Ermənistanın «Dağlıq Qarabağ ordusu» yalanı
11.05.2016 950 0.0 0

Ermənistanın Alagöz rayonunun Cərcəyiz kəndindən hərbi xidmətə çağırılmış yəzidi kürdü Tosun Amoyanın atası oğlunun Dağlıq Qarabağa göndərilməsinə etiraz edib.   

Məlumata görə, yəzidi kürdlərin milli birliyi “Sincar”ın mətbu orqanı olan “DengeEzdia”da Tosun Amoyanın atası Rzqan Amoyanın şikayətinin video yazısı yerləşdirilib. Rzqan Amoyan bildirib ki, onun oğlunun qollarında problem olduğu halda Ermənistan ordusu ona heç bir tibbi yardım göstərmədən Qarabağa göndərib.

Ermənistanda övladlarının Dağlıq Qarabağa hərbi xidmətə göndərilməsinə yalnız yəzidi kürdlər deyil, ermənilər də etiraz edirlər. Erməni mətbuatına sızan materialları diqqətlə izlədikdə artıq Ermənistanda Dağlıq Qarabağın ilhaqını nəzərdə tutan “miatsum” hərəkatının tarixə qovuşduğunu, sadə insanların övladlarının hərbi xidmətdən sağ-salamat geri dönməsini istədiyini aydın görmək olur.

 

Tosun Amoyan - zorla Qarabağa göndərilmiş yəzidi kürdü 



Dağlıq Qarabağda hərbi xidmət zamanı isə bu mümkün olmur və işğalçı orduda xidmət keçən erməni əsgər müxtəlif səbəbdən dünyasını dəyişməli olur - ya minaya düşür, ya təmas xəttində gedən atışma zamanı həlak olur, ya da Ermənistan ordusundakı qarabağlı muzdlularla tez-tez yaşanan toqquşmalar zamanı öldürülürlər. Vəziyyət o qədər kəskinləşib ki, artıq erməni analar hərbi hissələrdə qətlə yetirilmiş övladlarının ölümü ilə bağlı istintaq aparılması üçün xüsusi təşkilat yaradıblar. Hətta 2011-ci ildə Ermənistan parlamentinin önündə aksiyalar keçirən erməni analara məsələ ilə bağlı xüsusi deputat istintaq komissiyası yaradılacağına söz vermişdilər, lakin bu vədə əməl edilmədi. Erməni anaların ən gərgin etiraz aksiyaları 2015-ci ildə yaşandı, onlar prezident Serj Sarkisyanın iqamətgahının önündə günlərlə davam edən etiraz aksiyası keçirdilər. Erməni analar öz etirazlarını Ermənistan prezidentinə çatdırmaq istəyirdilər. Lakin Serj Sarkisyan onlarla görüşdən imtina etdi. 


Şikayət edənlər arasında Dağlıq Qarabağda hərbi xidmət zamanı şikəst olmuş Ermənistan vətəndaşlarının valideynləri də var. Məsələn, Ermənistanın Lori vilayətinin  Marqaovit kəndinin sakini Qriqor Yesayan 2001-ci ildə Azərbaycanın Xocavənd rayonunda hərbi xidmət zamanı şikəst olmasından şikayətçidir. Qriqor Yesayan onunla birlikdə hərbi xidmət keçmiş Ermənistan vətəndaşı, Maralik şəhər sakini Arkadi Qazaryanın isə hospitalda keçindiyini bildirir.


Bu kimi faktlar göstərir ki, rəsmi İrəvanın Azərbaycanla müharibəni “Dağlıq Qarabağ ordusu”nun aparması, Ermənistanın bu müharibəyə heç bir dəxlinin olmaması barədə iddiaları tamamilə yalandır. Ermənistan rəhbərliyi Qarabağdakı işğalçı ordusuna bu adı verməklə münaqişəyə milli-azadlıq donu geyindirməyə çalışır və qeyd edək ki, bu məsələdə xeyli uğur əldə edib. Münaqişə ilə bağlı 1990-cı illərdə BMT və başqa beynəlxalq qurumlar tərəfindən qəbul edilmiş qətnamələrdə işğalçı Ermənistan ordusundan bəhs edilməyib və yalnız Dağlıq Qarabağdakı erməni birləşmələri ifadəsi işlədilib. Vəziyyət yalnız 2001-ci ildə Corc Buş Amerika prezidenti seçildikdən sonra dəyişməyə başladı. Azərbaycanı Dağlıq Qarabağla federativ müqaviləyə sürükləməyə çalışan ermənipərəst Bill Klintonu əvəz edən yeni prezident Dövlət Departamenti adından Konqressə xüsusi məktub göndərərək Azərbaycan ərazilərinin Dağlıq Qarabağdakı erməni silahlı birləşmələri tərəfindən deyil, Ermənistan ordusu tərəfindən işğal edildiyi vurğulanmışdı. Bu, mərhum prezident Heydər Əliyevin seçki qabağı Amerikada Buş ailəsinə qonaq gedərək vəziyyəti izah etməsinin sayəsində baş tutmuşdu.   

Amma bu məsələdə ən kəskin dönüş keçən il Avropa Şurasının Parlament Assambleyası (AŞPA)  çərçivəsində edildi. Qurum çərçivəsində müzakirə edilən iki sənəddə Ermənistan ordusunun Azərbaycan ərazilərini işğal etməsi faktı qeyd edildi. Müzakirələr zamanı erməni deputat Ermine Naqdalyanın işlətdiyi təhqiramiz ifadələrə görə Ermənistan nümayəndə heyəti müzakirələrdən çıxarıldı. İndi erməni siyasətçilər Azərbaycanın bu məsələdə uğur qazanması və məsələnin işğal  olduğunu sübut etməyə başlaması barədə həyəcan təbili çalırlar.

Əslində, “Dağlıq Qarabağ ordusu” kimi təqdim edilən silahlı birləşmələr barədə müxtəlif ensiklopedik resurslardakı məlumatlar da bunun Ermənistan ordusunun bir bölümü olduğunu ortaya çıxarır.  Məsələn, “Wikipedia”da yerləşdirilmiş materiallara görə, “Dağlıq Qarabağ ordusu”nun şəxsi heyətinin yarıdan çoxu Ermənistan sakinləridir.  Böyük ehtimalla əsgərlərin əsas hissəsi Ermənistandan hərbi xidmətə çağırılanlardır. Əslində, zabitlərin də əksəriyyəti Ermənistanda anadan olanlardır, sadəcə onları Dağlıq Qarabağda qeydiyyata salıblar ki, “ölkə vətəndaşı” olduqlarını iddia etsinlər, amma onları Ermənistan vətəndaşlığından çıxarılması inandırıcı deyil.

 

Ermənistan ordusu işğal edilmiş Azərbaycan ərazisində


Adətən “Dağlıq Qarabağ ordusu”nun başına gətirilmiş şəxslər Azərbaycanda anadan olsalar da, Dağlıq Qarabağı təmsil etsələr də, onların əksəriyyəti Ermənistan vətəndaşları olublar. Bununla da sonradan çox rahatlıqla Ermənistanda rəhbər vəzifələrə gətiriliblər. Məsələn, 1989-1993-cü illərdə «Dağlıq Qarabağ ordusu»na rəhbərlik etmiş qarabağlı Serj Sarkisyan 1993-cü ildə Ermənistan müdafiə naziri təyin edilib. 1999-2007-ci illərdə “Dağlıq Qarabağ ordusu”nun komandanı olmuş şuşalı Seyran Ohanyan isə 2007-ci ildə sadəcə qurum daxili karyera yüksəlişi çərçivəsində Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi, 2008-ci ildə isə müdafiə naziri təyin edilib.   

Əslində, Dağlıq Qarbağı işğal etmiş  və “Dağlıq Qarabağ ordusu”nun sələfi olduğu iddia edilən erməni silahlı birləşmələri Qarabağdan kənarda Ermənistan rəhbərliyinin himayəsi altında yaradılıb. Bu işdə SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçovun da ciddi himayəsi olub. İlkin addım 1987-ci ildə atılıb - Ermənistandan 80 minə yaxın hərbi mükəlləfiyyətli adam  mülki müdafiə hazırlığı adı altında Tiflis yaxınlığındakı Vaziani hərbi poliqonuna aparılıb. Erməni dilində keçirilmiş təlimlərdə onlara SSRİ-nin tezliklə dağılacağı və 80 minlik Ermənistan oldusunun Naxçıvan, Qarabağ və Gəncəni işğal etməli olduğu bildirilib. Bu birləşmələrə Tiflisdə anadan olmuş peşəkar erməni hərbçilər Arkadi Ter-Tadevosyan və Xristofor İvanyan, həmçinin rus hərbçi Anatoli Zineviç rəhbərlik edib. 
1988-ci ildə həmin ordunun ilk birləşmələri artıq Qarabağda yerləşdirilmişdi və hətta zirehli texnikaya malik idi. Həmin illərdə regionda yaşayan azərbaycanlılardan hətta ov tüfəngi də alınmışdı. Buna görə də Moskvanın himayəsi ilə yaradılmış Ermənistan ordusu Azərbaycan müstəqil olan anda xeyli əraziləri işğal etmişdi. Regionda yerləşən azərbaycanlı yaşayış məntəqələrindən dinc əhalini çıxarmaq da bu ordu üçün elə də çətin olmadı, çünki onlara müqavimət göstərəcək heç bir qüvvə yox idi. Azərbaycan yalnız 1993-cü ilin sonlarına nizami ordu yarada bildi və uğurlu Horadiz əməliyyatı ilə Ermənistan ordusunun hücumunu dayandırdı.  Horadiz əməliyyatı zamanı minlərlə erməni əsgər öldürüldü və Azərbaycan ordusu 20-dən çox kəndi geri qaytardı. 

Aprel döyüşləri göstərdi ki, Azərbaycan ordusu bu ötən illər ərzində çox güclənib və Ermənistan ordusunun üzərində şəksiz üstünlüyə malikdir. Amma Azərbaycan diplomatiyası da güclənməlidir və erməni diasporuna, lobbisinə, haqsız yerə Ermənistanı müdafiə edən psevdo-xristian təəssübkeşlərinə qələbə çalmalıdır. Azərbaycan diplomatiyası Ermənistanın uydurduğu “Dağlıq Qarabağ ordusu» mifini dağıtmalı və Azərbaycan ərazilərinin Ermənistan ordusu tərəfindən işğal edildiyini sübut etməlidir.  Bu, Azərbaycana öz ərazi bütövlüyünü hərbi yolla təmin etmək üçün beynəlxalq səviyyədə şəksiz xeyir-duanı təmin edəcək. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar