DİLAVƏR ƏZİMLİDƏN CƏMİL HƏSƏNLİYƏ TARİX DƏRSİ
27.01.2015 1435 0.0 0

Son günlər sosial mediada ayrıseçkiliyə yönəlik  yazıların yaılması həm medianı həm də tarixçiləri bu istiqamətdə müəyyən açıqlamalar verməyə istiqamətləndirib.Bu gün öz feysbuk səhifəsidə bu məsələyə geniş şərh yazmış Tarixçi alim Dilavər Əzimlinin açıqlamasını aşağıda olduğu kimi diqqətinizə təqdim edirik.

Yanvarın 26-da "Yeni Müsavat" qəzetindən mənə telefon açıb bildirdilər ki, Talış xanlığı barədə nə deyərdiniz? Düzü təccübləndim. Bunu görüb əlavə etdilər ki, bəs Cəmil müəllim (Cəmil Həsənli) müsahibəsində Talış xanlığı ifadəsini işlədir. Bildirdim ki, bu xanlığın adı Lənkəran xanlığı olub. Bu xanlığın mərkəzi vaxtilə Astara şəhəri, sonra isə Lənkəran şəhəri olub. Lənkəran xanları Səfəvi nəslindən olub türksoyludurlar. Bütün mənbələrdə Lənkəran xanlığı kimi yazılır. Sonradan, XIX əsrin II yarısından Talış xanlığı kimi də qeyd olunur. Əslində, bunu ruslar qarşıdurma yaratmaq üçün ortaya atdılar. Çünki tarix boyu həmnin ərazilərdə etnik qarşıdurma olmayıb. Orada yaşayan türklər, talışlar həmişə bir xalq kimi yaşayıblar. Talış sözünün mənası da Zəki Vəlidi Toğana görəTalas sözündən gəlir və vahid Azərbaycan milləti olmadığı kimi, vahid Talış milləti də yoxdur. Həmin ərazilərdə oyratlar, dırığlar, bırığlar, zuvandlar və s. mehriban yaşayıblar. Bu ərazilər Azərbaycan Səfəvilər dövlətinin əsas ərazilərindən biri olmuşdur. Ən sadiq müridlər də buradan çıxmışdır. Hətta "Səfiətüs-səfa"da göstərilir ki, Şeyx Səfiəddinin yanına Talış vilayətindən gəngərlər tayfasından olan tayfa başçısı gəlmişdi. Göründüyü kimi söhbət gəngərlərdən gedir. M.F.Axundov da öz komediyasında yazır ki, "Sərgüzəşti-vəziri-xani-Lənkəran". Bu onu göstərir ki, bu ərazilərdə türklər və farsdillilər həmişə mehriban yaşamışlar. Ümumiyyətlə, tarixdə türk-fars qarşıdurması yoxdur. Bu mənada bölgədə türklər və talışlar həmişə mehriban yaşamışlar. Bir daha qeyd edək ki, Talış sözü coğrafi anlam bildirir. Azərbaycanın əsas bölgələrindən olmuşdur. Azərbaycanın bütövlüyü uğrunda daim mübarizə aparmışlar. Azərbaycanın müstəqilliyi uğrunda döyüşmüşlər. Dağlıq Qarabağda yüzlərlə şəhid vermişlər. Vaxtilə Rusiya talış kartından istifadə etməyə çalışdı. Ona görə də Lənkəran xanlığını Talış xanlığına əvəz etdi. Əslində, bunun nə fərqi var? Amma görünür ki, onlar üçün fərqi vardır. Onlar bizim bölgəni qarışdırmaq üçün bu cür planlar həyata keçirirlər. Ötən əsrin 70-ci illərində Murad Acının "Vokruq sveta" jurnalında "Dillən talış" məqaləsi çıxmışdı. Məqalə sifariş əsasında yazılmışdı. Ötən əsrin 90-cı illərində Moskva yenidən bu kartı işə saldı. Lakin qarşısı alındı. Təcrübəli mərhum Heydər Əliyev ustalıqla bunun qarşısını ala bildi. Bu tarixi elə-belə xatırlatmadım. Söhbət ondan gedir ki, istər Moskva, istərsə Qərb, istərsə də ABŞ vaxtaşırı bu karta müraciət edə bilər....
Nə isə...."Yeni Müsavat" qəzetinə kişik müsahibədən sonra facebook səhifəmə daxil oldum. Gördüm ki, hörmət bəslədiyim Cəmil Həsənli və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudlunun müsahibələrini dostlar mənə atıblar. Oxuduqdan sonra müəllimim Cəmil bəyin söylədiklərinə heyrət etdim. Cəmil müəllim XIX-XX əsr tarixini çox yaxşı bilir. Onda necə olur ki, bu xanlğı Talış xanlığı şəklində təqdim edir. Düzü, təəccüb etdim. Evdə Cəmil müəllimin adını çəkdiyi "Azərbaycan tarixi. Ata yurdu" adlı kitaba baxdım. Orada Şəki xanlığının, Şuşa-Qarabağ xanlığının və İrəvan xanlığının adına rast gəldim. Şəki xanlığına Azərbaycan dövlətçiliyinin bərpası məsələsinə görə toxunulub. Şuşa-Qarabağ xanlığına toxunulması isə xüsusilə vacibdir. İrəvan xanlığına isə sual ola bilməz. Bu daha vacibdir. Qalanlarına isə ümumi şəkildə toxunulmuş və Rusiya tərəfindən işğal olunduqları qeyd edilmişdir. Bunun ardınca Yaqub Mahmudlunun münasibətini oxudum. Yaqub müəllim də bildirir ki, hazırda orta məktəblərdə "Azərbaycan tarixi. Ata yurdu" dərsliyindən istifadə olunmur. Azərbaycanın tarixini, türklərin tarixini təhrif etmək istəyənlər istəklərinə nail oldular. Mən bu gün də hesab edirəm ki, orta məktəblərdə "Azərbaycan tarixi. Ata yurdu" fənni keçirilməlidir. Qaldı ki, Cəmil Həsənlinin Talış xanlığı ilə bağlı iddialarına, demək istəyirəm ki, Azərbaycanda Talış xanlığı olmayıb, Lənkəran xanlığı olub. Lənkəran xanlığı Səfəvi dövlətinin bir qolu olub və əsl Azərbaycan türk xanlığıdır. Lənkəran xanları Səfəvi nəslindən olublar, türk olublar". Əslində, düzgün tarixi mövqedir. Bunu da qeyd edim ki, "Azərbaycan tarixi. Ata yurdu" kitabı çapdan çıxandan sonra İran hökuməti nota vermişdi. Bir məsələ barədə də yazmağı vacib sayıram. Bir zamanlar mən İran İslam Respublikasının Bakıdakı Mədəniyyət mərkəzində fars dilini öyrənirdim. Oranın mətbuat katibi ilə münasibətlərim yaxşı idi. O, mənə dedi ki, sənə bir ricam vardır. Dedim ki, buyur. Dedi ki, mənə fars dilini bilən bir tarixçi lazımdır. Dostuma kimsə demişdi ki, guya mən türk deyiləm. Ona görə də məndən xahiş edirdi. Dedim ki, neynirsən? Mənə "Azərbaycan tarixi. Ata yurdu"nu göstərdi. Dedi ki, bunu tərcümə edəcəkdir. Yəni, fars dilinə. Dedim ki, nəyinizə lazımdır. Özünüz İranda edin də.... Dedi ki, İran tarixçiləri sizin kimi edə bilməzlər. Çünki burada yazılıb və elə terminlər var ki, onlar bilmirlər. Daha da maraqlandım. Dedi ki, bunu Tehrandan tapşırıblar. Deyirlər ki, bu kitab çox qorxulu kitabdır. Çoxlu pul vəd edirlər.Orada İranla bağlı hissələrlə ciddi maraqlanırlar. Sonra da əlavə etdi ki, üstündə olan Bütöv Azərbaycan xəritəsi Tehranda böyük səs-küyə səbəb olub. Söhbətimizin sonunda ona dedim ki, ünvanı səhv salmısan. Mən bir türkəm və ən böyük amalım da Bütöv Azərbaycan uğrunda mübarizədir. Bundan sonra dostluğumuza son qoyuldu.
İndi yuxarıda haqqında söhbət açdığığım müsahibələri oxuyandan sonra sonra hər bir şey mənə yenidən aydin oldu. Babək, Şah Xətai diskussiyaları bitmədən indi də bu məsələ qabardıldı. Yəqin ki, mətbuat bunu bir az da şişirdəcəkdir. Axşam yenidən facebook-a girdim. Dostum Elmar Həsənov mənə bir link atmışdı. Linki açdım və dəhşətə gəldim. Talış "millətçiləri" Yaqub müəllimin adından danışaraq bir videoçarx təqdim ediblər. Əslində, Cəmil müəllimin yanaşması öz təsirini göstərdi. Onun münasibətinə etiraz edən Yaqub müəllim "atəşə" tutulur. Yəqin ki, mənə qarşı da hücuma keçəcəklər. Dostlar, Azərbaycanda Rusiyanın, Qərbin və ABŞ-ın ciddi oyunları gedir. Bunlardan biri də etnik zəmində toqquşmaya aparmaqdır. Bu gün Moskva tərəfindən maliyyələşdirilən nə qədər Əlikram Hümbətov kimilər vardır. Eyni zamanda, ABŞ və Qərb tərəfindən maliyyələşdirilən və onların oyunlarını həyata keçirən türklər vardır. Bu məsələ onların xeyrinə işlədi. Biz nə etməliyik? Bunun qarşısına çıxmaq lazımdır. Biz bəyan edirik ki, Bütöv Azərbaycan uğrunda mübarizə aparırıq. Azərbaycan bütövləşəndə talış da, ləzgi də, kürd də, avar da və digərləri də bütövləşir. Burada yaşayan çoxsaylı türklərdir. Amma türklər həmişə o biri xalqlarla çiyin-çiyinə min illərdir ki, yaşayırlar. Dərdimiz və sevincimiz bir olmuşdur. Azərbaycan dövləti hamımızındır. Lənkəran xanlarının türk olması kmlərisə niyə qıcıqlandırır? O zamanın xanları hamısı Səfəvi ailəsindən çıxmışlar. Səfəvilərin türk olması birmənalıdır. Amma hamınız onları öz babalarınız kimi qəbul edirsiniz. Şah Xətai ilə bağlı Fazil Mustafa ilə debata çıxdığım zaman məni daha çox astaralı, lənkəranlı və leriklilər müdafiə etdilər. Onların çoxu talışlar idi. Babəklə bağlı veriliş gedəndə Lənkərandan olan talış dostlarım narazılıqlarını ifadə etdilər. Yaqub müəllim deyir ki, xanlar türk idilər. Demir ki, talışlar bu xanlığın işində iştirk etmirdilər. Təbii ki, edirdilər. Yaqub müəllim də geniş müsahibədə bunu deyərdi.
Dəyərli dostlar, mən də millətçiyəm, amma əvvəlcə milliyyətçiyəm. Azərbaycanda olan bütün xalqları sevirəm. Görkəmli şəxsiyyət M.Ə.Rəsulzadə də Azərbaycanı belə görürdü. Milliyyətçi idi. Bu mənada Bütöv Azərbaycançı idi. Gəlin bu məsələdə bir yerdə olaq. O cür videoçarx düzəldənləri ittiham edək. Bizim dövlətimiz günü-gündən güclənir. Buna görə də hücumlar artır. Bizim birliyimiz dövlətimizin birliyidir. Dövlət, Torpaq, Vətən, Millət iqtidarlar məsələsinə girmir. Bunalar müqəddəs atrubutlardır. Onları qoruyub gələcək nəsillərə təhvil vermək bizim müqəddəs borcumuzdur!


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar