Fəhim Taştəkin: «Suriyada rejim dəyişikliyi və parçalanma İranı hədəf halına gətirər» - MÜSAHİBƏ
13.09.2016 774 0.0 0

Orta Şərqdə cərəyan edən proseslərə dair kitab və məqalələrin müəllifi Fəhim Taştəkinin APA-ya müsahibəsi
 
- Fevraldakı atəşkəsdən sonra Hələbdə yeni atəşkəsə nail olmaq üçün ABŞ və Rusiya ikinci dəfə razılığa gəldi. Budəfəki durumu necə dəyərləndirirsiniz?
 
- Keçən ilin payızında Rusiyanın (eyni zamanda, İran və Livandakı “Hizbullah”ın) birbaşa hərbi dəstəyini alan Suriya ordusu bu il  Hələbə bir neçə dəfə geniş hücum təşkil etsə də, şəhəri tamamilə əlinə keçirə bilmədi. Hələbin tamamilə təslim olmamasında və Suriya ordusunun o hücumlarda  müəyyən dərəcədə güc itirməsində Səudiyyə Ərəbistanı və Türkiyənin oradakı qruplara dəstəyinin rolu böyükdür. Budəfəki atəşkəs təşəbbüsünün arxasında Rusiyanın problemi yenidən masa arxasında həll etmək niyyəti dayanır – bunu istəyən və ABŞ ilə razılaşdıran Rusiyadır. Bundan əvvəlki razılaşmalarda ABŞ İŞİD-ə qarşı mübarizədə könülsüz davranırdısa, bu dəfə  İŞİD həm Rusiyanın, həm də ABŞ-ın hədəfi halına gəldi. Türkiyə və İran Hələbdəki atəşkəslə bağlı razılıq bildirsələr də, bu dəfə də fevraldakı durumun təkrarlanacağını deyə bilərəm. Bölgədəki tarazlıqları 24 avqustda Türkiyənin Cerablusa girməsi az da olsa dəyişdirsə də, bundan sonrakı mərhələdə Türkiyənin önəmli aktyor ola biləcəyini düşünmürəm. Atəşkəsin davam etməsi də bölgədə həm oyunçu, həm də koordinator vəzifəsini yerinə yetirən ABŞ-ın bundan sonra izləyəcəyi siyasətə bağlıdır. Çünki ABŞ bir tərəfdən İŞİD-ə qarşı təsirli mübarizə aparmaq məcburiyyətində ikən, digər tərəfdən, öhdəsinə aldığı kürdləri də qorumağı özünün vəzifəsi biləcək. Bölgədəki bütün aktyorların baxımından mürəkkəb vəziyyət davam edir.
 
- Suriyada cərəyan edən prosesləri İran özünün həyati məsələsi sayır. Hələbdəki atəşkəsin davam etməsi və ya etməməsi İranın bölgədəki funksiyalarına necə təsir göstərəcək?
 
- İşin əvvəlindən bəri  Suriyada cərəyan edən prosesləri İran öz nüfuz sahəsinə müdaxilə hesab edir. İndiki vəziyyətdə Suriyadakı hakimiyyətin dəyişməsi və ölkənin parçalanması növbəti mərhələdə İranın özünün hədəf halına gəlməsinə səbəb ola bilər. İranın vəziyyəti Rusiya üçün də çox önəmlidir. Əslində biz proseslərin üzdə olan tərəflərini görürük, ancaq unutmayaq ki, bölgədə marağı olan bütün ölkələr öz aralarında gizli diplomatik danışıqlara bir an da olsun ara vermirlər. Hazırkı atəşkəs məsələsində Suriyanın tutduğu mövqe İran üçün də həyati dərəcədə əhəmiyyətlidir. Suriyanın əldən getməsi Livanın və bölgədəki “Hizbullah”ın əldən getməsi deməkdir ki, yaranacaq olan domino daşı təsiri İranı da öz əhatəsinə ala bilər. Digər tərəfdən, Əsədin getməsi nəticəsində Suriyada hakimiyyət sünnilərin əlinə keçə bilər ki, bu da İran üçün növbəti kabus olar. Ona görə bölgədə marağı olan bütün ölkələr bir an belə boşluğa yol vermədən hərbi-diplomatik cəhdlərinə davam edirlər.
 
- Hələbin taleyinin qeyri-müəyyən şəkildə qalmasında əsas rolu Səudiyyə Ərəbistanı ilə Qətərin maddi dəstəyi oynayır?
 
- İndiki mərhələdə Qətər bir qədər arxa planda qaldı, Səudiyyə Ərəbistanı ilə Türkiyənin əməkdaşlığı davam edir. Suriya dövlət ordusunun Hələbi azad edə bilməməsinin əsas səbəbi də o əməkdaşlıqdır. Türkiyənin Cerablusa girməsi Səudiyyə Ərəbistanının xoşuna gələn həmlədir. Bölgədəki bütün proseslərin missiyasını və koordinasiyasını ABŞ öz üstünə götürüb. ABŞ iki qanad ilə də oynamağa çalışır. İkitərəfli strategiyanın birinci tərəfini Mərkəzi Kəşfiyyat İdarəsi həyata keçirərək Türkiyə və İordaniya üzərindən Suriya müxalifətinə dəstək verir. Pentaqon isə kürdlərlə və türkmənlərin də daxil olduğu digər müxalif qruplarla işləyir. Türkiyə Suriya kürdlərini terrorçu kimi gördüyü üçün hal-hazırda ABŞ Türkiyə ilə kürdlərin arasında qalıb. Rusiya isə ABŞ ilə geniş planda əməkdaşlıq etsə də, Səudiyyə Ərəbistanına məsafəli dayanır. Bu baxımdan bölgədə tarazlıq və razılaşma əldə edilməsinin nə qədər mürəkkəb kombinasiyalara bağlı olduğunu görməkdəyik.
 
- Son günlərdə İŞİD-in Suriyadakı paytaxtı Rakkanın azad edilməsi üçün Türkiyənin oraya gedə biləcəyindən danışılmağa başlandı. Bu barədə nə demək istərdiniz?

 
- Rakka Cerablus deyil. Sərhədin o tərəfində 10-15 kilometrlik bir dərinlikdə  əməliyyat keçirmək ayrıdır, bir çox bölgədən keçərək Rakkada hərbi əməliyyat təşkil etmək başqadır. Rakkaya qarşı hərbi əməliyyat təşkil edə bilməsi üçün türk ordusunun Fərat çayının sol sahilinə keçməsi lazımdır ki, oradakı kürdlərlə razılaşmadan bunu etmək mümkün deyil. Türkiyə bölgədəki kürd qrupları terrorçu saydığına görə, indiki vəziyyətdə onlarla anlaşması ehtimal daxilində deyil. Digər tərəfdən, Rakkaya qədər getmək bir dövlətin dərinliklərində hərbi əməliyyatlara təşəbbüs etməkdir ki, bu durumda o dövlətin ordusuyla savaşmağınız da qaçılmaz ola bilər. Rakka şəhərinin İŞİD üçün də önəmli olduğunu və  onların da öz paytaxtlarını asanlıqla tərk edə biləcəklərini unutmamaq lazımdır. Oraya ən qısa yol kürdlərin nəzarətindəki Tel-Abyaddan keçir. Xatırlayırsınızsa, Süleyman Şah türbəsini İŞİD-in olduğu bölgədən uzaqlaşdıranda bölgədəki kürdlər Türkiyəyə kömək etmişdilər, indi isə eyni dəstəyi vermələri çox çətin görünür. Bütün variantları təhlil edəndə Türkiyənin Rakkada əməliyyat keçirə biləcəyinə dair açıqlamaların ABŞ-a təzyiq məqsədi daşıdığını, Vaşinqtonu bölgədəki kürdlərdən uzaq tutmağa yönəldiyini görürük. Türkiyə bundan ABŞ-a qarşı kart kimi istifadə etməyə çalışır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar