Tarix: 10.12.2016,   Saat: 16:38, Şənbə.          

Erkin Qədirli: «Adımı siyahıdan çıxardılar, dedilər ki, ermənilər iştirakıma etiraz edə bilərlər»

ReAL Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli ABŞ Konqresində keçirilmiş dinləmələrdə iştirak siyahısından adının çıxarılmasına aydınlıq gətirib.

 

Məlumataə görə, E. Qədirli "facebook" səhifəsində yazıb ki, dinləmələrdən öncədən xəbəri olmayıb: "Toplantıya bir həftə qalmış mənə Vaşinqtondan yazdılar ki, belə bir dinləmə olacaq, oraya məni dəvət etmək istəyirlər. Dedim, gələ bilməyəcəyəm, yol uzaq, həvəs yox, pul da az. Dedilər ki, problem deyil, bütün xərcləri dəvət edən tərəf ödəyə bilər". E Qədirli bildirib ki, daha sonra ona ABŞ-ın Bakıdakı səfirliyi Qurban Bayramına görə işləmədiyi üçün vizanı almağa vaxt qalmadığından "Skype"la qoşulmağı təklif ediblər, o da bununla razılaşıb.

 

"Açığı, "Konqresdə dinləmə" adıyla toplantıya qatılmaqda həvəssizliyimin başqa, daha önəmli səbəbi vardı. Xatırlayırsınızsa, 2013-cü ildə, prezident seçkiləri zamanı, ReAl-dan məni, Milli Şuradan da Eldar Namazovu dəvət etmişdilər Konqresin Helsinki Komissiyasına. Dəvətdə "dinləmə" yazılmışdı, biz də dinləmə adıyla oraya getdik. Tədbirə bir gün qalmış Helsinki Komissiyasının aparat işçiləri məni şam yeməyinə dəvət etdilər. Gözəl insanlar, xoş ovqat, rahat ortam. Amma! Söhbət heç yaxşı olmadı. Komissiyanın aparat işçiləri məndən üzr istəyərək dedilər ki, sabahkı tədbir dinləmə yox, brifinq olacaq. Yəni, heç bir konqresmen gəlməcəyək, özünüz danışacaqsınız". Həvəsim elə öldü ki (həvəs mənim üçün çox önəmlidir). O boyda yolu gəl, sonra da sənə desinlər ki, bəs sözünüzü eşidən olmayacaq" - bunu E. Qədirli yazıb.

 

O bildirib ki, tədbirə gələndə də Amerikan konqresmenlərinin yerinə azərbaycanlı deputatlar Səməd Seyidovla Asim Mollazadəni görüb.

 

"Bu dəfə mənim dəvətimi təşkil edən dostlardan bir neçə dəfə soruşdum: "Dəqiq dinləmədir, yoxsa, keçən dəfəki kimi, yenə axırda brifinqə endirəcəklər?" Dinləmə yerinə brifinq olacaqsa, qatılmayacağımı dedim. Məni inandırdılar ki, dinləmə olacaq. Odur ki, "Skype"la qoşulmağa razılaşdım. Məndən çıxışımın mətnini istədilər. Dedilər ki, maksimum 800 söz olmalıdır (təxminən 5 dəqiqəlik çıxış). Bu qədər problemi 800 sözün içinə necə yerləşdirəsən? Nə isə, yazdım, 1600-dan çox söz alındı. Dedilər, problem deyil, göndər, mətni burada yayarıq, amma sən çıxışında ancaq 800 sözün içində danışmalı olacaqsan. Razılaşdım.

 

Dinləmələrə bir gün qalmış, Bakı vaxtıyla gecə idi, mənə yazdılar ki, bəs, alınmır, məni siyahıdan çıxarıblar. Səbəbini soruşdum, dedilər ki, bəs kimlərsə konqresmenlərə mənim üç il bundan öncə yazdığım "Xocalı statusu"mdan xəbər verib. Hər şey mənə aydın oldu".

 

O, konqresmenlərə bunu konkret kimin göndərdiyini də öyrənmək istəyib: "Cavab ala bilmədim. Adamlar məndən incidi. Dedilər ki, onlar mənə güvənirdi, mənsə onları pis vəziyyətdə qoydum və s. İşin emosional tərəfi ilə bağlı nəsə demədim, amma məsələni izah edə biləcəyimi yazdım (çünki bilirəm axı, sözlərimi təhrif edilmiş, kontekstdən çıxarılmış, üstəlik içinə yalan qatılmış şəkildə göndəriblər). İzahımı istəmədilər. Dedilər ki, qərar qəbul olunub. Konqresmenlər tədbirin pozula biləcəyini ehtimal edərək belə qərar veriblər. Çünki oraya jurnalistlər gələcək, erməni təşkilatlarından qatılanlar da ola bilər. Yəni, guman üzərində verilmiş bir qərar oldu. Dedilər ki,ermənilər, ya da jurnalistlər tədbirin başında, ya da ortasında mənim iştirakıma etiraz edə bilərlər, bu da dinləminin gedişatını poza bilər".

 

E. Qədirli bildirib ki, ona qarşı "konqresmenlərə xəbərçiliyin olduğunu" dəqiq bilir: "Ən son anda - dinləmələrə bir gün qalmış - məni siyahıdan çıxardılar. Hərçənd, ona qədər hər şey yaxşı gedirdi. Birbaşa yazışdığım adamlardan xəbərçiliyin haradan gəldiyini öyrənə bilmədim. Çox guman ki, onlar da bilmir".

 

O, bu məsələ ilə bağlı gümanları olduğunu, lakin bunu sübuta yetirə bilmədiyini də qeyd edib.

 

E. Qədirli ABŞ səfirliyinin iki ildən artıq onu danışdırmadığını da yazıb: "Heç yerə dəvət etmədi - hamısı da bu söhbətlərə görə oldu"./apa/



  Bölmə: Siyasi | Baxış sayı: 348 | Tarix: 16.09.2016, 18:10


Xəbərlər