DİN: Oğurluğa görə tutulan futbolçu barədə yayılan məlumatlara münasibət bildirib
19.09.2017 618 0.0 0

Daxili İşlər Nazirliyi oğurluğa görə tutulan futbolçu Nicat Muxtarovun sərbəst buraxılması barədə yayılan məlumatlara münasibət bildirib.

 

Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib ki, sosial şəbəkələrdə və bəzi Kütləvi İnformasiya Vasitələrində Nicat Muxtarovun sərbəst buraxılması barədə yayılan informasiyalar həqiqəti əks etdirmir:

 

“Nicat Muxtarov barəsində Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Hazırda Nicat Muxtarov istintaq tərəfindən dindirilir və sonra məhkəmə onun barəsində qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxacaq. Nicat Muxtarovun polis İdarəsindən buraxılması barədə yayılan məlumatlar yalandır”.

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da və 15-də şəhər ərazisində telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev saxlanılıblar. Aparılan tədbirlərlə onların kabeli İnşaatçılar qəsəbə sakinləri Zaur Eyyubovun və Zaur İlyasovun işlədikləri metal qəbulu məntəqəsinə satmaları müəyyənləşib.

 

Oğurluğa görə tutulan N. Muxtarov "Sumqayıt" futbol klubunun üzvüdür.

 

Bu gün isə bəzi saytlar N. Muxtarovun sərbəst buraxılması barədə məlumat yayıb./apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar