Dövlət Komissiyası: Ermənistan qeyri-humanist simasını göstərir
30.12.2016 797 0.0 0

Dekabrın 29-da dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin qarşı tərəfdən alınması ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti beynəlxalq təşkilatlarla birlikdə müvafiq tədbirlər görülür.

 

Komissiyadan bildirilib ki, proseslə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək: “Bildiririk ki, baş vermiş hadisə zamanı Ermənistan tərəfi beynəlxalq humanitar hüquq normalarına hörmətsizlik nümayiş etdirdiyini bir daha əyani şəkildə göstərərək, döyüşdə həlak olmuş Azərbaycan hərbçisinin meyitinin fotolarını bu ölkəyə məxsus KİV-lərdə və sosial şəbəkələrdə yayıb. Azərbaycan xalqının, həlak olmuş əsgərin ünvanına təhqiramiz ifadələr işlədib. Bu hərəkətləri ilə Ermənistan tərəfi baş vermiş hadisədən yenidən öz çirkin niyyətləri üçün yararlanmağa cəhd edərək, qeyri-humanist simasını göstərib. Bu addım Ermənistanın da qoşulduğu 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərinin kobud şəkildə pozulmasıdır. Bildiririk ki, beynəlxalq hüquqa zidd olan bu hərəkətlərə görə, bütün məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşür”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar