Elmar Məmmədyarov: `Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapmaqla regiona hərtərəfli inkişaf gətirəcək`
06.03.2017 609 0.0 0

“Ümidvaram ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yaxın perspektivdə ədalətli həllini tapmaqla regiona hərtərəfli inkişaf gətirəcək”.
 
Məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Fəcr” qəzetinə müsahibəsində deyib.
 
Nazir bildirib ki,1991-ci ilin 18 oktyabrında müstəqilliyini bərpa edən Azərbaycan bu illər ərzində uğurlu siyasi və iqtisadi kurs həyata keçirib, inkişafda olan milli iqtisadiyyatın quruluşu böyük nəticələrə gətirib çıxarıb: “Belə ki, xalqın rifahı nəzərəçarpan dərəcədə yüksəlib, ölkənin, xüsusən də paytaxtın siması kəskin şəkildə müasirləşib və çağdaşla qədimliyin sintezini təşkil edir. Bu gün Azərbaycanda iqtisadiyyatın inkişafı, qeyri-neft sektorunun diversifikasiyası istiqamətində köklü islahatlar həyata keçirilir. Azərbaycan xarici sərmayəçilər üçün ən çox cəlbedici məkana çevrilib. Hazırkı nikbin duruma arxalanaraq, deyə bilərəm ki, gələcək gözləntilərim son dərəcə ümidvericidir. Belə ki, bu günlərdə TAP, TANAP, Böyük İpək Yolu, Şİmal-Cənub kimi nəhəng qlobal enerji və nəqliyyat layihələri həyata keçirilir. Bu da öz növbəsində, ölkəmizin siyasi və iqtisadi müstəqilliyini daha da möhkəmləndirəcək, xalqımızın rifahını daha da artıracaq”.
 
Nazir bildirib ki, Azərbaycan mühüm qlobal enerji və nəqliyyat dəhlizlərinin keçdiyi unikal coğrafi məkandır: “Dünyada baş verən iqtisadi böhran və siyasi hərc-mərcliklərə  baxmayaraq, Azərbaycandakı mövcud siyasi və iqtisadi sabitlik, həmçinin ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanınması qlobal layihələrin həyata keçirilməsində iştirak üçün münbit zəmin yaradır. Bu kimi amillər nəhəng qlobal oyunçuları cəlb edir və bizim beynəlxalq nüfuzumuzu artırır.
 
Hazırda Azərbaycan geosiyasi və geoiqtisadi cəhətdən bölgənin ən əhəmiyyətli və perspektivli ölkəsi hesab olunur. Azərbaycan transmilli enerji ixracı dəhlizləri və nəqliyyat-kommunikasiya sistemində əlverişli mövqeyə malikdir.  Təsadüfi deyildir ki, ölkəmiz regionda həyata keçirilən bütün beynəlxalq əhəmiyyətli layihələrin həm təşəbbüskarı, həm də iştirakçısı rolunda çıxış edir. Regionun lider dövləti kimi Azərbaycan son illərdə bir sıra beynəlxalq əhəmiyyətli mədəniyyət və idman tədbirlərinə uğurla ev sahibliyi etməkdədir. Bu isə ölkəmizin geosiyasi əhəmiyyətini daha da artırmaqla, beynəlxalq aləmdə onun nüfuzunun daha da güclənməsinə vəsilə olur”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar