Hacı Əbdül 7 yaşlı oğlunu 3-cü dəfə Həccə aparır, Hacı Qalib də 29-cu dəfə Kəbəni ziyarətə gedir
28.04.2017 791 0.0 0

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ziyarət şöbəsi bu il Həccə getmək istəyən vətəndaşların sənəd qəbulunu davam etdirir. Builki Həcc mövsümündə azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulsa da, sonradan daha 300 yer əlavə olunub. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 ABŞ dolları təşkil edir.

Zəvvarlardan sənəd qəbulu üçün xarici pasport, şəxsiyyət vəsiqəsinin surəti, 4×6 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur.

Son illər Azərbaycandan olan bəzi zəvvarlar fasilə vermədən dalbadal Həcc ziyarətinə gedirlər. Hətta Həcc ziyarəti üçün müəyyənləşdirilən qiymətin yüksək olması belə, həmin zəvvarları durdura bilməyib.

Maraqlıdır, bəs bu il ziyarət paketinin qiymətinin daha da yüksəlməsi Həcc rekordu qıran zəvvarların səfər etməsinə mane olmayacaq ki?..

Qazeta.info Modern.az- istinadla bildirir ki, mövzu ilə bağlı “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülovla əlaqə saxlanılıb. Çünki Azərbaycandakı Həcc rekordçularından biri də odru. Hacə Əbdül bildirib ki, qiymətlərin yüksək olması onun Həcc sevgisini əngəlləyə bilməz.  


“Həcc ziyarəti elə bir xoş əməldir ki, bu yolu az getsən ləzzətini bilməzsən. Adam istəyir ki, ömrü boyu Həcc ziyarətinə getsin. Ora səfər etmək məhəbbət işidir. İnsanın qəlbində mütləq sevgi olmalıdır. Bu il 29-cu dəfə Həccə gedəcəm”.


Bir müddət əvvəl ürəyində problem yarandığı üçün müalicə alan Hacı Əbdül bu dəfəki ziyarətə də tək getməyəcəyini vurğulayıb.


“İnşallah, bu il də qismət olsa, Həcc ziyarətinə oğlum və adaşım Hacı Əbdüllə gedəcəyəm. Oğlumun 7 yaşı var. Bu il 3-cü dəfə ziyarətə gedəcək. Oğlum 5 yaşında Hacı olub. Yaşı az olsa da, getməməklə bağlı bir kəlmə də deməyib. Həm də oğlum Həcc ziyarətində mənə kömək edir. Həcc ziyarətinə yollanarkən nəinki, pulumu, canımı da verməyə hazıram. Qarşıdan Ramazan ayı gəlir. Səhhətim indi yaxşıdır. İnşallah bu il oruc tutub namaz qılacam”. 
 

Keçmiş deputat Hacı Qalib Salahzadə də zəvvarlar üçün ayrılan ziyarət paketinin qiymətindən danışıb.


“Həccə getmək müqəddəs səfərdir. Gərək içində sevgi olsun. Heç nə Həcc ziyarətimi həyata keçirməyi əngəlləyə bilməz. Bu il də qismət olsa Həcc ziyarətinə gedəcəm.
Məgər Həcc ziyarətinə getmək hər adama nəsib olur?! Bu elə bir səfərdir ki, gərək Allah onu insana qismət etsin. Heç vaxt pula görə ziyarətimi təxirə salmaram. Pulun çox olmasının önəmi yoxdur. Əsas odur ki, Allah bunu qismət etsin”.

Hacı Qalib Salahzadə bundan əvvəl 28 dəfə Həcc ziyarətində olub. Bu il o, 29-cu dəfə Həccə getməyə hazırlaşır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar