FHN su kanalında batan şəxsin ailəsindən pul tələb edilməsinə dair iddialar münasibət bildirib
07.08.2017 777 0.0 0

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə avqustun 5-də saat 19:55 radələrində İmişli rayonundakı Çaxırlı kəndi ərazisində kanalda çimərkən 1992-ci il təvəllüdlü Nağıyev Elvin Oktay oğlunun batması haqqında məlumat daxil olduqdan dərhal sonra Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən 5 nəfər dalğıc-xilasedici və 2 texnika cəlb edilib.

 

FHN-dən APA-ya verilən məlumata görə, vətəndaşın meyiti avqustun 7-də hadisə yerindən 50 kilometr aralıda aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

 

“Hadisə ilə bağlı bəzi kütləvi informasiya vasitələrində xilasedicilərin axtarış işləri üçün guya zərərçəkmişin ailəsindən 5000 manat pul tələb etməsi haqqında əsassız iddialar yer alıb. Bildiririk ki, Fövqəladə Hallar Nazirliyinin Daxili təhlükəsizlik Baş idarəsi tərəfindən bununla bağlı aparılan araşdırma, həmçinin batan şəxsin ailə üzvləri ilə söhbətlər zamanı sözügedən iddia təsdiqini tapmayıb”, - deyə məlumatda qeyd olunub.

  

FHN bir daha kütləvi informasiya vasitələrinə müraciət edir ki, nazirliyin fəaliyyəti ilə bağlı informasiya yaymazdan əvvəl FHN-in mətbuat xidməti ilə dəqiqləşdirmə aparsınlar.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar