
Daxili İşlər Nazirliyi (DİN) məhkəmə hakiminin atası Xəzri Həşim Əjdər oğlunun taksi sürücüsü tərəfindən döyüldükdən 3 ay sonra ölməsi ilə bağlı məsələyə münasibət bildirib.
DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, sözügedən hadisə ilə bağlı ilkin olaraq Cinayət Məcəlləsinin 126.1-ci( qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib: "Ekspertiza zamanı hadisənin Hüseynov Nicat Arif oğlunun zərərçəkmişə yetirdiyi xəsarət nəticəsində baş verdiyi təsdiq olunarsa, cinayət işi 126.3-ci (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəyə tövsif olunacaq".
Məlumata görə, 1957-ci il təvəllüdlü Xəzri Həşim Əjdər oğlu ötən ilin oktyabr ayının 20-də Binəqədi rayonu ərazisində özünə məxsus “Hyundai Santa Fe” markalı avtomobillə hərəkətdə olarkən qarşıdan gələn “Nissan Sanny” markalı avtomobilin sürücüsü Hüseynov Nicat Arif oğlu ilə aralarında bir-birinə yol verməmək üstündə mübahisə yaranıb. Taksi fəaliyyəti ilə məşğul olan N. Hüseynov mübahisə zamanı Xəzri Həşimi yumruq və təpiklə döyüb. Nəticədə Xəzri Həşim baş-beyin nahiyəsindən həyatı üçün təhlükəli olan xəsarətlər alıb. Hadisədən sonra şiddətli baş ağrıları olan zərərçəkmiş oktyabrın 24-də Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb. Kompüter tomoqrafiyasından (KT) keçirilən zaman beyində qanama ocağı aşkar edilib. O, həmin gün evə buraxılıb, lakin axşam baş ağrıları şiddətlənib. Həmin gün axşam Xəzri Həşimin vəziyyəti yenidən pisləşdiyi üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına qaytarılıb. O, xəstəxanaya çatdırıldıqdan sonra komaya düşüb. KT-dən keçirilən zaman beynində qansızma ocağının artması müəyyən edildiyi üçün əməliyyata götürülüb. Xəzri Həşim ötən il oktyabrın 24-dən noyabrın 6-a qədər Respublika Neyrocərrahiyyə Xəstəxanasında stasionar müalicə alsa da, səhhəti daha da ağırlaşıb.
Sonradan Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilən xəstə dekabrın 27-nə qədər orda müalicə olunub, lakin vəziyyətində irəliləyiş baş verməyib. Koma vəziyyətində olan xəstənin müalicəsinin həkim nəzarəti altında xüsusi şəraitdə evdə davam etdirilməsinə qərar verilib.
Xəzri Həşim bu il yanvarın 25-də vəfat edib.
Hadisəni törətməkdə təqsirləndirilən N. Hüseynov isə polis tərəfindən saxlanılıb, o, Cinayət Məcəlləsinin 126.1-ci ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib.
Xatırladaq ki, Xəzri Həşim Əjdər oğlu Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızının atasıdır./APA/