Həmməruzəçilər Azərbaycana səfərlərinin yekunları ilə bağlı bəyanat yayıblar
19.09.2017 544 0.0 0

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda Azərbaycana səfərlərinin yekunlarına dair bəyanat yayıblar.

 

Məlumata görə, bəyanatda bildirilir ki, səfər zamanı onlar Azərbaycanda ədliyyə sisteminin azadlığı, məhbusların saxlanma şəraiti, sərbəst toplaşma azadlığı və QHT sahəsində qanunvericilik məsələlərinə dair müzakirələr aparıblar. Görüşlərdə media azadlığı və Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının, o cümlədən İlqar Məmmədovun təxirə salınmadan azadlığa buraxılmasını tələb edən qərarın icrası məsələləri də müzakirə olunub.
 
Səfər zamanı həmməruzəçilər “Turan” İnformasiya Agentliyinin ofisinə gediblər və agentliyin rəhbəri Mehman Əliyevlə görüşüblər. “Biz agentliyin üzərindən vergi sanksiyalarının götürülməsinə dair xəbərləri alqışlayırıq və rəsmi şəxsləri Mehman Əliyevin üzərində olan bütün maddələri götürməyə çağırırıq. Biz Azərbaycan rəhbərliyinə səmimi danışıqlar və davam edən dialoq üçün təşəkkür edirik”, - deyə bəyanatda qeyd olunur. 

 

Səfər zamanı həmməruzəçilər Azərbaycan prezidenti, Prezident Administrasiyasının rəhbəri və ədliyyə nazirinin müavini ilə görüşüblər. Onların vətəndaş cəmiyyətinin üzvləri, jurnalistlər, hüquq müdafiəçiləri və həbsdə olan şəxslərin ailələri ilə görüşləri də olub. Həmməruzəçilər istintaq təcridxanasında Əziz Orucova, 10 saylı cəzaçəkmə müəssisəsində Fuad Qəhrəmanlıya və 14 saylı cəzaçəkmə müəssisəsində Mehman Hüseynova baş çəkiblər. Qonaqlar Qobustanda yerləşən həbsxanaya da gediblər.


“Azərbaycanda demokratik institutların fəaliyyəti” haqqında müzakirələrin oktyabrın 11-də AŞPA-nın plenar sessiyası zamanı keçirilməsi nəzərdə tutulub.

 

Xatırladaq ki, həmməruzəçilər sentyabrın 14-16-da Azərbaycanda faktaraşdırıcı səfərdə olublar./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar