Fikrət Yusifov: Əgər ölkəyə gələn turistin yadında o ölkə 82 faiz milli yeməklər hesabına qalırsa...
20.07.2017 1123 0.0 0

Dünya Turizm Təşkilatının 80 ölkə üzrə apardığı tədqiqatlar göstərdi ki, hər bir ölkəyə gələn turistin yadında qalan xatirələr içərisində 82%-dən çox pay o  ölkənin milli mətbəxinə məxsus olur. Nə qədər qəribə səslənsə də bu bir həqiqətdir. Turizmlə bağlı bu göstərici çox suallara cavab verməklə yanaşı, eyni zamanda çoxlu sayda suallar da yaradır. Məsələn, ölkəyə gələn turistlərin maraq dairəsinin əsasını təşkil edən milli kulinariyamızın bugünkü durumu necədir, milli mətbəximizin qorununb saxlanması, onun elmi-tarixi əsaslarla lazımınca inkişaf etdirilməsi, milli yeməklərimizin başqaları tərəfindən özgəninkiləşdirilməsinin qarşısının alınması   (xüsusilə ermənilər tərəfindən) istiqamətində hansı zəruri addımları atırıq, milli kulinarlarımızın layiqincə təqdim olunması üçün peşə hazırlığı sahəsində vəziyyət necədir? Apardığım araşdırmalar göstərir ki, ilk baxışda çox sadə görünən milli kulinariyamızın görünməyən üzündə kifayət qədər ciddi məsələlər hələ ki, açıq qalıb. Məsələn, müasir dövrə qədər gəlib çatmamış, lakin çox yüksək qiymətə layiq olan elə yeməklərimiz var ki, biz onları bu gün milli mətbəximizə qaytarmalıyıq. Əgər ölkəyə gələn turistin yadında o ölkə 82 faiz milli yeməklər hesabına qalırsa, deməli biz də bu məsələyə üzümüzü əsaslı şəkildə çevirməyi bacarmalıyıq. Bu gün gəldiyimiz istənilən ictimai iaşə ocağında bizə yanaşan ofsiantın bülbül kimi ötdüb sadaladığı standart və hər dəfə təkrarlanan azsaylı eyni yeməklərin sırasınıa vaxtılə yüksək qiymətə layiq olmuş lakin zaman zaman unudulmuş yeməkləri qaytarmaqla, bu sahədə əsaslı bir dönüş edib, çox uğura imza ata bilərik.

Bəs bu gün milli kulinariyamız necə idarə olunur?

 

Müstəqillik illərində Milli Kulinariyamızın əldə etdiyi uğularda 1991-ci ilin aprel ayında Nazirlər Kabinetinin qərarı ilə yaradılmış Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) rolu kifayət qədər böyük olub. Bu Mərkəzin direktoru Azərbaycanın ilk Kulinariya ensiklopediyasının müəllifi, əməkdar mədəniyyət işçisi, mühəndis texnoloq, tarix üzrə fəlsəfə doktoru, kulinariyya elminin bütün incəliklərini bilən, milli kulinariyamızın dünyada tanıdılması və onun  qorunmasında əvəzsiz xidmətləri olan Tahir Əmraslanovdur. Vaxtilə Rusiyanın  Sankt-Peterburq şəhərində öz peşəsini dünyaca məhşur müəllimlərdən öyrənmiş T.Əmiraslanov 25 ildən artıqdır ki, bu mərkəzə rəhbərlik edir. Azərbaycan mətbəxi bu müddət ərzində dünyanın ayrı-ayrı ölkələrində keçirilmiş sərgilərdə, festivallarda və başqa tədbirlərdə onun rəhbərliyi ilə kifayət qədər böyük uğurlara imza atılmışdı. Bu uğurların miqyasına qısa bir nəzər salmaqla dediklərimizə tam aydınlıq gətirmək mümkündür.  Azərbaycan Milli Kulinariya Mərkəzi 1992-ci ildən Ümumdünya Kulinariya Təşkilatları Birliyinin, 1998-ci ildən isə YUNESKO-nun Xalq Yaradıcılığı Təşkilatının Ənənəvi Qida Komitəsinin üzvü (2002-ci ildən sədridir), 2017-ci ildən isə Dünya İslam Kulinariya Birliyinin üzvüdür  (vitse-prezidentidir). Ötən müddətdə müxtəlif ölkələrdə keçirilmiş Dünya Kulinariya Konqreslərində, Kulinariya çempionatı və olimpiadalarında onlarca qızıl, gümüş, bürünc medallar, bir sıra başqa mükafatlar əldə edilmiş, Rusiya, Fransa, Avstriya, Almaniya, Yaponiya, Özbəkistan, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Belçika, Çin və s. ölkələrdə Azərbaycan mətbəx mədəniyyəti günləri keçirmiş, Azərbaycanın mətbəx tarixini, mədəniyyətini dövlət siyasəti səviyyəsində özəlləşdirən bədnam qonşularımızı beynəlxalq səviyyədə ifşa edib və onların dövlət səviyyəsində onillər boyu bu yöndə apardıqları kompaniyanı dayandırmaq mümkün olmuşdur.

 

Milli Kulinariya Mərkəzi, Azərbaycanı dünyada yeni qida nəzəriyyəsinin banisi kimi tanıdıb  və hazırda bir sıra xarici ölkələrin universitetlərinin tələbələri Azərbaycan mətbəxindən imtahan verirlər. AMKM-in səyləri nəticəsində Azərbaycan sabiq SSRİ məkanında Ümümdünya Kulinariya Təşkilatları Birliyinə (ÜKTB) qəbul edilən ilk ölkə (1992-ci il) olmuşdur. AMKM-in müstəsna himayədarlığı ilə sonralar Rusiya (1994), Ukrayna və Özbəkistan (2002), Belarusiya, Serbiya (2006), Türkiyə, Qazaxıstan, Moldova (2008), Qırğızıstan (2014)  ÜKTB-yə üzv qəbul edilmişlər. Hazırda AMKM bu sahədə Gürcüstana yardım edir.

 

AMKM-in əməkdaşları Rusiya Kulinariya Assosiasiyasının Dünya Kulinariya Təşkilatları Birliyində təsis etdiyi ən yüksək kulinariya mükafatının - «Ləyaqət Nişanının», Ukraynanın ən yüksək kulinariya mükafatının - “Кулинарное слово” kimi mükafatların kavaleri, Beynəlxalq İnsani Dəyərlər Fondunun,  İctimai Tanınma Akademiyasının, Mədəniyyət və incəsənət üzrə Dünya Ustaları təşkilatın, Ümümdünya  Kulinariya təşkilatları Birliyinin ən yüksək kulinariya mükafatları ilə təltif edilmişdir.

 

Bu gün Milli Kulinariya Mərkəzi Respublikada kulinariyanın problemləri ilə peşəkar səviyyədə məşğul olan və milli kulinariya mədəniyyətinin təbliği üçün çalışan yeganə təşkilatdır. Mərkəzin hazırladığı mütəxəssislər respublikanın aparıcı müəssisələrində, xarici ölkələrdə (Amerika, Almaniya, Rumıniya, İngiltərə, Yunanıstan və s.) çalışırlar. Azərbaycanın aparıcı otellərində mətbəxlərə rəhbərlik edirlər.

 

Sadalanan bu uğurlar Mərkəzin və onun rəhbərliyinin gərgin əməyinin nəticəsində mümkün ola bilmişdi.

Bəs Milli Kulinariyamızın qarşısında həlli vacib sayılan hansı məsələlər durur?

 

 Milli Mətbəximizi beynəlxalq aləmdə yüksək səviyyədə təqdim etmək, onu kimlərinsə özününküləşdirməsindən qorumaq və hərtərəfli inkişaf etdirməklə bağlı məsələlərin həlli üçün ilk növbədə dövlət  səviyyəsində dəstəyin gücləndirilməsinə böyük ehtiyac var. 1997-ci ildən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Kulinariya Mərkəzi dövlət büdcəsindən maliyyələşir. Ancaq, milli kulinariyamızın qarşısında duran qlobal məsələlərin lazım olan səviyyədə həll edilməsi üçün dövlət dəstəyinin gücləndirilməsinə ehtiyac var.

 

 Bu gün Azərbaycanda milli kulinariyamız üçün peşə hazırlığı sahəsində işlər zəif təşkil olunub. Bu işlə bir neçə texniki-peşə məktəbi məşğul olur. Bu səviyyədə isə yüksək peşə hazırlığı keçmək real deyil. Hesab edirəm ki, artıq Azərbaycan Milli Kulinariya Akademiyasının yaradılmasının vaxtı çatıb. Biz bu akademiyanı yaradıb, zəngin mətbəximizin verdiyi dividentlər hesabına qısa müddət ərzində onu dünyanın ən mötəbər təhsil ocaqlarından birinə çevirə bilərik. Azərbaycan mətbəxinə xaricdən olan çox böyük maraq hesabına çoxsaylı xarici tələbələrin ödənişli əsaslarla bu akademiyada təhsil almasına şərait yaranar. Burada yeni heç nə yoxdur. İnkişaf etmiş ölkələrdə bu yol artıq keçilib və uğurlar kifayət qədərdir.

 

Fikrət Yusifov

Iqtisad elmləri doktoru,

professor


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar