Dollar kreditləri ilə bağlı yeni qərar
05.05.2016 674 0.0 0

Xarici valyutada olan istehlak kreditlərinin verilməsinin dayandırılmasına dair 04 aprel 2016-cı il tarixli qərar qüvvədə qalır. Məlumata görə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası 4 may 2016-cı il tarixində keçirilən növbəti iclasında sağlam borclanma və məsuliyyətli kreditləşməyə dair qərar qəbul edilib. Qərarda xarici və milli valyutada istehlak kreditlərinin verilməsi şərtləri və onlara dair yeni prudensial çərçivə öz əksini tapıb.

Bundan əlavə, daşınmaz əmlakın əldə edilməsi üçün xarici valyutada kreditlərin verilməsinə qadağa qoyulur.

Eyni zamanda, qərar valyutada borcalanların borc yükünün yüngülləşdirilməsi məqsədi ilə xarici valyutada mövcud kreditlərin sağlam kreditləşmə şərtləri ilə restrukturizasiyasını mümkün edir.

Bununla yanaşı, milli valyutada istehlak kreditlərinin verilməsi borcalanların borc yükünün izafi artmasının məhdudlaşdırılması əsasında aparılacaqdır. Bu məqsədlə borcalanların gəlirlərinin həcmindən asılı olaraq borc yükünün gəlirə nisbəti və kredit məbləğinin təminata nisbəti əmsallarının daxil edilməsi nəzərdə tutulur.

Qəbul edilmiş qərar 6 may 2016-cı il tarixindən qüvvəyə minir.

Eyni zamanda, bank sisteminin dayanıqlığının təmin olunması məqsədi ilə gələcəkdə banklara kredit risklərinin idarə edilməsində daha sərt prudensial çərçivənin tətbiq olunması üzrə də qərar qəbul edilmişdir. Bu zaman kapital buferinin möhkəmləndirilməsi və gözlənilən zərərlərə qarşı ehtiyatlanmanın mərhələli artırılması nəzərdə tutulur.

Aprelin 4-də Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının növbəti iclası keçirilib. İclasda xarici valyutada verilən istehlak kreditlərinin verilməsi sahəsində dərin və hərtərəfli təhlillərin aparılması, istehlakçıların hüquqlarının müdafiəsinin və maliyyə sabitliyinin təmin olunması üçün 1 ay ərzində tənzimləyici çərçivələrin müəyyən edilməsinə dair qərar qəbul edilib.

Bununla əlaqədar qərara alınıb ki, banklar tərəfindən əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsi aprelin 5-dən etibarən 1 ay müddətinə dayandırılsın və bu haqda müvafiq göstərişlər kredit təşkilatlarına göndərilsin. Palata bu müddətin uzadılması hüququnu öz üzərində saxlayır. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar