General: `Ermənistan rəhbərliyinin cəbhədəki məğlubiyyətlərin əvəzini virtual məkanda çıxmaq niyyəti uğursuzluqla nəticələnir`
10.08.2017 771 0.0 0

“Ermənistan rəhbərliyi cəbhədəki məğlubiyyətlərin əvəzini virtual məkanda çıxmaq niyyəti ilə atdığı addımlar da uğursuzluqla nəticələnir”.

 

Bunu açıqlamasında hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib. 

 

Onun sözlərinə görə, erməni mətbuatı azərbaycanlıların cəbhə zonasında yerləşən kəndləri tərk etmələri barədə dezinformasiya xarakterli məlumatlar yayır: “Əminliklə deyə bilərəm ki, bu cür məlumatların əsası yoxdur. Əhali Azərbaycan Ordusuna güvənir, kəndlərdə rahat, arxayın yaşayır, gündəlik və təsərrüfat işləri ilə məşğul olur. Ermənistan silahlı qüvvələrinin vəziyyəti gərginləşdirmək məqsədilə yaşayış məntəqələrimizi və dinc əhalini mütəmadi atəşə məruz qoyması isə heç kəsi qorxutmur və kimsə də öz yurd-yuvasını tərk etmək niyyətində deyil. Ermənilərin şişirdərək guya yaşayış məntəqələrimizdə atəş nöqtələrinin yerləşdirilməsi və bu səbəbdən əhali ilə hərbçilər arasında mübahisələrin yaranması barədə yazdıqları da növbəti erməni riyakarlığıdır”.

 

Y. Aydəmirov qeyd edib ki, atəş nöqtələrimizin kəndlərdə yerləşdirilməsi iddiası Ermənistan hərbi rəhbərliyinin real vəziyyətdən tamamilə bixəbər olduğunu göstərir: “Qarşı tərəfdən fərqli olaraq Azərbaycanın hərbi kəşfiyyatı düşmən haqqında yetərincə və hərtərəfli məlumata malikdir. Odur ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin mətbuata ötürdüyü xəbərlər ancaq vəziyyətə bələd olmayan, daim aldadılan erməni əhalisi üçün keçərli ola bilər və özlərini təmizə çıxarmaq məqsədi daşıyır. Dezinformasiya məqsədilə düşmən tərəfindən sonuncu yayılan və cəbhəboyu kəndlərdə vəziyyətə dair olduğu iddia edilən guya “idarə rəisinin Müdafiə Nazirliyinin rəhbərliyinə ünvanladığı məktub”dur. Bu saxta “məktub” o dərəcədə bisavad və səriştəsiz hazırlanıb ki, onu ciddi qəbul etmək düzgün deyil. Bu, erməni qeyri-peşəkarları tərəfindən tələm-tələsik uydurulmuş və səliqəsiz düzülüb-qoşulmuş bir kağız parçasıdır. Ermənilərin bu kimi saxtakarlığı son günlər Azərbaycan mətbuatında işğalçı orduda neqativ hallar barədə ortalığa çıxan faktlara cavab olaraq ermənisayağı atılmış növbəti addımdır”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar