Tarix: 03.12.2016,   Saat: 19:37, Şənbə.          

Dünyanın ən bahalı, ən görməmiş toyu: 2 milyon dollarlıq gəlinlik - VİDEO

Hindistanda böyük qalmaqal yaşanır. Ölkə mediası çox qəzəbli və sinirlidir. Səbəbsə sabiq nazir Canardhana Reddinin qızı Brahmani üçün etdiyi toydur.

Milli.az-ın məlumatına görə, ölkə mediası bu toyu "dünyanın ən bahalı, ən görməmiş toyu" adlandırıb.

Səbəblər az deyil və onların arasında sadəcə biri yetər: gəlinin əynindəki paltarın dəyəri nə az, nə çox - düz 2 milyon dollar olub.

 

 

Toy 74 milyon dollara başa gəlib.

Sabiq nazir Canadhana Reddi qızının gəlin paltarına 2 milyon, onun zinət əşyalarına və daş-qaşına 10 milyon dollar ödəyib.

Milli valyuta olan rupinin dəyərdən düşdüyü, ölkə iqtisadiyyatında ağır problemlər yaşandığı bir dönəmdə Hindistandakı toy milyonlarla insanı qıcıqlandırıb.

5 milyard rupinin, yəni 74 milyon dolların xərcləndiyi toy ölkə mediasında geniş müzakirə olunur.

Toya qonaqlar xüsusi hazırlanmış və Fransada çap olunmuş dəvətnamələrlə çağırıblar. Hər dəvətnamə qızıl suyuna çəkilmişdi, brilyant və yaqut qaşlarla bəzədilmişdi. Dəvət səndəl ağacından hazırlanan, qapağında "toyun xəritəsi" olan işıq diodlu qutuya qoyulmuşdu. Qutu açılanda qapaqdakı kiçik monitorda sabiq nazirlə xanımının ifasında "toya dəvət mahnısı"nın klipinin avtomatik nümayişi başlanırdı. Klipi Hindistanın məşhur rejissorları çəkmişdilər və orada məşhur hind aktyorlar, aktrisalar da çəkilmişdilər.

 

 

 

Qutuda dəvətnamə ilə yanaşı, çərəzlər də vardı.

5 gün davam etmiş toya hazırlıq 3 ay çəkib. Sabiq nazir qızının toyunu "möhtəşəm hazırlamaq" üçün Çindən pirotexniklər, Fransadan dizaynerlər, Almaniyadan səs texnikləri, ABŞ-dan isə peşəkar işıq şouları ustalarını dəvət etmişdi.

Toyun ssenarisini Hindistanın məşhur kinorejissorları arasında yer alan 8 nəfər hazırlamışdı.

Toy Hindistanda milli valyuta rupinin devalvasiyasından iki gün sonra başlanıb. 500 və 1000 rupilik əskinasların da dövriyyə buraxılması ölkədəki maliyyə durumunu daha da ağırlaşdırıb.

Milyonlarla hindus bir günün içində əmanətlərinin "itməsi" ilə üzləşib.

Bankların qarşısında çox uzun növbələr yaranıb.

 

 

C.Reddinin dediyinə görə, Banqalor şəhərində, habelə Sinqapurdakı daşınmaz əmlakını girov qoyaraq banklardan kredit götürüb, 6 ay əvvəl toya hazırlaşmağa başlayıb.

Banqalor şəhərindəki "Bangalore Palace"dakı toyun son günündə yüzlərlə peşəkar rəqqas və rəqqasə şou göstəriblər.

Toyda xüsusi dekorasiyalar tikilib və onlar qədim hinduist məbədlərinə bənzəyirdilər. Qonaqların təhlükəsizliyini 300 cangüdən və 300 polis təmin edib.

"Bharata Caanata Parti"nin sabiq funksioneri C.Reddi Karnataka ştatında nazir idi. (publika.az)

 

 



  Bölmə: Mədəniyyət | Baxış sayı: 1039 | Tarix: 16.11.2016, 14:02


Xəbərlər