacıyevin vəkili  Aqil Layıcovun fasilədən sonra iclasa gəlməyiblər. Proses bu səbəbdən təxirə düşüb. Hakim vəkillərlə bağlı Vəkillər Kollegiyasına şikayət məktubu ilə müraciət olunacağını deyib.

 

 

***

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Məlumata görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə hakim bildirib ki, ifadə verməyən şahidlərin barəsində məcburi gətirilmə haqqında qərar çıxarılsa da, onlar ölkə xaricində olma və digər səbəblərdən iclasda iştirak etmirlər.

 

C. Hacıyevin vəkili Aqil Layıcovsa şahidlərin iştirakının vacib olduğunu deyib. Daha sonra həmin şahidlərin ifadələri elan olunub.

 

Şahid Vüqar Sadıqov ifadəsində "İnter Security" şirkətinin əməkdaşı olduğunu, adına pul götürüldüyünü, sənədlərə qol çəkdiyini deyib.

 

Şahid Tərlan İsmayılov isə Məmməd Cahangirovu əvvəldən tanıdığını deyib və başqa kredit işi ilə bağlı bankda olan zaman M. Cahangirov ondan şəxsiyyət vəsiqəsini alaraq başqa adamın adına 300 min kredit götürülməsini rəsmiləşdirib.

 

O da M. Cahangirova inandığından etiraz etməyib.

 

Daha sonra hal şahidi Ədalət Muradovun ifadəsi elan edilib. O, ifadəsində bildirib ki, Azad Cavadovun bağ evinə baxış keçirilməsində iştirak edib. Oradan silah və qılınc götürülüb. A. Cavadov isə həmin vaxt deyib ki, tapança ona məxsus deyil, qılınc dəsti ona hədiyyə olunub. Ov tüfəngi isə ona məxsusdur və sənədləri var.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının böyük inspektoru Ayaz Vəliyev isə ifadəsində bildirib ki, Beynəlxalq Bankdan fiziki şəxslərin adına verilmiş kreditlər, eləcə də C. Hacıyevin yaxınlarının adına olan kredit kartları vasitəsi ilə ayrılan kreditlərin verilmə qaydaları ilə bağlı yoxlama aparıblar. Yoxlamalar zamanı kreditlərin ayrılması zamanı qanunvericiliyin pozulması məlum olub.

 

Vəkil Azər Tağıyev bildirib ki, ifadələri elan olunan şəxslərin iclasa gətirilməsi vacibdir.

 

Təqsirləndirilən İbrahim Hüseynov isə bildirib ki, istintaqda bir neçə şəxs özünü onun rəhbəri olduğu şirkətin işçisi kimi təqdim edərək ifadə versə də, onlar həmin şirkətin işçisi olmayıb. Buna görə onların məhkəməyə çağırılmasını istəyib.

 

Hakim bildirib ki, şahidlər gələ bilmirlər. Daha sonra sənədlərin tədqiqnə başlanılıb. Bəzi sənədlər elan olunub. Proses günün ikinci yarısında davam edəcək.

 

Qeyd edək ki, C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur./apa/



  Bölmə: Ölkə | Baxış sayı: 274 | Tarix: 19.09.2016, 15:12


Xəbərlər