DİN-dən Sərxoş vətəndaşı suluyan polis haqda açıqlama
17.10.2016 821 0.0 0

 Daxili İşlər Nazirliyi (DİN) Bakıda polisin vətəndaşı sulamasını özündə əks etdirən video materialla bağlı araşdırma aparıb.
 
Nazirliyin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov
APA-nın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə videosu yayılmış həmin hadisə iki il əvvəl baş verib: “Polis əməkdaşının səkidə yatan bir nəfəri su ilə islatmasını əks etdirən video sosial şəbəkələrdə və bəzi xəbər saytlarında ictimailəşəndən sonra qısa bir araşdırma apardıq. Məlum oldu ki, videoda qeyd olunanlar dünənin-bu günün hadisəsi deyil, iki il əvvəl baş verib. Günün günorta vaxtı şəhərin mərkəzində səkidə uzanan insan isə evsiz deyil, spirtli içki düşkünü olan birisidi. O da müəyyən olundu ki, yatan sərxoşu islatmaqla ayıldan polis əməkdaşı da hazırda daxili işlər orqanlarında xidmət etmir, təxminən bir il bundan əvvəl, 2015-ci ilin dekabrından təqaüdə çıxarılıb.
 
Belə olan halda sual yaranır: iki il əvvəl xəlvəti qeydə alınan videonun bu gün yayılaraq ictimailəşdirilməsi hansı məqsədə xidmət edir? Bu videonu “şok görüntü” kimi tələm-tələsik öz səhifələrinə yerləşdirən saytlar nədən heç bir araşdırma aparmayıb? Görünür, ictimai asayişi uğurla təmin edən, cinayətkarlıqla mübarizədə barışmaz olan polis əməkdaşlarının gündən-günə artan nüfuzu kimlərinsə “kürkünə birə salır”. Onlar da internet istifadəçilərini aldadaraq illər əvvəl kol-kos dibində yatıb xəlvəti çəkdikləri videoları, fotoları bugünün reallığı kimi təqdim edirlər. Amma unudurlar ki, belə primitiv üsullarla Azərbaycan polisini nə vətənə və xalqa xidmətdən, nə də cinayətkarlıqla mübarizədən bir anda olsun yayındırmaq mümkün deyil”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar