Əflatun Amaşov Azərbaycan mediasının I Avropa Oyunlarına diqqətini dəyərləndirib
23.06.2015 769 0.0 0

 “Azərbaycan mediası I Avropa Oyunlarını kifayət qədər yüksək səviyyədə işıqlandırmaqdadır. Belə böyük miqyaslı hadisənin cəmiyyətə təqdim edilməsinin özü də yenilikdir. Çoxsaylı detalları nəzərə almaq zərurəti var. Bu mənada oyunlar mediamızın peşəkarlığını artırmaq baxımından da mühüm rol oynamaqdadır”. Bunu açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

 

Ə. Amaşov bildirib ki, I Avropa Oyunları jurnalistikanın ixtisaslaşması baxımından əhəmiyyətlidir: “Oyunların proqramına daxil edilmiş idman növlərinin bəzilərinin indiyədək cəmiyyətə təqdim edilməsinə çox az rast gəlinib. Buna görə müəyyən problemlərin nəzərə çarpması təbiidir. Digər tərəfdən, elə idman növləri də var ki, böyük hesabla Azərbaycan auditoriyası da onlarla ilk dəfədir tanış olur. Düşünürəm ki, oyunlar həm sırf idman jurnalistikasında diferensiallaşmaya müsbət təsir göstərəcək, həm də idmanın daha da kütləviləşməsinə şərait yaradacaq”.

 

Şura sədri qeyd edib ki, dünya mediasında başlıca mövzu I Avropa Oyunlarıdır: “Sadə Avropa insanının nəzərlərində biz kimik?! Zaman-zaman postsovet ölkəsi kimi tanınmışıq. Ümumən bu sahədə ciddi problemlərimiz olub və hələ də qalmaqdadır. Ancaq hesab edirəm ki, biz I Avropa Oyunları ilə qəlibləşmiş bir sıra mənfi stereotipləri sıradan çıxara bildik. Dünyaya öz varlığımızı geniş miqyasda təsdiqlədik. Burada mədəniyyətimizin, məişətimizin təbliği başlıca məqamdır. Məhz möhtəşəm açılış mərasimindən sonra I Avropa Oyunlarına maraq daha da artdı. Artıq dünya mediası həmin mərasimdən yazır, oradakı ayrı-ayrı elementlərin təhlilinə yer ayırır. Demək ki, başlıca mövzu bizik. Digər tərəfdən, oyunları işıqlandırmaq üçün ölkəmizə gəlmiş çoxsaylı media nümayəndəsinə də səmərəli fəaliyyət üçün hər cür imkan yaradılıb. Bütün bunlar ölkəmizin təbliği baxımından son dərəcə vacibdir”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar