Elman Nəsirov: ABŞ-da seçkilər xalqın iradəsinə deyil, konkret qrupların maraqlarına xidmət edir
26.10.2016 472 0.0 0

“ABŞ-da seçicilərin 10 faizə yaxınının şəxsiyyətini təsdiq edən heç bir sənədi, pasportu, hətta sürücülük vəsiqəsi yoxdur”
 
 “ABŞ-da prezident seçkiləri marafonu finişə yaxınlaşdıqca, bir həqiqət ortaya çıxır ki, bu ölkədə prezident seçkiləri sözün həqiqi mənasında böyük bir siyasi şoudur”.
 
Bunu açıqlamasında millət vəkili, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov bildirib.
 
E. Nəsirov deyib ki, ABŞ-ın seçki sisteminin arxaikliyi, köhnəlməsi və xalqın siyasi iradəsini ortaya qoymaq üçün çox uğursuz bir seçki sistemi olması heç kəsdə şübhə doğurmur: “Əvvəla, ABŞ-da xalq birbaşa seçkilərdə iştirak edə bilmir. Bu seçki sisteminin ən böyük qüsuru bundan ibarətdir. Əgər xalq öz siyasi iradəsini birbaşa, açıq şəkildə ortaya qoya bilmirsə, biz bunu necə demokratik seçki adlandıra bilərik? Məsələ ondadır ki, ABŞ-ın seçki qanunvericiliyinə görə əslində amerikalı seçicilər prezidenti seçən insanları seçirlər, özləri prezidenti seçmirlər. Prezidenti seçən insanların sayı isə 538 nəfərdir. Yəni Konqresdəki konqresmenlərin, senatorların sayı qədərdir. 438 konqresmen, 100 senator var. ABŞ-da reallıqda 538 nəfər prezidenti seçir. Eyni zamanda, burada əcaib bir prinsip var. “Səslər qalibə verilir” prinsipi işləyir. Məsələn, ABŞ-ın ən böyük ştatı Kaliforniyadır. Kaliforniya ştatında 54 seçki kollegiyası var. Yəni 54 nəfər prezidenti seçmək hüququna malikdir. Ştatda xalq 54 nəfəri seçir, 54 nəfər isə prezidenti seçməlidir. Tutaq ki, Kaliforniya ənənəvi olaraq demokratların qalib gəldiyi ştatdır, burada 30 nəfər demokrat namizədin lehinə, 24 nəfər isə respublikaçı namizədin lehinə səs verdi. Belə olan vəziyyətdə 24 səsi də 30 səsə əlavə edirlər və  “səslər qalibə verilir” prinsipi işləyir. Beləliklə, bütün 54 səsi demokratlar qazanmış olur. O halda sual yaranır ki, bəs 24 səs harada qaldı, niyə bu səslər demokratlara verilməlidir?! Göründüyü kimi, bu, əcaib bir seçki sistemidir”.
 
E. Nəsirov ABŞ-da məhz iki partiyanın bir-birini əvəz etməsinin də normal hal olmadığını vurğulayıb: “Niyə məhz iki partiya bir-birini əvəz etməlidir, üçüncü bir partiyanın seçkilərdə şans qazanmaq imkanları niyə məhdudlaşıb? Faktiki olaraq ABŞ-da ikipartiyalı sistem əslində təkpartiyalı sistemin özüdür. ABŞ-dakı seçki sisteminin hər zaman bir partiyanın hakimiyyətdə olduğu totalitar rejimlərdən nə fərqi var? Əsrlərdir ki, ABŞ-da seçki sistemi bu cürdür. Sovet İttifaqında da belə idi, hər zaman Kommunist Partiyası hakimiyyətdə idi. ABŞ-da da hər zaman ya demokratlar, ya da respublikaçılar hakimiyyətdədir. Biz bunu təkpartiyalı sistemin fərqli konfiqurasiyası kimi qeyd edə bilərik. ABŞ-da seçki sisteminin ən əcaib xüsusiyyətlərindən biri də odur ki, ABŞ-da hətta kütləvi şəkildə ölmüş insanların seçkilərdə iştirakı qeydə alına bilir. Ən son məlumata görə, 2 milyona qədər vəfat etmiş seçici qeydə alınıb. ABŞ-da seçicilərin 10 faizə yaxınının şəxsiyyətini təsdiq edən heç bir sənədi, pasportu, hətta sürücülük vəsiqəsi yoxdur. Başqa sözlə, şəkli, möhür olan heç bir sənədi yoxdur. Təbii ki, belə olan halda onların seçki prosesindən kənarda qalması labüddür”.
 
Millət vəkili qeyd edib ki, ən dəhşətli məqamlardan biri ABŞ-da seçki prosesində beynəlxalq müşahidəçilərin iştirakına çox ciddi maneələrin olmasıdır: “ABŞ-ın 50 ştatından cəmi 4-nün qanunvericiliyində yazılıb ki, onlar beynəlxalq müşahidəçiləri seçki prosesinə cəlb edə bilərlər. Xüsusilə də, 4 il əvvəl ABŞ-da ATƏT-in müşahidə missiyasının başına gələnlər çox düşündürücüdür. Texas ştatında ştatın baş prokuroru ATƏT-in müşahidə missiyasına ultimatum şəklində bildirmişdi ki, əgər müşahidəçilər seçki məntəqəsinə 30 metrdən çox yaxınlaşsalar, hamısı həbs ediləcək. ABŞ-da seçki prosesinin reallığı bundan ibarətdir. ABŞ-ın yaradıcılarından biri olan Hamiltonun sözlərini xatırlamamaq mümkün deyil. Hamilton deyirdi ki, ABŞ-da seçkilər əslində iki canavarın və bir qoyunun “axşam yeməyində nə yeyək” məsələsini səsverməyə çıxarmasına bənzər bir şeydir. Bu halda iki səsin birə nisbətində qoyun yeyilir. Yəni iki canavar səs verir ki, qoyun yeyilsin. ABŞ-da seçki prosesinin demokratikliyi budur”.
 
E. Nəsirov hesab edir ki, bütün bunlar ABŞ-da seçki marafonunun xalqın iradəsinə deyil, konkret qrupların maraqlarına xidmət etdiyini göstərir: “Haqlı olaraq bu gün bir çox sosioloji sorğu mərkəzlərinin gəldiyi qənaət bundan ibarətdir ki, xalqın yox, milyarderlərin müdafiə etdiyi namizəd prezident seçilə bilir. Ən son məlumata görə, Hillari Klintona daha çox milyarder dəstək verir, onun seçki kampaniyası ilə bağlı fonda 70 milyon dollar vəsaitin yığıldığı bəllidir. Respublikaçı Donald Trampın seçki fondunda 18 milyon dollar vəsait yığılıb. Təsadüfi deyil ki, ABC telekanalının keçirdiyi sorğunun nəticələrinə görə hazırda Hillari Klinton rəqibini 12 faiz üstələyir. Yəni 50:38 faiz nisbəti var. Bu proses həm də onu göstərdi ki, prezident olmaq üçün namizədlər bir-birlərini demək olar ki, hər şeydə ittiham edir, insana yaraşmayan ifadələrdən istifadə edirlər. Məsələn, Donald Tramp Hillari Klintonu xəstə olmaqda ittiham edir və deyir ki, ölkəni idarə edəcək vəziyyətdə deyil. Hillari Klinton isə deyir ki, bəli, ola bilsin ki, Donald Trampla müqayisədə sağlam deyil, Tramp sağlamlığına görə ata bənzəyir, ancaq bu, Rusiya prezidenti Vladimir Putinin minib çapdığı atdır. Bir-birlərinə qarşı belə ifadələr işlətməkdən çəkinmirlər. Yeri gəlmişkən, İran prezidenti Həsən Ruhanidən soruşublar ki, ABŞ-da prezidentliyə namizədlərdən hansının qalib gəlməsini istəyərdi? Həsən Ruhani də deyib ki, sentyabr ayında BMT-nin Baş Assambleyasında olarkən də dövlət başçılarından biri ona bu sualı verib, o da cavab verib ki, ABŞ xalqı mürəkkəb seçim qarşısında qalıb, ya ən pisdən pisi seçməli, ya pisdən ən pisi seçməlidir”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar