Elmar Məmmədyarovun atası vəfat etdi- Foto
02.01.2022 461 0.0 0


Görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli, Neft-Kimya Prosesləri İnstitutunun Sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri, akademik Məhərrəm Məmmədyarov 98 yaşında vəfat etmişdir.

Qazeta.info xəbər verir ki, bu barəda Azərbaycan Milli Elmlər Akademiyası məlumat yayıb.

Bildirək ki, Məmmədyarov Məhərrəm Əli oğlu 1924-cü il oktyabrın 17-də Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. 1932-ci ildə Yaycı kəndinin 7 illik məktəbinə daxil olmuş və oranı 1939-cu ildə bitirmişdir. 1939-1941-ci illərdə Naxçıvan Pedaqoji Texnikumunun tələbəsi olmuş, 1941-1942-ci illərdə Culfa rayonunda ibtidai sinif müəllimi vəzifəsində çalışmışdır. 1943-1944-ci illərdə İkinci Dünya müharibəsi cəbhələrində vuruşmuş, bir sıra orden və medallarla təltif olunmuşdur. O, 1944-cü ildə ağır yaralanmış, hospitalda müalicədən sonra ordu sıralarından tərxis olunmuşdur.

Alimin elmi tədqiqatlarının nəticələri 5 monoqrafıyada, 500-ə qədər elmi məqalədə və 60-dan artıq ixtirada öz əksini tapmışdır. M.Məmmədyarov 6 elmlər doktoru və 21 elmlər namizədi yetişdirmişdir.

M.Məmmədyarov dəfələrlə elmi məruzələrlə beynəlxalq, ümumittifaq və respublika səviyyəli konfranslarda çıxış edərək, elmin müxtəlif sahələrinə - ümumi və tətbiqi kimya, neft kimyası, kataliz, polimerlər, epoksid birləşmələri, ümumi biotexnologiya, kimya və neftkimya biotexnologiyasına aid maraqlı məlumatlar vermiş, ölkəmizi müxtəlif yığıncaqlarda, simpoziumlarda, qurultaylarda, Moskva, Leninqrad, Kiyev, Minsk, Riqa, Tbilisi, Alma-Ata, Düşənbə, Daşkənd və s. şəhərlərdə layiqincə təmsil etmişdir.

M.Məmmədyarov elmi-tədqiqat işləri ilə tanışlıq və təcrübə mübadiləsi məqsədi ilə bir sıra xarici ölkələrdə (Rusiya, Misir, Çexoslovakiya, Rumıniya, Meksika, Türkiyə, Fransa) elmi ezamiyyətdə olmuşdur.

Alim Azərbaycan SSR Dövlət Mükafatı Laureatı (1980), SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə faşist-alman işğalçıları ilə mübarizədə göstərdikləri cəsarət, möhkəmlik, şücaətə görə və 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində sovet xalqının qələbəsinin 40 illiyi şərəfinə “I dərəcəli Vətən Müharibəsi” ordeni (1985), ətraf mühitin qorunması və təbiətdən istifadə problemləri sahəsində keçirilmiş baxış-müsabiqənin ən yaxşı işinin qalibi kimi respublika elmi-iqtisadi cəmiyyətinin İdarə Heyətinin Fəxri fərmanı (1987), “SSRİ-nın Silahlı Qüvvələrinin 70 ili” medalı (1988), Y.H.Məmmədəliyev adına medal (1995), Azərbaycan Respublikasının “Şöhrət” ordeni (2005), İslam Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının “Elm və texnologiya” mükafatı (2006), Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adı (2009), Y.H.Məmmədəliyev adına mükafat (2014), “Şərəf” ordeni (2014), “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” (2019) və digər mükafatlara layiq görülmüşdür.

Xatırladaq ki, mərhum alim keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun atasıdır.

Allah rəhmət eləsin!

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar