Tarix: 03.12.2016,   Saat: 15:36, Şənbə.          

Elman Məmmədov: Milli Şura xaricdən Azərbaycanda sabitliyi pozmaq tapşırığı alıb

"Milli Şura" adı ilə meydana çıxan bu qeyri-milli toplum özünün bütün fəaliyyəti ilə sübut edir ki, bunlar nəyəsə nail olmaq üçün təkcə hakimiyyətə qarşı müxalif deyil, dövlətçiliyimizə, millətimizə, müstəqilliyimizə qarşı da müxalifdirlər, düşmən mövqedə dururlar.

Bunu Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, bu qurumda təmsil olunanlar Azərbaycan qanunlarının əleyhinə gedərək, Azərbaycanın dövlətçiliyini, müstəqilliyini sarsıtmaq üçün, Azərbaycanda mövcud olan sabitliyi, əmin-amanlığı pozmaq üçün xarici dairələrdən göstəriş alırlar:

“Bunlar xarici səfirliklərdən, bir sıra beynəlxalq qurumlardan və başqalarından təlimat alırlar. Buna nə ad vermək olar?! Bu, Azərbaycan dövlətçiliyinə qarşı düşmənçilikdən başqa bir şey deyil. Xarici dairələr onlara maliyyə verir və bunun müqabilində qarşılarında tapşırıq qoyur ki, siz Azərbaycan dövlətçiliyini zəiflətmək üçün, Azərbaycan əleyhinə hədyan çıxışlar edilməsi üçün bu şərtləri yerinə yetirməlisiniz. Onlar da bunlara verilən proqram üzrə hərəkət edirlər”.

Millət vəkili qeyd edib ki, "Milli Şura" kimi qurumlar ötən illər ərzində heç nəyə nail olmadıqları kimi, bundan sonra da heç nəyə nail ola bilməyəcəklər: “Onlar artıq etimadı itirmiş insanlardır. Əgər sən xarici dairələrə xidmət edirsənsə, hansı millilikdən danışırsan?! Bunların keçirdiyi mitinqlər də, orada səsləndirilən fikirlər də çoxdan oxunmuş bayatılardır”./trend/



  Bölmə: Gündəm | Baxış sayı: 174 | Tarix: 20.09.2016, 07:24


Xəbərlər