Əflatun Amaşov İran parlamentinin türk fraksiyasının rəhbəri ilə görüşüb
07.11.2016 657 0.0 0

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun İran İslam Respublikasının Mədəniyyət və İslam İrşadı Nazirliyinin dəvəti ilə Tehrana səfəri başlayıb.
 
Şuradan verilən xəbərə görə, noyabrın 9-dək davam edəcək səfərdə başlıca məqsəd İranın Mətbuat və xəbər agentlikləri məhsullarının 22-ci  beynəlxalq sərgisində iştirakdır.
 
Ə. Amaşov səfər çərçivəsində öncə İranın mədəniyyət və islam irşadı nazirinin müavini Hossein Entezami ilə görüşüb. Görüşdə İran və Azərbaycan arasındakı qarşılıqlı münasibətlərin hazırkı durumundan söz açılaraq məmnunluq ifadə olunub. Hər iki ölkənin media qurumlarının əməkdaşlığının da bu baxımdan tamamlayıcı rol oynayacağı bildirilib.
 
Növbəti görüş Mədəniyyət və İslam İrşadı Nazirliyinin xarici media ilə iş departamentinin direktoru Muhammed Cəfər Safi ilə olub. Görüşdə son illərdə Azərbaycan və İran mediası arasındakı münasibətlərdə intensivliyin nəzərə çarpdığı bildirilib. İrandan Azərbaycana, Azərbaycandan İrana qarşılıqlı jurnalist səfərlərinin təşkil olunduğu diqqətə çatdırılıb. Ə. Amaşov rəhbərlik etdiyi qurumun İran İslam Respublikasının Azərbaycandakı səfirliyi ilə yeni layihəyə start verdiyini vurğulayaraq layihə çərçivəsində görüləcək işlərin hər iki ölkənin kütləvi informasiya vasitələrini bir-birinə daha sıx bağlayacağına inamını ifadə edib.
 
MŞ sədri növbəti görüşünü İRNA xəbər agentliyinin icraçı direktoru Muhammad Xoddadi ilə keçirib. Görüşdə İran və Azərbaycan mediası arasındakı əməkdaşlığın hazırkı durumu, perspektiv vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
 
Ə. Amaşov İran parlamenti sədrinin I müavini, türk fraksiyasının rəhbəri Məsud Pezeşkianla da bir araya gəlib. Sərginin “Parlament mediası” guşəsində gerçəkləşmiş görüşdə M. Pezeşkian yeni yaradılmış və tərkibinə 100 deputatın daxil olduğu fraksiyanın perspektiv planlarından söz açıb. Tərəflər Azərbaycan və İran parlamentləri arasındakı əlaqələrin hazırkı durumundan məmnunluq ifadə ediblər. Ə. Amaşov Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin fəaliyyətini əks etdirən 2 cildlik kitabı M. Pezeşkiana hədiyyə edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar