Dünyada ilkə imza atan dahi azərbaycanlı (FOTO)
01.06.2015 844 0.0 0

Bu günlərdə SSRİ-nin, indi isə Rusiya Federasiyasının kosmodromu Baykonurun 60 illiyi qeyd edilir. Bu kosmodromun adı çoxları üçün tanışdır. İçərisində Yuri Qaqarinin olduğu "Vostok" kosmik gəmisinin fəzaya göndərilməsindən (1961) sonra kosmodromun nüfuzu dütün dünyaya yayılmışdı. Qazaxıstan Respublikasının Karaqanda vilayətində yerləşən Baykonur kosmik tədqiqatlar proqramını həyata keçirmək üçün təsis edilmişdi. Baykonur kosmodromunun əsası 1955-ci il 2 iyun tarixində qoyulub. Artıq bu tarixində nə az, nə çox düz 60 il keçir. Kosmodromda ilk sınaq işləri üçün 527 mühəndis və 237 texnik işçi olmaqla ümumilikdə 3600 insan cəlb olunmuşdu. Bu işlərin nəticəsi olaraq 1957-ci ildə Yerin ilk süni peyki Baykonurdan buraxılmışdı.

Təbii ki, kosmodromun bu uğurları kollektiv iş və peşəkarların fəaliyyəti nəticəsində əldə olunub. Şübhəsiz ki, bu peşəkarların içərisində bir ada daha çox diqqət çəkir. Baykonurun təməli qoyulan gündən Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən olan Kərim Kərimov kosmodromda çalışmağa başlayıb. O, Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının tərkibinə daxil edilmişdi. Kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın kosmosa göndərilməsində bu azərbaycanlının böyük rolu olub. Bunun nəticəsi kimi ilk kosmonavt Yuri Qaqarinin tarixi uçuşu uğurla başa çatdıqdan sonra Kərim Kərimov SSRİ-nin ən yüksək ordeni – Lenin ordeni ilə təltif olunmuşdu. 

 

 

1945-ci ildən böyük mühəndis vəzifəsində çalışmağa başlayan Kərim Kərimov 1965-ci ildə Kosmik Vasitələr İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Həmin ildə o, Ümumi Maşınqayırma Nazirliyinə ezam olunub.

1975-ci ildə "Apollo" və "Union" gəmilərinin rekonstruksiyası və uçuşun hazırlığı ilə əlaqədar iş Kərim Kərimovun məsuliyyətində idi. Yeni yaradılan bu nazirlik kosmik sənayenin bütün müəssisələrini özündə birləşdirirdi. Lakin K.Kərimovun istedadını və təşkilatçılıq qabiliyyətini yüksək qiymətləndirən məşhur konstruktor S.P.Korolyov 1966-cı ildə təkidlə onun Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri təyin edilməsinə nail olmuşdu. O, bu məsul vəzifədə 25 il çalışmışdı. 

Kosmik uçuşlarla bağlı bütün sistemlərin hazırlığını yoxlayan, uçuşun başlanmasına icazə verən məhz Kərim Kərimov idi. Kosmik səyahətə çıxan və tapşırığı yerinə yetirib geri dönən uçuş heyətlərinin hesabatlarını qəbul edərək heç vaxt televiziya reportajlarına düşməyən şəxs də Kərim Kərimov idi. 1974-cü ildə Kərim Kərimov əsas vəzifəsi ilə paralel olaraq Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutu direktorunun birinci müavini kimi elmi-təşkilatçılıq fəaliyyətinə qatılmışdı. O dövrdə sovet kosmonavtikasının fəxri sayılan, alim-mühəndis zehninin qələbəsi kimi qəbul edilən kosmik aparatlar onun fəal iştirakı və birbaşa rəhbərliyi ilə yaradılmışdı. Onların sırasında yeni nəsil "Soyuz" kosmik gəmiləri, "Salyut" orbital stansiyası, sonradan isə çoxmodullu "Mir" stansiyasının adlarını çəkmək olar. 

 

 

 

Azərbaycanla əlaqəni kəsməyən, Azərbaycan Elmlər Akademiyasının Aerokosmik Tədqiqatlar Mərkəzinə əlindən gələn köməkliyi göstərən general bir çox azərbaycanlı alimin bu sahədə fəaliyyət göstərib inkişaf etməsi üçün şərait yaratmışdı. 1991-ci ildə istefaya çıxan Kərim Kərimov ömrünün sonunadək kosmik sahə ilə əlaqəsini kəsməmiş, Uçuşları İdarəetmə Mərkəzinin məsləhətçisi olmuşdu. 

 

 

İstehsalat-təşkilat və elmi fəaliyyətinə görə general-leytenant Kərim Kərimov Sovet İttifaqı Qəhrəmanı fəxri adına, iki dəfə Lenin ordeninə, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenlərinə layiq görülmüş və çoxlu medalla təltif olunmuşdur. Kərim Kərimov 2 dəfə dövlət mükafatı alıb. O həmçinin Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilmiş, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilmişdi. General-leytenant Kərim Kərimov 2003-cü ildə Moskva şəhərində vəfat edib və orada da dəfn olunub. 

Bu yaxınlarda görkəmli alim-konstruktor general-leytenant Kərim Kərimovun xatirəsinə həsr edilən “Yüksəliş" sənədli filmi də ictimaiyyətə təqdim edildi. Filmdə 1945-ci ildən 2013-cü ilədək arxivlərdə saxlanılan nadir sənədlərdən istifadə edilməklə yanaşı, Kərim Kərimovun kosmos elminə töhfələri, ulu öndər Heydər Əliyevin Azərbaycanda kosmonavtikanın inkişafı ilə bağlı gördüyü işlər, SSRİ-də kosmonavtikaya həsr edilən ilk konqresin Azərbaycanda keçirilməsinə dair maraqlı kadrlar da yer alıb. 

Çəkilişlər Moskvada, Bakıda və Baykonurda aparılıb. Fimlin təqdimat mərasimində Rusiya Elmlər Akademiyasının geologiya informasiya mərkəzinin direktoru, təyyarəçi-kosmonavt, Sovet İttifaqı Qəhrəmanı Valentin Lebedev və tibb elmləri doktoru, professor, SSRİ Dövlət mükafatı laureatı Natalya Korolyova cə digərləri iştirak edib. Bu cür nüfuzlu şəxsləri bir araya toplanması məhz görkəmli şəxsiyyət Kərim Kərimovun keçdiyi həyat yolu və fəaliyyətinin nəticəsidir. Kərim Kərimov kosmonavtika sahəsinə verdiyi töhvələrə görə bu gün də Azərbaycandan çox uzaqlarda da tanınır və dərin ehtiramla xatırlanır. /anspress/

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar